“France Football” jurnalı bu il keçiriləcək “Qızıl top-2025” mükafatlandırma mərasiminin formatında dəyişikliklər edildiyini açıqlayıb.
Bakupost.az xəbər verir ki, ilk dəfə olaraq qadın futbolçular kişilərlə eyni sayda fərdi mükafatlar uğrunda mübarizə aparacaqlar.
Yeniliklərə əsasən, qadınlar üçün də üç yeni fərdi nominasiyada mükafat təqdim olunacaq. Bunlar “Kopa” trofeyi (ilin ən yaxşı gənc qadın futbolçusuna), “Yaşin” trofeyi (ilin ən yaxşı qadın qapıçısına), “Herd Müller” trofeyi (ilin ən məhsuldar qadın futbolçusuna) olacaq.
Daha əvvəl qadın futbolçular yalnız “Ballon d Or”a, yəni ilin ən yaxşı qadın futbolçusu mükafatına layiq görülürdü. Halbuki kişi futbolçuların bir neçə fərdi nominasiyada mükafat qazanmaq imkanı olub.
Bununla yanaşı, əvvəlki illərdə olduğu kimi, bu il də ən yaxşı qadın futbol klubuna və qadın futbolunda ilin ən yaxşı baş məşqçisinə mükafat təqdim olunacaq. Bu qərar qadın futbolunun populyarlığını və əhəmiyyətini artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, “Qızıl top-2025” mükafatlandırma mərasimi sentyabrın 22-də Parisdə keçiriləcək. Yeni trofeylər 1 avqust 2024 – 31 iyul 2025 dövründəki nailiyyətlərə görə təqdim olunacaq. Ötən il ali mükafata İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri layiq görülüb.