Ru
13:56 / 23 İyul 2026

Rayonlarımızda istirahət xaricdə istirahətdən baha başa gəlir

Rayonlarımızda istirahət xaricdə istirahətdən baha başa gəlir
Eye

Yay mövsümündə Azərbaycanın turizm bölgələrində otel və günlük kirayə evlərin qiymətlərinin yüksək olması yerli turistlərin narazılığına səbəb olur. Bəzi hallarda ölkə daxilində bir gecəlik istirahətin qiyməti xarici ölkələrdəki istirahət xərcləri ilə eyni, hətta ondan da baha olur.

Turizm üzrə ekspert Nizami Həsənov “BakuPost”a bildirib ki, Azərbaycanda otel qiymətlərinin yüksək olmasının əsas səbəblərindən biri göstərilən xidmətlə tələb olunan qiymət arasında uyğunsuzluqdur.

“Azərbaycanda bəzi 4 ulduzlu otellər 4 ulduz səviyyəsində xidmət göstərməsələr də, qiymət baxımından 5 ulduzlu otellərlə eyni, bəzən isə daha baha olurlar. Xaricdə səyahət təcrübəsi olan turistlər bu fərqi aydın görür və yüksək qiyməti əsaslı hesab etmirlər”.

Ekspertin sözlərinə görə, regionlarda beynəlxalq standartlara cavab verən otellərin sayının az olması da qiymətlərin yüksək qalmasına səbəb olur.

“Bir sıra bölgələrdə alternativ otellər azdır. Rəqabət zəif olduğu üçün bəzi hotellər qiymətləri istədikləri kimi müəyyənləşdirirlər. Turist isə seçim imkanının məhdudluğu səbəbindən həmin qiymətlərlə razılaşmağa məcbur qalır.”

N.Həsənov qeyd edib ki, bayram və istirahət günlərində vəziyyət daha da kəskinləşir:

“Bəzən elə qiymətlər təklif olunur ki, aviabilet də daxil olmaqla xaricdə istirahət etmək Azərbaycanın turizm bölgələrində dincəlməkdən daha ucuz başa gəlir.”

Ekspert hesab edir ki, qiymətlərin daha əlçatan olması üçün turizm sektorunda rəqabət artırılmalı, xidmət keyfiyyəti yüksəldilməli və beynəlxalq standartların tətbiqi genişləndirilməlidir. Onun fikrincə, bazarda sağlam rəqabətin formalaşması qiymətlərin tənzimlənməsinə də müsbət təsir göstərə bilər.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar