Ermənistan baş naziri Nikol Paşinyan yaxın zamanlarda Moskvaya səfər edəcək. Amma hələlik dəqiq vaxt bəlli deyil.
“Bakupost” xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
Qeyd edək ki, daha əvvəl Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Putin Paşinyanla görüş zamanı, ikitərəfli münasibətlər və mövcud problemlərin müzakirəsini davam etdirmək üçün onu Moskvaya dəvət edib.
Siyasi şərhçi
Abutalıb Səmədov “Bakupost”a bildirib ki, Paşinyanın Moskvaya dəvət edilməsi əslində Kremlin təhdidə hesablanmış bir dəvətidir:
“Paşinyanın Moskva səfəri Bişkekdə razılaşdırılıb. Ermənistan baş nazirinin bu səfərdən imtina edəcəyi gözlənilirdi. Parlament seçkilərindən əvvəl Putin Paşinyana təzyiq göstərməyə çalışdı, müəyyən sanksiyalar barədə xəbərdarlıq etdi, bəzi məhsullarına qadağa qoydu. Amma bunların bir nəticəsi olmadı. Putin anoloji xətti Bişkekdə də davam etdirərək, bir daha Paşinyandan referendum keçirilməsini tələb etdi. Paşinyanı Moskvaya dəvət etməklə görünür, Putin tələbləri istiqamətində növbəti cəhdə əl atmaq istəyir”.
Müsahibimizin sözlərinə görə, Putin bu dəfəki görüşdə yəqin ki, Paşinyanı Rusiyadakı erməni əmək miqrantları ilə hədələyəcək:
“Bu günə qədər o, həmin məsələni qabartmayıb. Yüz minlərlə erməni əmək miqrantı Rusiyada işləyir və onlar hər il 3-4 milyard dollara yaxın vəsaiti Ermənistandakı ailələrinə göndərir. Bu mənada Putinin erməni əmək miqrantları üçün problemlər yaratması Paşinyana ciddi çətinliklər yaradacaq”.
Digər tərəfdən, ekspert hesab edir ki, Putin görüşdə Paşinyanı Ermənistana qaz verməyəcəyilə də hədələyə bilər:
“Rusiyanın qaz verməyəcəyi təqdirdə, bu rolda yalnız İran çıxış edə bilər ki, Tehranın Moskva ilə münasibətləri nəzərə alıb, buna gedəcəyi də sual altındadır. 2,2 milyard kubmetr qazın Ermənistana verilməməsi, xüsusən də qarşıdan gələn soyuq havalar şəraitində, bu ölkə üçün ciddi problemlər yaradacaq”.
Siyasi şərhçi bütün hallarda Paşinyanın da geri çəkilməyəcəyini düşünür:
“Onun geri çəkilmək fikri yoxdur, Avropa Birliyi seçimində qətidir. Ona görə Moskva görüşü də nəticəsiz bitəcək”.
Amma A.Səmədov bu səfərdən sonra Moskvanın İrəvana qarşı daha kəskin addımlara keçəcəyini də istisna etmədi:
“Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxarılmasına cəhd edəcək və bu günədək istifadə olunmayan digər təhdidləri də reallaşdıracaq. Ancaq bütün bunlar Paşinyanı öz mövqeyindən döndərə bilməyəcək”.
Rüfət Sultan,
BakuPost