Ru
17:48 / 15 İyun 2026

Paşinyan revanşistləri hədəfə alıb: Növbədə II Qaregindir

Paşinyan revanşistləri hədəfə alıb: Növbədə II Qaregindir
Eye

Ermənistanda seçkilər bitsə də, iqtidarla revanşist qüvvələrdən ibarət müxalifət arasında çəkişmə yeni-yeni alovlanmağa başlayır.

Belə ki, baş nazir Nikol Paşinyan sosial mediada yayımladığı videomüraciətdə üç müxalifət qüvvəsinin -rusiyalı milyarder Samvel Karapetyan, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və iş adamı Qaqik Tsarukyanın "sındırılacağını" bildirib. Paşinyan həmin “liderlərə” ölkədən qaçmağa imkan verməyəcəyini deyib.

Həqiqətən də, iyunun 9-da Tsarukyanın, 14-də isə Robert Koçaryanın ölkədən qaçmaq cəhdlərinin qarşısı alınıb.
Paşinyan həmçinin qeyd edib ki, xalq bu “üçbaşlı mafiya”nın diz üstə çökdürülməsi və məhv edilməsini tələb edir və bu mütləq baş verəcək.

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Bakupost.az-a bildirib ki, Paşinyan Koçaryan, Karapetyan və Tsarukyanı öz hakimiyyəti üçün ən böyük təhlükə hesab edir:

“Bu qüvvələr Ermənistanı yenidən Rusiyanın təsiri altına qaytarmağa çalışırlar. O mənada Paşinyanın həmin 3 şəxslə bağlı açıqlaması əslində elə Rusiyaya qarşı mübarizənin bir formasıdır”.

Q. Əlibəyli tam əmindir ki, Paşinyan sözügedən 3 şəxsə qarşı sözün həqiqi mənasında daha sərt addımlara keçəcək:

“Seçkiqabağı prosesdə Paşinyan radikal müxalifətin həmin nümayəndələrini həbs edib, sonradan buraxsa da, seçkidən sonra dediyinə əməl etməklə, həmin şəxslərə qarşı daha sərt addımlar atacaq. Çünki artıq hakimiyyətinə təhlükə daxili amillə bağlıdır. Ona görə də Paşinyan seçkidən sonra həmin adamlara qarşı daha sərt mövqedən çıxış edir”.

Paşinyanın mövcud addımlar fonunda Rusiyanın kəskin qəzəbinə tuş gələcəyinə gəldikdə, həmsöhbətimiz bunu istisna edir:
“Seçkilər göstərdi ki, Rusiya bacarmadı, Moldovanın ardınca Ermənistanda da uduzdu. Rusiya bundan sonra ancaq parlament daxili mübarizəyə köklənəcək ki, Paşinyanın addımlarını bu və ya digər formada tormozlamağa çalışsın”.

Müsahibimiz 3 revanşist liderlə müqayisədə, Paşinyanın kilsəyə, onun lideri II Qareginə qarşı mübarizəsinin isə daha çətin olacağını düşünür:

“Kilsə ilə mübarizə daha mürəkkəbdir. Kilsənin cəmiyyətə təsiri müxalifətlə müqayisədə daha çoxdur. Bununla yanaşı, Paşinyan kilsəni də xeyli dərəcədə zəiflədib. Belədə indi olmasa da, gələcəkdə II Qaregini istefasını da gündəmə gətirəcək”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar