Ru
16:58 / 15 Aprel 2026

Orban getdi: Macarıstan türk dünyası ilə necə davranacaq?

Orban getdi: Macarıstan türk dünyası ilə necə davranacaq?
Eye

Macarıstanda ötən bazar günü baş verən seçkinin nəticələri birmənalı şəkildə göstərir ki, bu ölkə öz xarici siyasətində əsaslı dəyişikliklərə gedəcək. Seçkilərin qalibi Peter Madyar Ukraynanın haqq işini dəstəklədiyini bəyan edib. Həmçinin, bildirib ki, Orbandan fərqli olaraq, Avropa Birliyinin (AB) Kiyevə yardımla bağlı dəstəyinə əngəl olmayacaq.

Qeyd edək ki, Macarıstan Orban iqtidarı dövründə türkdilli dövlətlərlə də sıx əlaqələrə malik idi. Budapeşt Türkdilli Dövlətlər Təşkilatında (TDT) müşahidəçi statusu ilə təmsil olunurdu. Orban özü dəfələrlə türkdilli dövlətlərə səfərlər edib. Budapeştlə Bakı arasında münasibətlər də daim inkişaf edirdi. Azərbaycan Macarıstanın enerjiyə olan tələbatının ödənilməsində əsas tərəfdaşlardan biri idi.

İndi isə bu ölkədə hakimiyyətə Orbanın yürütdüyü siyasətin tamamilə əksinə gedən qüvvələr gəlib.

Siyasi şərhçi Aydın Quliyev Bakupost.az-a bildirib ki, mövcud vəziyyətdə Macarıstanın xarici siyasətinin bütün əsas istiqamətlərində keyfiyyətcə yeni dəyişikliklər baş verəcək:

“Macarıstanda Orban hakimiyyətinin yürütdüyü xarici siyasət nəticəsində onun dostları ilə bərabər, saysız-hesabsız rəqib və düşmənləri də meydana çıxmışdı. Orbanla bağlı olaraq sonuncu seçkidə çoxsaylı böyük qüvvələr də fəaliyyətə keçmişdi. ABŞ, Rusiya, Slovakiya, Belarus açıq şəkildə Orbanın hakimiyyətdə qalmasına çalışırdı. Avropa Birliyi isə onun məğlubiyyətində maraqlı idi və sonda onlar buna nail oldular. Bu da onu göstərir ki, Orban hakimiyyətinin dəyişdirilməsinin arxasında ölkənin xarici siyasət kursunun dəyişdirilməsi planı dayanırdı”.

Həmsöhbətimiz düşünür ki, yeni hakimiyyətin dövründə Budapeştin AB, Ukrayna və Türk dövlətlərilə münasibətlərində bu və ya digər dərəcədə müəyyən dəyişikliklər olacaq:

“Həmin dəyişikliyin hansı səviyyədə özünü göstərəcəyi isə gələcəyin işidir. Hər halda böyük ehtimalla Budapeşt həm TDT, həm də AB ilə münasibətlərində əsaslı dəyişikliklər edəcək”.

Budapeştin Bakıya münasibətlərinə gəldikdə, ekspert bu yöndə koordinal dəyişikliyin olacağını gözləmir. Onun fikrincə, münasibətlər normal olaraq qalacaq:

“Yeni hakimiyyət öz siyasətini Brüssellə razılaşdırmış olsa belə, yenə də Azərbaycana münasibəti pisləşməyəcək. Çünki rəsmi Brüsselin özü belə Bakı ilə yaxşı münasibətlərdədir. Oynadığı mühüm enerji roluna görə Azərbaycan AB-nin nəzərində mühüm statusa malikdir. Belə şəraitdə Macarıstanda hakimiyyət dəyişikliyi olsa da, bu ölkənin Bakıya münasibəti olduğu kimi qalacaq. Macarıstan özü Azərbaycanla əməkdaşlıqdan fayda götürür. Azərbaycandan neft və qaz alır. Yeni Macarıstan hakimiyyəti də Azərbaycanla münasibətlərdə əvvəlki faydalı kursu davam etdirsə, nəticələri daha böyük olacaq”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar