“Türk dünyası kızılelma” toplumuna daxil olan saytlarda 3-6 oktyabr 2025-ci il tarixində Mustafa Doğanın “Azərbaycan siyonizmə təslim olur” başlıqlı bir yazısı paylaşılmışdır. Yazıda güya Azərbaycanı “Qafqazdakı İsrailə” çevirmək istədiyinə görə Azərbaycan Respublikasının Prezidenti tənqid edilir: “İsraillə qurduğunuz çarpıq ilişkiyə baxmayaraq “İki Dövlət - Tək Millət” parantezinə etnik bir şəhvətlə həbs etdiyiniz sözdə qardaşlıq ədəbiyyatı ilə bizimlə qardaş qalacağınızımı sanırsınız?”.
Yazıya bir şarj da əlavə edilmişdir.
Jurnalist etikasina yad olan bu sərsəmləmələri cavabsız qoymaq mümkün deyil.
Mən Mustafa Doğanın, Süheyla Betül Kentin, Ayşə Mine Dağdelenin və onları dəstəkləyənlərin kimliklərini bilmirəm. Lakin Azərbaycan Respublikasının Prezidenti haqqında paylaşdıqları tərbiyəsiz yazı və şarj onu göstərir ki, onların ürəyində Azərbaycana və bütövlüklə Türkə heç bir sayğı yoxdur. Bunlar, eyni zamanda İlham Heydər oğlunu yəhudi kimi qələmə verməyə çalışan hər kəs Azərbaycanla Türkiyənin arasına inciklik salmağa çalışan cahil və dünyadan xəbərsiz adamlardır. Azərbaycan Prezidentinin mənim müdafiəmə ehtiyacı yoxdur. Sadəcə onu demək istəyirəm ki, sosial mediada fikir bildirən hər kəs gərək sözünün məsuliyyətini də düşünsün.
Azərbaycanla İsrailin əlaqələri haqqında fikir bildirmək olar, lakin Azərbaycanın dövlət maraqlarını heç kim öz istədiyi kimi yoza və deyək ki, Fələstinin maraqlarına bağlaya bilməz. İnsanlar və dövlətlər öz tarixlərindən nəticə çıxara-çıxara yaşayırlar. Şəxsən mən Türk düşməni olan və Azərbaycan-Ermənistan münaqişəsində ermənilərin yanında dayanan, İslam abidələrinin dağıdılmasına sakit baxan müsəlman ərəbdənsə Azərbaycanın və Türkün dostu olan, bizi beynəlxalq səviyyədə müdafiə edən yəhudini daha yüksək tuturam.
Qəzzada, Fələstində İsrail silahlılarının cinayətlərini və zülmünü Azərbaycan xalqı qətiyyətlə pisləyir. Lakin bu cinayətlərin səbəbkarı olan İsrail hakimiyyəti ilə özü də soyqırımlar görmüş, qanlı yollardan keçmiş Yəhudi xalqını bir gözlə görmək və bu savaşda güya Azərbaycanın İsraili dəstəklədiyi kimi yalanı ortaya atmaq ağılsızlıqdır.
Sizcə, biz millət olaraq kimə daha artıq dəyər verməliyik: dar günlərimizdə bizim düşmənimizə yardım edən müsəlmana, yoxsa yaxşı gündə də, pis gündə də bizə dəstək vermiş yəhudiyə?
Məscidlərimizi uçuran xristiana "qardaş" deyib tarixən müsəlman olmuş azərbaycanlıları düşmən elan edənin İslam dinindən olmasının mənim üçün nə mənası ola bilər? Buna görə də türkiyəli qardaşlarımızın yalnız müsəlman birliyi ideyasını bayraq edib tarixin və yaxın keçmişin həqiqətlərinə göz yummaları doğru deyil. Bəli, biz “Bir Millət, İki Dövlətik” və bu birliyi xalqın dini həssaslığından sui -istifadə edən kimsə poza bilməz.
30.10.2025