Azərbaycanda bioloji qan qohumları arasında nikah qanunvericiliklə qadağan edilsə də, bu mövzu cəmiyyətdə hələ də müzakirə olunur. Bəzi insanlar gələcəkdə bu qərarın dəyişdiriləcəyi və qohum nikahlarına icazə veriləcəyi ehtimalına inanırlar.
Bəs bioloji qan qohumluğu olub ailə quran cütlüklərin gələcəkdə nikaha daxil olması mümkün olacaq? Belə evliliklər nəticəsində doğulan uşaqları hansı təhlükələr gözləyir? Dində bu məsələyə yanaşma necədir?
Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı deputat Rəşad Mahmudov Teleqraf-a açıqlamasında Azərbaycan qanunvericiliyinə görə yaxın qan qohumlarının nikaha daxil olmasınən qadağan olduğunu xatırladıb.
Onun sözlərinə görə, bunun əsas səbəbi belə evliliklərdə genetik risklərin əhəmiyyətli dərəcədə artmasıdır:
“Qohum valideynlər eyni “səssiz” xəstəlik genlərini daşıya bildikləri üçün doğulan uşaqlarda doğuş qüsurları, avtosom-resessiv genetik xəstəliklər, eşitmə-görmə problemləri, əqli gerilik və erkən neonatal ölüm kimi risklər daha yüksək olur”.
Rəşad Mahmudov
Millət vəkili qohum olmayan cütlüklərdə ciddi qüsur riskinin təxminən 2–3% olduğu halda, qohum nikahlarında bu göstəricinin 4-6%-ə yüksəldiyini bildirib.
“Yəni uşaqların böyük əksəriyyəti yenə sağlam doğula bilər, lakin risk ikiqat artır. Genetik risklər qanun dəyişsə belə dəyişmir. Bu səbəbdən cəmiyyət üçün ən doğru yanaşma maarifləndirmə, tibbi-genetik məsləhət və daşıyıcı testlərinin təşviqidir”, - R. Mahmudov əlavə edib.
QMİ-nin əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyev deyib ki, qohum evliliyi tarixən bir çox müsəlman toplumlarında baş verib və İslam hüququ bu cür nikahları icazəli bilir.
Samid Quliyev
Onun sözlərinə görə, bununla yanaşı İslam dini zərər və fayda prinsiplərinə əsaslanır:
“Yəni bir iş din tərəfindən qadağan edilməsə də, əgər onun nəticəsində insanlara zərər dəyəcəksə, ondan çəkinmək tövsiyə olunur. Müasir tibb elmi göstərir ki, qohum evliliyində irsi xəstəliklərin yaranma riski var. Eyni genetik xüsusiyyətlərə malik olan qohumların övladlarında müəyyən xəstəliklərin ehtimalı daha yüksək olur. Belə hallarda İslamın sağlamlığa önəm vermə prinsipi nəzərə alınaraq qohum evliliklərindən uzaq durmaq daha məqsədəuyğun sayılır. Yəni din baxımından qadağan olmasa da ağıl, elm və sağlam düşüncə baxımından bu evliliklərdən çəkinmək gələcək nəsillərin sağlamlığı üçün daha doğru bir addımdır”.
Qadağalara riayət etməyib ailə quranlar bunları edə bilməyəcəklər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən vurğulanıb ki, cari ildə iyulun 1-dən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun qüvvəyə minib: “Bununla da bioloji qohumluğu olan şəxslərin nikaha daxil olması nikahın bağlanmasına mane olan hallar dairəsinə daxil edilib. Qanunla müəyyən edilmiş bu qadağa vətəndaşlarımızın sağlamlığının qorunmasına, gələcəkdə genetik xəstəliklərin dinamikasının artmasının qarşısının alınmasına yönəlib. Qadağalara riayət etməyən şəxslər nikah münasibətinin dövlət qeydiyyatının aparılmasına nail ola bilməyəcək, Ailə qanunvericicliyi ilə nəzərdə tutulmuş ər-arvad hüquqlarından yararlanıb, pozulmuş hüquqlarının qorunmasını dövlət orqanları və ya məhkəmələrdən tələb edə bilməyəcəklər”.
Həmin şəxslərin sonradan nikaha daxil olması mümkün deyil
Komitədən bildirilib ki, hər bir normanın qəbul olunması onun tənzimlədiyi ictimai münasibətlərin inkişafından asılıdır:
“Belə ki, münasibətlər inkişaf etdikcə onları tənzimləyən qanunvericilik aktları da paralel olaraq inkişaf edir. Sözügedən məsələlər qanunvericiliyimizə zərurətdən daxil olub və dəyişdirilərək həmin şəxslərin yenidən nikaha daxil olmasına icazə verən normaların tətbiq olunması mümkün deyil. Hüquqi müstəvidə heç bir çıxış yolu yoxdur. Qanunun tələbləri istisnasız bütün vətəndaşlar tərəfindən əməl olunmalı və ya icra edilməlidir”.
Övladdan və yaxud valideyndən imtina etmək qohumluluq əlaqələrinin bitməsi hesab oluna və nikaha icazə verilə bilərmi?
Komitədən bildirilib ki, “övladdan imtina etmək” və ya “valideyndən imtina etmək” kimi anlayışlar bizim qanunvericiliyimizdə nəzərdə tutulmayıb.
“Belə halların baş verməsi mümkün deyil. Bundan əlavə bildirmək istərdik ki, vətəndaşlıq vəziyyəti aktları (doğum, ölüm, nikah, boşanma, övladlığa götürmə və s.) vahid elektron bazaya daxil olunur ki, həmin baza ümumi Azərbaycan üzrə formalaşdırılır. Nəticədə şəxsin məlumatları müvafiq reyestrdə görünür. Bu da imkan verir ki, nikaha daxil olmaq üçün müraciət edən şəxslərin bioloji qohumluğu barədə nikaha daxil olmaq barədə ərizə qəbul edən qeydiyyat şöbəsinin əməkdaşı elektron informasiya sistemindən məlumat əldə etsin. Nəticə etibarilə, hətta hər hansı bir hal mövcud olsa belə, bioloji qohumları barədə informasiya sistemində olan məlumat nikahın qeydiyyatının aparılmasının qarşısını alacaq. Çünki nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin mövcud olması müvafiq orqanın vəzifəli şəxsi tərəfindən ərizə qeydiyyata alınmadan öncə Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılır”, - Komitədən vurğulanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəmadi olaraq preventiv tədbirlər gördüyü və maarifləndirmə işləri apardığı deyilib.
“Qohum evliliklərinin baş tutmamasına vətəndaşlarımızın gələcəyi və sağlamlığı üçün zərərli olan adətlərin sıradan çıxması kimi qiymət verərdik. Dövlət Komitəsi olaraq bu məsələyə günümüzün tələbi kimi deyil, həm də gələcəyə yönəlik baxılmasını labüd hesab edir, cəmiyyətimizin hər bir üzvünü dövlət orqanları ilə birgə belə halların qarşısının alınmasında iştirak etməyə dəvət edirik”, - məlumatda əlavə edilib.