Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, bu tarix Azərbaycanda Gənclər Günü elan edilib. Həmin vaxtdan etibarən Azərbaycan MDB məkanında və Şərqi Avropa ölkələri arasında bu günü rəsmi şəkildə qeyd edən ilk ölkə olub.
Cəmiyyətin ən fəal təbəqəsi hesab edilən gənclər bu gün təkcə ölkənin sosial-iqtisadi inkişafında deyil, eyni zamanda gələcək perspektivlərin formalaşmasında da mühüm rol oynayır. Bununla yanaşı, gənclərin üzləşdiyi sosial problemlər və işsizlik aktual olaraq qalır.
Mövzu ilə bağlı
Bakupost.az-a danışan sosioloq və psixoloq Naib Niftəliyev bildirib ki, gənclərin problemləri hər zaman cəmiyyətin diqqət mərkəzində olan mövzulardandır və Azərbaycan gəncliyi də bu baxımdan istisna deyil:
“Azərbaycanın milli gənclər platformasında gənclərin vətənpərvərlik məsələləri, karyera, eləcə də məşğulluq, işsizlik, sosial təminat, rifah kimi faktorlar ön planda dayanan məsələlər sırasındadır. Bu problemlərin məsələlərin məhz təşəbbüs və sükan gənclərin öz əlindədir. Çünki zaman, şərait və şərtlər nə qədər mürəkkəb olsa belə, əhəmiyyətli dərəcədə ciddi uğurlar və perspektiv vəd edir.
Azərbaycanın işğal olunmuş 20 faizi bir neçə ildir azad olunub. Gənclərin orada yaradıcılıq, quruculuq, karyera baxımından fəaliyyət göstərməsi, həm təhsil, həm elm, işgüzar fəaliyyət, həm də biznes baxımından bu istiqamətə yönəlməsi əsas fəaliyyət tərəflərindən biridir”.
N.Niftəliyevin qeyd edib ki, Azərbaycanın sahibkarlar, iş adamları arasında, və başqa sahələrdə əhəmiyyətli çoxluğu təşkil edən (18-35 yaş arası) gənclər statistikada təxminən 2,5 milyondan bir qədər çoxdur:
“Azərbaycan əhalisinin faktiki olaraq dörddə birini gənclər təşkil edir. Bu, böyük bir qüvvədir. Təbii ki, qurucu və yaradıcı fəallıq əhəmiyyətli dərəcədə gənclərin üzərinə düşür. Bu gün Azərbaycanda öz karyerasını quran gənclərlə yanaşı, ölkəmizi xaricdə layiqli təmsil edən və xaliqimizin haqq səsini dünyaya yayan minlərlə gəncimiz var. Biz onlarla fəxr edir, qürur duyuruq”.
Ən çox rast gəlinən sosial problemlərə gəldikdə isə, N.Niftəliyev vurğulayıb ki, əhəmiyyətli bir qisim məşğulluq baxımından ciddi çətinlik çəkir, digərləri isə ailə qurmaq məsələsində mənzil-məişət problemləri ilə qarşılaşır:
“Gənclərin təxminən üçdə biri də zamanında karyera, iş qura bilməmək baxımından müəyyən obyektiv və subyektiv çətinliklər yaşayır.
Ümumilikdə götürdükdə, hazırkı şəraitdə gənclərin özlərini reallaşdırma imkanları təxminən 20–30 il əvvəl ilə müqayisədə dəfələrlə artıqdır. Buna baxmayaraq, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan bəzi problemlər yenə də qalır. Bu, nəsillərarası əlaqənin düzgün təmin edilməməsi, kadr potensialının formalaşdırılmasında şəffaflığın təmin olunmaması, eləcə də subordinasiya və ierarxiya məsələlərində gənclərə önəm verilməməsi ilə bağlı çətinliklərdir. Amma ümumilikdə gənclərin aparıcı rolu dəyişmir. Təbii ki, əsas ağırlığı və məsuliyyəti gənclər daşıyırlar. Çünki ən işgüzar, çalışqan təbəqə də məhz onlardır. Əhalinin dörddə birini təşkil etmələrinə baxmayaraq, problemlərin təxminən 70 faizi onların üzərinə düşür. Buna görə də gənclərə verilən dəyər xüsusi bir yanaşma tələb edir”.
Niftəliyev sözlərinə görə, Azərbaycanda gənclərin sosiologiyası istiqamətində xüsusi tədqiqatlara ehtiyac var:
“Biz Gənclər və İdman Nazirliyinə bu təşəbbüslə birbaşa müraciət edirik ki, belə bir tədqiqatın aparılmasında fəal şəkildə iştirak edə bilərik. Gənclərin həyata münasibəti, rolu, məmnunluğu, görülən işlərdən razılıq səviyyəsi, karyera və məşğulluq imkanları, təşəbbüskarlıq və sahibkarlıq istiqamətində hansı dəstəklərin mümkün olduğu baxımından strateji araşdırmalara ehtiyac var.
Dövlət bu istiqamətdə bir neçə strateji proqram qəbul edib və müəyyən işlərin ardıcıllıqla görülməsi nəzərə çarpır. Amma bununla kifayətlənmək olmaz. Bu məsələlər daha da təkmilləşdirilməli. Bu istiqamətdə məqsədyönlü siyasətin inkişaf etdirilməsinə ciddi zərurət var”.
Lalə, BakuPost