Ru
13:36 / 12 İyul 2022

Qaziləri ölümə vadar edən kimlərdir? - Deputatdan çıxış yolları

7082
Son günlər bir-birinin ardınca iki qazımız problemlərinin həll edilmədiyini əsas gətirərək, icra hakimiyyətlərinin qabağında özlərini yandırıblar.


İyulun 5-də 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin qarşısında özünə od vurub.


Beş gün sonra isə "Mauqli" ləqəbli qazi Elvin Cəfərov Sabirabad Rayon İcra Hakimiyyətinin önündə bu addımı atıb. 44 günlük Vətən


Müharibəsində iştirak etmiş qazimiz dünən gecə saatlarında müalicə aldığı Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.


Cəmiyyəti sarsıdan halların yaşanmasında günahkar kimlərdir? Qazi intiharlarının geniş vüsət almaması üçün hansı addımlar atılmalıdır?


Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Bakupost.az -a açıqlama verib.


Millət vəkili hesab edir ki, qazi və şəhid ailələri ilə işləmək üçün düzgün mexanizm qurulmayıb:




"Təbii ki, dövlət tərəfindən qazi və şəhid ailələri üçün müəyyən işlər görülür. Ev, yaxud pul verilməsini başa düşdük, amma həyat təkcə bunlardan ibarət deyil. Mexanizm doğru qurulmalı idi. Bu gün hələ də qazilər belə addım atırlar. Psixoloji sarsıntı keçirmiş insanlar da var ki, onlar müəyyən haqsızlığı daxilən qəbul etmirlər".


F. Mustafa bu halların qarşısının alınması üçün bir neçə təklif irəli sürüb:


"Bir qazinin özünü yandırması son həddir. Yəni, bu qərarı verirsə, ona qarşı olan münasibətdən kifayət qədər sarsılmış vəziyyətdə olduğunu göstərir. Hər halda bu məsələ cəmiyyətdə müzakirə olunmalıdır. Vətəndaş cəmiyyəti institutlarını hərəkətə gətirmək vacibdir. Onların qrant layihələr həyata keçirməsinə imkan yaradılmalıdır. Təkcə dövlətdən gələn mənbələr hesabına onlar ayaqda qala bilməz. Müəyyən dərəcədə humanitar fəaliyyətin güclənməsi istiqamətində çalışmaların önünü açmalıyıq. Amma heç kimin vecinə deyil.

Səsləndirdiyimiz təkliflər sanki bir yerə yığılır, sonra onların əleyhinə hansısa qərarlar qəbul edilir.


Məsələn, sərhədlərin bağlanması daha çox şəxsi maraqlarla bağlı bir məsələ kimi ortaya çıxıb. Çünki elə də ekstremal, həyati əhəmiyyət daşıyan bir vəziyyət yox idi. Amma minlərlə insanın hüququ pozulub, minlərlə insan müalicəyə gedə bilmir. Bunları düşünmək lazımdır. Dövlətin vətəndaşa münasibətini elə qurmaq lazımdır ki, vətəndaşın dövlətə olan inamı sarsılmasın. Bu son hadisələr artıq sarsılmanın göstəricisidir. Bu məsələlərin həll olunması o qədər də çətin deyil. Müzakirə edib optimal yollar tapmaq lazımdır. Bu yolu tapa bilsək, vətəndaşların, xüsusilə sarsıntı keçirmiş, müharibənin od-alovundan keçmiş qəhrəman qazilərimizin, şəhid ailələrinin problemləri öz həllini tapacaq".





Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər