Ru
13:48 / 14 Noyabr 2025

Ət, yağ, yumurta, süd məhsulları – Ötən ay bahalaşanlar

Ət, yağ, yumurta, süd məhsulları – Ötən ay bahalaşanlar
Eye

2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin oktyabr ayına nisbətən 105,9 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 108,2 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib.

Bakupost.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2025-ci ilin oktyabrında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil edib.

2025-ci ilin oktyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,9 faiz təşkil edib.

Bu ilin oktyabrında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal və qoyun ətinin, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, yumurtanın, ayranın, kəsmiyin, pendirin, kərə yağının, bananın, armudun, fındığın, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yerkökünün, kartofun, şokolad məmulatlarının, qara və yaşıl çayın, ucuzlaşma isə limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, üzümün, kivinin, qozun, şabalıdın, göyərtinin, balqabağın, sarımsağın, soğanın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin oktyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz təşkil edib. Oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma geyimlərin, şəxsi gigiyena və zərgərlik məmulatlarının, ucuzlaşma isə yuyucu və təmizləyici vasitələrin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,6 faiz təşkil edib. Oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin kirayəyə verilməsi, metro, taksi, şəhər və şəhərətrafı avtobus nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar