Ru
17:40 / 27 Oktyabr 2025

Ramiz Mehdiyevin vəzifə bölgüsü... - Çevriliş olsa, ölkəyə kimlər rəhbərlik edəcəkdi?

Ramiz Mehdiyevin vəzifə bölgüsü... - Çevriliş olsa, ölkəyə kimlər rəhbərlik edəcəkdi?
Eye

Ramiz Mehdiyevin “Dövlət idarəçiliyi sistemində islahatlar” adlı gizli məktubu onun Azərbaycanda dövlət çevrilişi etmək istədiyi, hətta hakimiyyət bölgüsü apardığındna xəbər verir.

Bakupost.az xəbər verir ki, məktubda Mehdiyev mövcud idarəetməni “iflic olmuş avtoritar sistem” adlandırır və ölkədə prezident üsul-idarəsinin ləğv edilərək parlamentar respublika modelinə keçid edilməsini təklif edir. Onun planına əsasən, dövlət hakimiyyətinin klassik üç qolu – qanunverici, icraedici və məhkəmə – formal olaraq saxlanılır, lakin onların üzərində yeni, fövqəladə səlahiyyətləri olan orqan – Dövlət Şurası yaradılır.

Ramiz Mehdiyevin konsepsiyasında əsas siyasi güc məhz bu Şuranın əlində cəmlənir. 50 nəfərlik bu orqan cəmiyyətin müxtəlif sahələrində nüfuz qazanmış şəxslərdən — alimlər, iqtisadçılar, hüquqşünaslar, mədəniyyət xadimlərindən ibarət olmalı idi. Şura ümummilli seçki yolu ilə formalaşmalı, onun sədri isə üzvlərin səsverməsi ilə seçilməli idi. Lakin əslində bu Şura prezidentin səlahiyyətlərini mənimsəyir. Mehdiyev ona veto hüququ, hakimiyyət qolları üzərində tam nəzarət, hətta Konstitusiya Məhkəməsi və Təhlükəsizlik Şurasının funksiyalarını da verir. Dövlət Şurası hökumətin qərarlarını və parlamentin qəbul etdiyi qanunları təsdiqləməli, lazım gəldikdə onları ləğv etmək səlahiyyətinə malik olmalı idi. Bu, faktiki olaraq prezident institutunun yerinə yeni və kollektiv idarəedici qurumun gətirilməsi demək idi.

Mehdiyevin planına görə, ölkədə icra hakimiyyətinə ölkənin Baş naziri rəhbərlik etməli idi. Baş nazir parlament seçkilərində ən çox səs toplayan partiyanın lideri olmalı və hökuməti formalaşdırmaq hüququ əldə etməliydi. Plana əsasən, parlament ümumxalq seçkiləri yolu ilə hər 7 ildən bir formalaşmalı idi. Parlament hökumətin fəaliyyətinə dair hesabatlar qəbul etməli, yalnız sosial-iqtisadi sahəyə cavabdeh nazirləri təsdiq etməliydi. Güc strukturları və təhlükəsizlik orqanlarının rəhbərləri isə Dövlət Şurası tərəfindən müəyyən edilməli idi. Beləcə, parlament formal qanunverici funksiya daşısa da, əsas strateji qərarlar Dövlət Şurasının əlində cəmlənəcəkdi.

Məhkəmə sistemi formal olaraq Ali Məhkəmə və ona tabe strukturlar vasitəsilə fəaliyyət göstərməli idi. Lakin real nəzarət, yenə də Dövlət Şurasının səlahiyyətləri daxilində qalırdı. Ramiz Mehdiyevin təklif etdiyi bu sistem prezident idarəçiliyindən imtina etməklə, ölkəni parlamentar respublika modelinə keçirməyi nəzərdə tutur. Amma bu model klassik parlamentarizmdən fərqli olaraq, xalqın deyil, elita tərəfindən idarə olunan “kollektiv hakimiyyət” quruluşu yaradır.

Ən diqqətçəkən məqam isə budur ki, Mehdiyevin yaratmaq istədiyi Dövlət Şurası keçmiş SSRİ-nin Kommunist Partiyası Mərkəzi Komitəsini xatırladır. Orada da “nüfuzlu şəxslər” və “təcrübəli kadrlar” adı altında qərarları bir qrup ideoloq qəbul edir, ölkənin siyasi taleyi qapalı qapılar arxasında müəyyən edilirdi. Görünür, “boz kardinal” hələ də sovet imperiyasının idarəçilik metodlarından yararlanacaqmış.

Ramiz Mehdiyevin “islahat” adlandırdığı təkliflər, əslində, hakimiyyətin xalqdan uzaqlaşdırılması və köhnə sovet idarəçilik prinsiplərinin dirçəldilməsi, Azərbacyanda Rusiyanın təsrinin gücləndirilməsi cəhdi idi. Mövcud hakimiyyətin ayıq-sayıqlığı ilə bu təhlükə də sovuşdu...

Ayxan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar