Türkiyənin Qaziantep şəhərində baş verən güclü fırtına ciddi fəsadlara səbəb olub.
Bakupost.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, dünən günorta saatlarından etibarən başlayan fırtına cəmi 20 dəqiqə ərzində hər kvadratmetrə təxminən 60 mm yağıntı düşməsi ilə müşayiət olunub.
Güclü leysan, dolu və şiddətli külək xüsusilə Şahinbəy və Şəhidkamil rayonlarında ağır fəsadlar törədib. Alleben dərəsi daşma həddinə çatıb, yeraltı keçidlər və əsas yollar su altında qalıb. Onlarla avtomobil sel sularının təsirinə məruz qalaraq yararsız vəziyyətə düşüb.
Təbii fəlakət nəticəsində şəhərin müxtəlif ərazilərində binaların dam örtükləri uçub, ağaclar kökündən qoparaq yollara və nəqliyyat vasitələrinin üzərinə aşıb. Türkiyə Olimpiya Hazırlıq Mərkəzinin binasında baş verən hadisə zamanı 3 nəfər yaralanıb. Ümumilikdə isə xəsarət alanların sayının 23 nəfərə çatdığı bildirilir. Yaralılar xəstəxanalara yerləşdirilib, onların müalicəsi davam etdirilir.
Şəhər icra hakimiyyəti yaranmış vəziyyəti nəzərə alaraq bu gün Şahinbey, Şehitkamil, Nizip və Yavuzeli rayonlarında yerləşən 39 məktəbdə tədrisin 1 günlük dayandırıldığını açıqlayıb. Bildirilib ki, qərar zərərin qiymətləndirilməsi və bərpa işlərinin aparılması məqsədilə qəbul olunub.
Hazırda bölgədə xilasedicilər və yerli xidmət orqanları gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Lalə, BakuPost