Ru
22:36 / 19 Yanvar 2026

Qayınata kürəkəni ilə xəyanət üstündə dava etdi – TƏFƏRRÜAT

Qayınata kürəkəni ilə xəyanət üstündə dava etdi – TƏFƏRRÜAT
Eye

Sabirabad rayonunda 1981-ci il təvəllüdlü Rza ailədaxili münaqişə zamanı kürəkəni Ayaza (adlar şərti verilib – red.) xəsarət yetirib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib.

Rza kürəkəninin başqa qadınla görüşərək qızı Zahirəyə xəyanət etməsi səbəbindən onunla mübahisə edib.

Mübahisə zamanı masanın üzərində olan boşqabı götürərək Ayazın sağ qol nahiyəsinə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Rzanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Rza ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Sabirabad rayonunun kəndində ailə üzvləri ilə birlikdə yaşayır: “Ayaz qızım Zahirənin həyat yoldaşıdır, aramızda ədavət və düşmənçilik olmayıb. 2019-cu ildə o, qızımla ailə qurub, iki qız övladları var. Ailə həyatı qurduqları müddətdə aralarında hər hansı problem olmayıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, son dövrlərdə kürəkəninin başqa qadınlarla münasibət qurduğunu eşidib: “Sonuncu dəfə Sahibə adlı qadının “Tik-tok” sosial şəbəkəsində Ayazla şəkil paylaşdığını gördüm. Sahibənin mobil telefonuna zəng edərək baş verənlərin nə olduğunu soruşdum. Ayazla münasibəti olmadığını dedi.

Sahibəyə Ayazla yazışmalarını qızımın gördüyünü dedim. O, qızımın ünvanına söyüş söydü. Mən də Ayazla münasibəti olanı söydüm və telefonu söndürdüm. Bir neçə dəqiqə sonra Ayaz zəng edərək Sahibəni nə üçün söydüyümü soruşdu, onunla münasibəti olmadığını bildirdi. Mən isə axşam gələndə sübut edəcəyimi dedim”.

Rzanın sözlərinə görə, həmin gün axşam oğlu Elçin və anası Kübra ilə birlikdə Ayazın yaşadığı evə gediblər: “Ayaz oğlumun qarşısına keçdi və həyətdən getməsini istədi. Ona oğlumun getməyəcəyini dedim. Ayaz üzərimə yeridi, onun sinəsindən itələyərək uzaqlaşdırmağa çalışdım. O, ayağımdan tutaraq məni yerə yıxdı. Ətrafdakılar bizi ayırmağa çalışdılar.

Oğlum bizi ayırmağa çalışarkən Ayazın atası Müslüm taxta parçası ilə oğlumun sağ əlinin üzərinə vurdu. Qızım Zahirəyə dedim ki, uşaqları da götür, gedək. Oğlum nəvələrimi götürərkən Ayaz üzərinə getdi. Bu zaman ayağı masaya ilişdi və özünü itirərək yerə yıxıldı. Masanın üzərində olan qablar onun qoluna dəydi və qolundan xəsarət aldı. Mübahisənin böyüyəcəyini görüb ailə üzvlərimlə birlikdə qızımı və uşaqlarını da götürərək oradan getdik”.

İş üzrə zərərçəkmiş Ayazın sözlərinə görə, son zamanlarda qayınatam Rza ailəsinə müdaxilələr etməyə başlayıb: "Qohumum olan Sahibə “Tik-tok” sosial şəbəkəsində mənim şəkilimi paylaşmışdı. Sahibə qayınatamın zəng edərək onu təhqir etdiyini bildirdi. Həmin vaxt Ağcabədi rayonunda idim. Rzaya zəng edərək nə üçün Sahibəni söydüyünü soruşdum, aramızda mübahisə yarandı. Ağcabədi rayonundan çıxaraq Sabirabad rayonuna, yaşadığım ünvana gəldim”.

Zərərçəkmiş qeyd edib ki, saat təxminən 20 radələrində evə çatıb: “Şam yeməyinə başlamışdıq, qaynım, qayınatam və onun anası bizə gəldilər. Həyətə daxil olanda Rzadan getmələrini xahiş etdim. Sözümə məhəl qoymadı, nə istəsə edəcəyini bildirdi. Mübahisə böyüdü, Rza məni söyərək üzərimə hücum çəkdi, boğazımdan tutaraq yumruqla baş nahiyəmdən zərbə endirdi. Atam-anam araya girib Rzanı məndən ayırdılar.

Rza masanın üzərindən boşqabı götürərək mənə tərəf atdı. Boşqab sağ qoluma dəyib sındı və qolumu kəsdi”

Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Rza hər ay qazancından 20 faiz pul dövlət nəfinə tutulmaqla 10 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar