Ru
10:20 / 27 Dekabr 2025

Putinin vətənində Zelenski üçün dua mərasimi – 70 nəfər həbs olundu – VİDEO

Putinin vətənində Zelenski üçün dua mərasimi – 70 nəfər həbs olundu – VİDEO
Eye

Rusiya polisi Sankt-Peterburqda dini qrupun toplantısına müdaxilə edib. Hadisə zamanı təxminən 70 nəfərin saxlanıldığı bildirilir.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Rusiya teleqram kanalları yayıb.

Məlumata görə, söhbət “Vahid Prinsip Məktəbi” (“Şkola yedinovo printsipa”) kimi tanınan, həmçinin “Ruhani Mücadilə Məktəbi” adı ilə fəaliyyət göstərən qrupdan gedir. Qrup Ukraynada Olqa Asaulyak tərəfindən təsis edilib. Asaulyak 2018-ci ildə vəfat etsə də, təşkilat fəaliyyətini davam etdirir və Ukraynada, eləcə də xaricdə mühazirələr, seminarlar və təlimlər keçirir.

Qrupun rəsmi saytında təlimin pravoslavlığa əsaslandığı, eyni zamanda mistik və ezoterik elementlər ehtiva etdiyi qeyd olunur. Saytda Asaulyakdan sitat gətirilərək hərəkatın “yerdənkənar fenomen” olduğu da vurğulanır. “Dojd” telekanalının müxbiri sayt materiallarında Ukraynadakı müharibə və ya siyasətlə bağlı açıq məzmun aşkar etmədiyini bildirib.

RİA “Novosti”nin hüquq-mühafizə orqanlarındakı mənbəsi iddia edir ki, Rusiyadakı tərəfdarlar toplantılar zamanı Ukraynadakı müharibəni müzakirə edib, Ukrayna prezidenti Vladimir Zelenski, eləcə də “rusiyalıların səfərbərlikdən qorunması” üçün dua mərasimi keçiriblər. Agentliyin mənbəsinin sözlərinə görə, mərasimdə qrup liderləri guya Rusiya hərbçiləri barədə təhqiredici ifadələr işlədib, Ukrayna ordusunu isə “işıqlı qüvvələr” adlandırıblar.

Məlumata əsasən, hüquq-mühafizə orqanları tərəfindən yarımçıq kəsilən toplantıya Rusiyanın müxtəlif regionlarından 70-dən şəxs qatılıb.

Teleqram kanallarının məlumatında qrupun ehtimal olunan liderlərindən birinin Sankt-Peterburq təhsil akademiyasında çalışan, pedaqoji elmlər doktoru və professor Olqa Dautova olduğu iddia olunur. Rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyib.

Hazırda toplantısı dayandırılan qrupun iştirakçıları barəsində yoxlama aparılır. Hüquq-mühafizə orqanlarının qrupla bağlı Rusiya ordusu barədə “qəsdən yalan məlumatların açıq şəkildə yayılması” maddəsi üzrə cinayət işinə başlaması xəbərləri var. Həmin maddə üzrə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda doğulub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar