Ru
16:45 / 23 İyul 2026

Özgür Özel yeni partiya yaradır: Türkiyəni nə gözləyir?

Özgür Özel yeni partiya yaradır: Türkiyəni nə gözləyir?
Eye

Türkiyənin müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Özgür Özel yeni partiyanın yaradıldığını elan edib.

Bakupost.az xəbər verir ki, Özel partiyanın rəsmi təsis olunmasından əvvəl seçilmiş əyalət şöbələrinin rəhbərləri, Partiya Şurasının (PM) üzvləri və Mərkəzi İcraiyyə Komitəsi (MİK) ilə məsləhətləşmələr aparacağını söyləyib.

Amma siyasətçi yeni partiyanın adını, loqosunu və ya qeydiyyat tarixini hələlik açıqlamayıb.

Türkiyə mediasının məlumatına görə, Özelin açıqlamasından sonrakı ilk saat ərzində 387.000 nəfər CHP-dən istefa verib. Çanaqqala meri Muharrem Erek yeni təşkilata qoşulan ilk bələdiyyə başçısı olub.

Görəsən, yeni yaradılacaq partiyanı növbəti seçkilərdə hansı şans gözləyir?

Siyasi şərhçi Vüqar Ziferoğlu Bakupost.az-a bildirib ki, Özgür Özelin yeni siyasi partiya yaratmaq qərarı Türkiyə müxalifəti üçün son illərin ən mühüm siyasi hadisələrindən biridir:

“Bu addım CHP daxilində baş verən liderlik böhranının və məhkəmə qərarları ilə yaranmış siyasi gərginliyin nəticəsidir. "Reuters", AP və digər beynəlxalq mənbələrin məlumatına görə, Özel yeni partiyanı həm CHP-dən ayrılan siyasətçilərlə, həm də daha geniş müxalif düşərgəni birləşdirmək məqsədilə formalaşdıracağını bəyan edib.

Habelə, 387 min nəfərin CHP üzvlüyündən istefa verməsi barədə məlumat isə Türkiyə mediasında geniş yayılıb. Lakin bu rəqəmin hələlik rəsmi seçki və ya dövlət qurumları tərəfindən tam təsdiqləndiyi barədə məlumat yoxdur. Ona görə də buna ehtiyatla yanaşmaq lazımdır”.

Müsahibimizin fikrincə, Özgür Özelin yeni statusda uğuru üç əsas amildən asılı olacaq:

“Birincisi, CHP elektoratının nə qədər hissəsinin onun arxasınca gedəcəyidir. Əgər CHP-nin yerli təşkilatlarının, bələdiyyə rəhbərlərinin və millət vəkillərinin əhəmiyyətli hissəsi yeni partiyaya qoşularsa, bu siyasi qurum qısa müddətdə parlamentdə əsas müxalifət qüvvəsinə çevriləcək. Hazırda belə bir ssenarinin mümkün olduğu barədə qiymətləndirmələr mövcuddur.
İkincisi amil ekspertə görə, Əkrəm İmamoğlu amilidir:

“Türkiyə müxalifətinin ən populyar simalarından biri olan İmamoğlu ilə siyasi koordinasiya qorunarsa, Özelin yaratdığı partiyanın cəmiyyətə təsiri xeyli arta bilər. Əks halda müxalifətin parçalanması seçici bazasını zəiflədə bilər”.

V. Ziferoğlu deyir ki, qısamüddətli perspektivdə ana müxalifətdəki parçalanma AKP-yə sərf edir:

“Üçüncü amil seçki sistemidir. Türkiyədə müxalifətin parçalanması hakimiyyət üçün müəyyən üstünlüklər yarada bilər. Yeni partiya yüksək səs toplasa belə, müxalifət blokunun vahid namizəd və vahid strategiya ilə çıxış etməməsi hakim AK Partiyanın mövqeyini gücləndirəcək. Bu səbəbdən bir çox analitik hesab edir ki, parçalanma qısamüddətli perspektivdə AKP-nin siyasi mövqeyinə sərf edir”.

Reytinq məsələsinə gəldikdə həmsöhbətimiz hesab edir ki, qısamüddətli dövrdə Özgür Özelin şəxsi populyarlığı artacaq:
“Bu ehtimal yüksəkdir. O, son illərdə CHP-nin seçki uğurlarının əsas simalarından biri kimi qəbul edilir və yeni siyasi hərəkat "dəyişiklik" istəyən seçiciləri cəlb edə bilər”.

Amma siyasi şərhçi düşünür ki, uzunmüddətli perspektivdə Özelin populyarlığının davam etməsi yalnız yeni partiyanın təşkilatlanma sürətindən, proqramından və müxalifətin digər qüvvələri ilə əməkdaşlıq modelindən asılı olacaq:

“Əgər yeni partiya CHP-ni tam əvəz edə bilməsə və müxalifət səslərini parçalayarsa, bu addım Özelin siyasi reytinqinin tədricən zəifləməsinə də səbəb olacaq. Əksinə, CHP-nin ənənəvi elektoratını və tərəddüd edən mərkəzçi seçiciləri öz ətrafında birləşdirə bilsə, o, 2028-ci il seçkilərinə qədər Türkiyənin əsas müxalifət lideri statusunu daha da möhkəmləndirə bilər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar