Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ardınca ölkənin üçüncü prezidenti Serj Sarkisyana qarşı da ittiham irəli sürülüb.
Hazırda Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsindədir.
“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, binaya daxil olarkən Sarkisyan çağırılmasının səbəbini bilmədiyini deyib.
Qeyd edək ki, Baş Prokurorluğun Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı cinayət təqibinin başlanması barədə açıqlamasında Serj Sarkisyana qarşı da cinayət təqibinə başlanıldığı bildirilib.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, Robert Koçaryana qarşı başlanmış cinayət işi çərçivəsində keçmiş prezident Serj Sarkisyana da ittiham irəli sürülüb.
O, 18 aprel 2003-cü ildə qəbul edilmiş Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur. Bu maddə hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə uyğundur və vəzifəli şəxs tərəfindən hakimiyyətdən və ya vəzifə səlahiyyətlərindən sui-istifadə, bu səlahiyyətlərdən irəli gələn təsirdən istifadə, yaxud səlahiyyət həddini aşmanı nəzərdə tutur.
Rüfət Sultan,
BakuPost