Rusiya prezidentinin addımları Ukraynada müharibənin zəifləməsinə dair heç bir əlamət göstərmir və əksinə Kreml daha böyük hərbi aktivlik üçün hazırlıq aparır.
Bakupost.az “Sky News”a istinadən yazır ki, Rusiyanın müdafiə xərclərini azaltmaq və ölkəni normal vəziyyətə qaytarmaq istiqamətində heç bir planın olmaması, Moskvanın sadəcə fasilə götürdüyünü və yeni hücuma hazırlaşdığını göstərir.
Nəşrin təhlilinə görə, ölkəni hərbi rejimə keçirmək – səfərbərlik, büdcənin orduda cəmlənməsi, sənayenin silah və sursat istehsalına yönəldilməsi – böyük resurs tələb edir. Döyüşlər bitəndən sonra bu sistemi geri qaytarmaq da eyni dərəcədə çətin olduğundan, müdafiə göstəricilərinin azaldılmaması Rusiyanın müharibəni davam etdirmək niyyətini ortaya qoyur. Moskvanın döyüş tempini azaltmağa dair heç bir hazırlığının olmaması Putinin müharibənin zəifləməsini deyil, genişlənməsini gözlədiyini göstərir.
“Sky News” qeyd edir ki, Rusiyanın tam məğlubiyyəti yalnız ABŞ administrasiyasının mövqeyinin kəskin dəyişməsi və Kiyevə silah-sursat dəstəyinin ciddi şəkildə artırılması ilə mümkündür. Daha real variant kimi isə hazırkı təmas xətti boyunca döyüşlərin dayandırılması və təhlükəsizlik zəmanətləri ilə müşayiət olunan danışıqların başlanması göstərilir. Lakin bunun üçün Avropada xüsusilə Böyük Britaniya, Fransa və Almaniyada real hərbi hazırlıq vəziyyəti və müharibəyə hazır olma iradəsi tələb olunur ki, hazırda bu tendensiya müşahidə olunmur.
“Karnegi” Mərkəzinin eksperti Aleksandr Qabuyevin sözlərinə görə, Rusiyanın müharibəni daha 12-18 ay davam etdirməyə kifayət qədər maliyyə resursu var, amma əlavə sanksiyalar bu müddəti azalda bilər. BBC-nin analitiki Stiv Rozenberq isə bildirir ki, Putin Qərbi inandırmaq istəyir ki, illərlə davam edən müharibəyə, itkilərə və iqtisadi zərbələrə baxmayaraq, Kreml geri addım atmağa hazırlaşmır və müharibəni dayandırmaq niyyəti yoxdur.
Cavid, BakuPost