Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra xarici səfər qismində ilk olaraq Rusiyaya gedib.
"Bakupost" xəbər verir ki, Paşinyan Rusiyaya olan bu işgüzar səfər çərçivəsində İNNOPROM-2026 beynəlxalq sənaye sərgisinə qatılacaq və burada “Sənaye 360” mövzusuna həsr olunmuş plenar iclasda iştirak edəcək.
Bildirilir ki, səfər çərçivəsində Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulmasa da, onun həmkarı Mixail Mişustinlə görüşü planlaşdırılıb.
Siyasi şərhçi Rəşad Bayramov
"Bakupost"a bildirib ki, Paşinyanın parlament seçkilərindən sonra ilk işgüzar səfərini Rusiyaya etməsi İrəvan-Moskva münasibətlərinin gələcək dinamikası baxımından diqqətlə izləniləcək bir hadisədir:
“Son dövrlər tərəflər arasında münasibətlərdə ciddi soyuqluq var. O da məlumdur ki, Rusiyanın Ermənistana siyasi, iqtisadi, təhlükəsizliklə bağlı ciddi təsir imkanları mövcuddur. Paşinyan da bu təsir imkanlarını kifayət qədər yaxşı bildiyi və sadlanan istiqamətlərdə Ermənistanın hələlik Rusiyaya alternativ formalaşdıra bilmədiyindən bu və ya digər şəkildə Moskva ilə münasibətləri saxlamaq məcburiyyətindədir. Məhz buna görə də Paşinyanın bu səfərini daha çox praqmatik zərurətdən irəli gələn diplomatik addım kimi qiymətləndirmək olar”.
Müsahibimiz qeyd edir ki, geosiyasətdə emosiyalar deyil, maraqlar həlledici rol oynayır:
“Son bir neçə ildə Ermənistan açıq şəkildə xarici siyasətini şaxələndirməyə çalışır. Avropa İttifaqı və ABŞ-la əməkdaşlığı genişləndirir. Eyni zamanda, Rusiyanın rəhbərlik etdiyi bəzi inteqrasiya platformalarına tənqidi yanaşma nümayiş etdirir. Bunun fonunda Moskva da Paşinyan hakimiyyətini etibarlı tərəfdaş hesab etmədiyini müxtəlif siyasi və media kanalları vasitəsilə hiss etdirib. Xüsusilə Rusiya mediasında və ekspert dairələrində Paşinyana qarşı sərt ritorikanın uzun müddət davam etməsi iki ölkə arasında etimad böhranının dərinliyini göstərir”.
R. Bayramov hesab edir ki, hazırda hər iki tərəf münasibətləri tam qırmaq əvəzinə, idarəolunan gərginlik modelinə üstünlük verir:
“Ermənistan iqtisadiyyatının əhəmiyyətli hissəsi hələ də Rusiya bazarı, enerji resursları və əmək miqrasiyası ilə bağlıdır. Eyni zamanda, Moskva da Cənubi Qafqazda mövqelərini tam itirmək niyyətində deyil. İNNOPROM sərgisi çərçivəsində keçiriləcək görüşlər də məhz iqtisadi və texnoloji əməkdaşlığın qorunmasına hesablanmış platforma kimi dəyərləndirilə bilər”.
Hətta siyasi şərhçi Paşinyanın bu səfərindən sonra Kremlin ona münasibətdə müəyyən qədər yumşalacağı ehtimalını da istisna etmədi:
“Ancaq bu yumşalma şəxsi simpatiyadan deyil, siyasi zərurətdən qaynaqlana bilər. Kreml üçün əsas məsələ Paşinyanın kimliyi deyil, Ermənistanın hansı geosiyasi xətti seçəcəyidir. Əgər Moskva İrəvanın Rusiya ilə münasibətləri tamamilə dağıtmaq niyyətində olmadığını görərsə, informasiya və siyasi təzyiqin intensivliyini müəyyən qədər azalda bilər. Bu, Rusiyanın Paşinyanı bağışladığı anlamına gəlməməlidir. Sadəcə olaraq, qarşılıqlı maraqlar bunu diqtə etdiyi üçün təzyiqin azalması mümkündür”.
Rüfət Sultan,
BakuPost