Ru
15:45 / 14 May 2026

Pekin görüşü: Trampla Cinpin dünyanı bölüşdürəcəklər?

Pekin görüşü: Trampla Cinpin dünyanı bölüşdürəcəklər?
Eye

ABŞ Prezidenti Donald Trampın Çinə səfərinin ilk günü başa çatıb.

Birinci gün o, Çin lideri Si Cinpinlə görüşüb. İki saatdan artıq davam edən görüşdə ikitərəfli münasibətlər, fikir ayrılıqları, problemlərlə yanaşı, regional və qlobal aləmdə baş verən geosiyasi məsələlər, xüsusən də Yaxın Şərq, Tayvan və Rusiya-Ukrayna məsələsi müzakirə edilib.

Çin lideri Trampa Tayvanın müstəqilliyi ilə Tayvan boğazındakı sülhün bir-birinə zidd olduğunu bildirib və Çin və ABŞ məsələni yaxşı həll etməsələr, iki ölkə arasında münaqişənin yarana biləcəyi xəbərdarlığını edib.

O, qarşı tərəfi tərəfdaşlığa səsləyib və ticari münasibətlərə toxunaraq ticarət müharibələrində qalibin olmadığını bildirib.
Ağ Ev rəhbəri Tramp isə vəd verib ki, Çin ilə ABŞ arasındakı münasibətlər indiyə qədər olduğundan daha yaxşı olacaq.
Politoloq Natiq Miri Bakupost.az-a bildirib ki, səfərdə iştirak edən iri şirkət rəhbərlərinin görüşə pozitiv yanaşmaları tərəflər arasında ciddi bazarlığın əldə edildiyinə işarə sayıla bilər:

“Rəsmi səviyyədə görüşün normal keçdiyini təbliğ edilir. Ancaq daha dəqiqini Trampın özü ilə apardığı qlobal səviyyəli şirkət sahibləri bildirir. Səfərdə iştirak edən ABŞ-yə məxsus iri şirkət rəhbərləri danışıqların pozitiv keçidyini bəyan edirlər. Bu da ciddi bazarlığın getdiyinə işarə ola bilər”.

Yaxın Şərq məsələsinə gəldikdə, ekspert ABŞ-nin şərtləri daxilində Çinin İrana təzyiq etməklə onu razı salması məsələsində razılaşmanın olması ehtimalını da mümkün saydı:

“İrana giriş-çıxışın dəniz blokadası təkcə İranı çökdürmür. Onun təsirləri Çinə də dəyir. Çin bununla ucuz neft, qazdan məhrum olur. O baxımdan ABŞ-nin blokadası həm də Çinə tətbiq olunub. Ukrayna məsələsində də Çinin Rusiyaya təsir imkanları böyükdür. Çünki Pekin Rusiyadan da ucuz neft, qaz alır. Çinin hər iki ölkədən enerji daşıyıcıları almasını dayandırması müharibə aparan ölkələr üçün maliyyə imkanlarının tükənməsi demək olacaq. Pekinlə Vaşinqton arasında razılaşdırıla biləcək məsələlərdən biri də budur”.

Ancaq həmsöhbətimiz hesab edir ki, bunlar yalnız ABŞ-nin maraqları kontekstində həll olunacaq məsələlər deyil:

“Qarşı tərəfin də maraqları var ki, o da Tayvanla əlaqəlidir. Qarşılıqlı maraqlar kontekstində bu cür bazarlıqlar gedə bilər. Belə bazarlıq hər iki tərəfi qane edəcəksə, səfəri nəticəyə yönəlik və məhsuldar səfər kimi Tramp adına dəyərləndirmək mümkün olar”.

Politoloqa düşünür ki, Trampın Si Cinpinlə dünyanı bölüşdürməklə bağlı razılığa gəlməsi də mümkün variantlardandır:

“Geosiyasi məsələyə gəldikdə, Si Cinpin döyüşdənsə, tərəfdaşlığın daha məqbul olduğunu söylədi. Belə olan halda Tramp onunla dünyanı birlikdə stabil şəkildə idarə etməyə gedə bilər. Verilən açıqlamalardan hiss olunur ki, hər iki tərəfi qane edən razılaşdırılmış məqamlar var. İranın heç zaman nüvə silahına malik olmaması, Hörmüz boğazının heç bir ödəniş olmadan açıq qalması da razılaşdırılıb. Bu da onu göstərir ki, digər məsələlərdə də razılığa gələ bilərlər”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar