15:26 / 20 May 2021

PA-dan 50 min rüşvət göndərmişdilər; 75 əsr yaşamışam - VİDEO

2916
Yaşının neçə olması əhəmiyyətli deyil: bəzən böyük sözünə çox ciddi ehtiyacın yaranır. Sadəcə eşitmək istəyirsən, dinləmək, öyrənmək istəyirsən – sabahı təsəvvür etmək üçün, birigünü görmək üçün... Ekstrasenslərə olan maraq da burdan gəlir. Amma böyüyün, ağsaqqalın təcrübəsi ayrıdır, duyumu fərqlidir, şairin “qeybdən xəbər verməsi” vergidəndir, Allaha yavuqluqdandır; öngörüsü kosmik informasiyasındandır...

Bu adam - ölkənin yaxın tarixinin birbaşa ömründən keçdiyi şəxsdirsə, bu tarixin iştirakçısı və bir çox hallarda yazanıdırsa, müstəqillik illərinin bütün anlarında, bütün təbəddülatlarında bu “an”ları anbaan yaşayıbsa, Hərəkatında, Müstəqillik Aktında imzası varsa, hökumətdə yer alıbsa, dünyanı dolaşıb siyasi oyunları, labirintləri, torları, beyin mərkəzlərinin xalqlar üçün tələlərini öz gözləri ilə görübsə, onda ona ehtiyac daha çox olur.

Çox tez-tez gənclərlə söhbətləşirəm və görürəm, onlar yaxın tariximizi bilmədikləri kimi, bu tarixi yaradanlardan da xəbərsizdirlər. Və təəssüflənirəm: axı biz Vətəni sevməyi də, ana dilinə eşqi də, Vətənin mənəvi sərhədlərini – Altaydan Ön Asiyaya qədər – təsəvvür etməyi də onlardan öyrənmişik. Bəs, siz hardan öyrənmisiniz və ümumiyyətlə, öyrənmisinizmi?

Bu dediklərimə görə xeyli müddət idi Sabir Rüstəmxanlı ilə bir rahat söhbətə getmək istəyirdim. Söhbətə yox, onu dinləməyə...

Bu adamların bütün danışıqları kitabdır, bütün sözləri tarixdir, bütün ifadələri həyatdır: yaxşıca dinlə, öyrən - vallah lazımınız olacaq, billah həyatda əlinizdən tutacaq...

75 illik yubileyi bəhanə oldu – getdik və kameralar önündə tam 2,5 saatlıq söhbət etdi bizə. Bitmədi, o zamanın necə dolduğunu bilmədik; hələ çox söhbətləri qaldı ki, onlar mütləq yazılmalıdır, gənclərə buraxılmalıdır – içində ilk dəfə eşitdiyimiz faktlar da var, nəticə çıxarılası hadisələr də...

Sağ olsun o söhbətdən yarım saatlıq material hazırlayan rejissor-redaktor, istədilər ki, daha yığcam olsun, vaxta qənaət edəsiniz...

Lənətə gəlsin indiki əsrin “zamansızlığını”, yoxsa saatların hamısını təqdim edərdilər, onda görərdiniz ki...

Tamam fərqli bir şey nəzərdə tutmuşdum, o söhbətdən aldığım təəssüratı yazacaqdım. Sizə təqdim olunacaq hazır materiala baxdım və düşündüm ki, təəssürat qalsın sonraya, indisə o söhbəti tam duymağınız üçün kadrdan kənarda qalan, lentə düşməyən, kameraların yaddaşa ala bilmədiyindən danışım, videoya baxanda onların yerini özünü tapacaqsınız.

Dedi: 75 yaşımın ən böyük hədiyyəsi Qarabağın alınmasıdır.

60-cı illərdə SSRİ-nin dağılacağına inanan, müstəqillik duyğularını körükləməyə girişən nəslin simasıdır Sabir Rüstəmxanlı.

Aradan 30 il keçmədi ki, heç kəsin təsəvvür etmədiyi hadisə baş verdi – SSRİ dağıldı və o nəslin nümayəndələrindən biri kimi Sabir Rüstəmxanlı Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən oldu.

Bir dəfə demişdim. Ki, Sabir Rüstəmxanlının ordakı imzası yalnız öz imzası deyil – həm də Mikayıl Müşfiqin, Almaz İldırımın, Əhməd Ağoğlunun, Hüseyn Cavidin və... və... və... imzasıdır.

Bir şair ömrü üçün çox xoşbəxt tarixdir.
80-ci illərin sonunda Qarabağ üçün savaşa qalxırsan, Qarabağ işğal olunur...

Tam 11 il şairlə az qala hər gün ünsiyyətimiz olub və bircə dəfə də olsun Qarabağın qaytarılacağına şübhə etdiyini görməmişəm.

Budur, 30 il keçmir ki, onun azadlığını görür.
Bir şair ömrü üçün xoşbəxtlikdir.

Əlbəttə ki, dərhal soruşuram: bəs, yaxın 30 il üçün Azərbaycanın müstəqilliyi, Qarabağın qaytarılacağı qədər, nəyə inanır? Yaxın 30 ilimizin öngörüsü nədir?
Bu sualın cavabı videoda var – baxarsınız.

- Mən 75 yaşı təsəvvür etmirəm. O yaşın arzusu varmı? O yaşda adam nəyi arzulayır?

Dedi: Mənim arzularım dövlətim üçündür, millətim üçündür. Çünki dövlət və millətə arzular birbaşa hər birimizin şəxsi həyatında özünü göstərir.

Bədbəxt millətin, zəif dövlətin xoşbəxt vətəndaşı, xoşbəxt şairi, xoşbəxt ziyalısı olmur! Bunu sadəcə dərk etmək lazımdır və əmin olun ki, Sabir Rüstəmxanlı bunu bilir, ona görə arzusu xalqı, Vətəni üçündür!

İlham Əliyevdən danışdıq.
Dedi: Türklər minillik tarixləri ərzində yalnız Seçilmiş gələndə güclü, qüdrətli olublar, torpaqlarına qayıdıblar, daxildəki bütün problemlər həll olunub, xalq bütövləşib!

Dedi: Ötən ilin Qarabağ müharibəsi zamanı İlham Əliyev həm komandan kimi möhtəşəm idi, həm də şəxsən özü Ordu idi, təkbaşına Ordu: Ordu kimi vuruşurdu, xalqa müraciətlərində elə sözlər seçir, elə sevgi göstərir, elə ürək qoyurdu ki! Bütöv xalqı Orduya, Yumruğa çevirməyi bacarmışdı.

Dedi, bu, Seçilmişlikdir, sıradan hadisə deyil...

Bunu bilirsinizmi kim deyir? 42 yaşında bir işarəsi ilə milyonları idarə edən arator, natiq, dünyaya meydan oxuyan SSRİ-yə gəncliyindən meydan oxuyan şair!

Liderimiz Seçilmişdir! Bəs, daxili problemlər də var axı – rüşvətindən tutmuş yerində olmayan kadrlara qədər. Bunun səbəbi nədir?

Dedi... – videoda var, bəzilərini görəcəksiniz.

Kadrlardan kənarda qalanların bir qismi isə budur:

- Bəlkə, bizim materialımızdadır problem? Xaricdə təhsil alan gəlir – özünü doğrultmur, gənc gəlir – özünü doğrultmur. Kimə vəzifə verir, ancaq yığmaqla məşğul olur, talançıya çevrilir - əlbəttə, hamıya aid deyil, amma əksərə aiddir. Axı, Elçibəy də, Heydər Əliyev də bu hallardan şikayətlənmişdi ki, kimə vəzifə verirsənsə...

Bu suallarımıza maraqlı faktlarla cavab verdi, Heydər Əliyevin bu sözlərini ilk dəfə dedi: “Mən sizinlə işləməyə gəlmişdim. Vəzifələrinizi dondurub qaçdınız, mən də məcbur olub kompartiyadan tanıdığım, sonradan mənə xəyanət edənlərlə işlədim. Nə etməliydim ki?”

Sabir bəy ilk dəfə “Heydər Əliyevə siyasi, canlı meyit” deyən şəxsin də uzun müddət yüksək vəzifədə olduğunu ad çəkmədən xatırlatdı.

Dəqiq xatirimdədir: 1989-cu ildə, rus nəşrinə müsahibəsində demişdi həmin şəxs o sözü. Adını çəkmədi Sabir bəy, ona görə burda mən də adını çəkməyəcəm.

Dedi: 1995-ci ilə qədər mətbuat və informasiya naziri kimi Bakıdakı kitabxanaları qorudum, Prezident Administrasiyasından göndərilən 50 min dollar rüşvəti (1994-cü ildə 50 min dolların nə yekəlikdə pul olduğunu indi təsəvvür etmək çətindir) geri çevirdim. Ancaq mən gedəndən sonra Heydər Əliyevin qurduğu abidələri öz komandası satıb-dağıtdı.

Dedi: Vəzifədən getmək istəyəndə Heydər Əliyevlə görüşdüm, qalmağımı istədi. Dedim, deputat seçilmişəm və orda fəaliyyət göstərmək istəyirəm. Birtəhər razılığını aldım və vəzifədən getdim.

- Bəs, axı siz qoruyurdunuz kitabxanaları, dili, tarixi, abidələri. Bilmirdinizmi siz gedəndən sonra dağıdacaqlar. Bir halda ki, Prezident özü sizə qal deyir, niyə gedirdiniz?

Dedi: Heydər Əliyevə də dedim ki, indi qal deyirsiniz, ancaq yanınıza girib-çıxanlar o qədər dalımca danışıb, mənfi rəy yaradacaqlar ki, sonra özünüz çıxaracaqsınız.

- Eybi yox, sona qədər qalardınız, əvəzində indi bu suala cavab olaraq “mənlik olmadı” deyərdiniz.
Heç nə demədi.

- Bəlkə, bu cür insanlar qalmadığı, vəzifədən getdiyi üçün Seçilmişlərimiz belə “obirilərlə” işləməyə məcbur olur? Axı, təmizlər kənara çəkilirsə, başqa necə olmalıdır?

Dedi... – bunun cavabı videoda saxlanılıb, baxarsınız.

Yəqin çoxları bilmir ki, Sabir Rüstəmxanlı riyaziyyatı mükəmməl bilib və uşaqlıqda müəllimlərini mat qoyan məsələlər, tənliklər düzəldirmiş. 13-14 yaşında yazdığı məktublarda da dünyanın məşhur riyaziyyatçısı olacağını, Vətənə riyaziyyatçı kimi xidmət edəcəyini yazırmış.

Ona görə də maraqlıdır: görəsən, bu yaşda necə düşünür – riyaziyyatçı kimi daha yaxşı xidmət edə bilərdi, yoxsa şair-publisist-nasir kimi xidmətləri daha əhatəlidir?

Gözləmədiyim, doğrusu, təəccübləndiyim cavab aldım. Dedi, hələ də tərəddüd edirəm – bəlkə də riyaziyyatçı kimi...

Və çox maraqlı bir əhvalat danışdı. Uşaq vaxtı qonşularına bir falçı gəlir, anası (Sabir bəy Ağanaz anaya “bacı” deyirdi) ora gedəndə böyük oğlunu – Sabiri də özünə həyan aparır. İçəri girəndən falçı bir neçə dəfə Sabirə baxır və aradan bir müddət keçəndən sonra qəfil onu göstərərək deyir ki, bu uşaqdan muğayat olun, böyük adam olacaq, həm də çörəyi həmişə qələmindən çıxacaq.

Dedi: Bəlkə həyatımı doğrudan da görübmüş, bəlkə də bu söz həyatımı dəyişdi. O vaxt heç bilmirdim “çörəyi qələmdən çıxmaq” nə deməkdir. Ancaq bu söz beynimə həkk olundu və mən həyatım boyu qələmdən möhkəm yapışdım...

Daha nələrdən danışmadı ki! 2,5 saatın söhbətini, kadrarxası danışıqları, o sözlərin ifadəsindəki jestlərin yaratdığı təsəvvürü və istiqaməti yazıb-bitirməkmi olar?!

Zaman-zaman yəqin ki, ifadə olunacaq bunlar. Ola bilsin bəzilərində heç Sabir bəyin sözü olduğunu unudub yazmayacağıq; ola bilsin ki, bəzilərinin əsl sahibini unudub, “doğal sözümüz” zənn edib, tirajlayacağıq – azmı olub ki, Sabir Rüstəmxanlının ideya və fikirləri sonradan başqalarının siyasi-ideoloji fəlsəfəsinin mahiyyəti kimi təqdim edilsin?!

Ancaq kimin ifadə etməsinin fərqi yox, o Sözlərin arxasından mütləq Sabir Rüstəmxanlının Özü hər zaman boylanacaq.

Çünki Sabir Rüstəmxanlı bir işıqdır, abidədir, tarixdir, sözün bütün mənalarında böyükdür, ağsaqqaldır və onu mütləq öyrənməlisiniz – vallah da, billah da, özünüzə görə, taleyinizə görə lazımdır: Sizə köməkdir, dəstəkdir belə insanlar.

Xalqın sözüdür, xalqın gözüdür, xalqın özüdür belə adamlar.
Nə qədər əllərində qələmləri var – oxuyaq!
Nə qədər deməyə sözləri var – dinləyək!
Nə qədər vardırlar – bu qənimətlərimizlə fəxr edək...

Anar Niftəliyev



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər