Boliviyada yeni çap olunmuş əsginasları daşıyan hərbi təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 24 nəfər həlak olub, yükün isə təxminən 30%-i yoxa çıxıb.
Bakupost.az xəbər verir ki, təyyarə ölkənin paytaxtı yaxınlığında – La Paz şəhərində, “El Alto International Airport” yaxınlığındakı magistral yola düşüb. Qəza zamanı avtomobil yolu ilə hərəkət edən sürücü və sərnişinlər həlak olub.
Təyyarə Boliviya Mərkəzi Bankı üçün ümumilikdə 425 milyon boliviano (təxminən 62 milyon ABŞ dolları) məbləğində yeni əsginaslar daşıyırmış. Qəza nəticəsində 17 milyon ədəd əsginas ətrafa səpələnib. Hadisə yerində minlərlə insan pulları toplamağa çalışıb. Daxili İşlər Nazirliyinin açıqlamasına görə, eyni anda təxminən 20 min nəfər əsginas axtarışında olub.
Polis ərazini nəzarətə götürməyə cəhd etsə də, kütləvi axının qarşısını almaq çətin olub. Hadisə ilə bağlı onlarla şəxs saxlanılıb.
Boliviya Mərkəzi Bankı bildirib ki, daşınan pulların təxminən üçdə biri yoxa çıxıb. Bank təyyarədə olan “B seriyası” əsginasların hamısını etibarsız elan edib. Bu qərar yerli biznes subyektləri üçün əlavə çətinlik yaradıb, çünki sahibkarlar artıq dövriyyədə olan əsginasların hansı seriyaya aid olduğunu ayrıca yoxlamalı olurlar.
Hadisə ölkədə həm təhlükəsizlik, həm də maliyyə sabitliyi ilə bağlı ciddi müzakirələrə səbəb olub. İstintaq davam edir.
Cavid, BakuPost