Ru
15:31 / 07 Avqust 2026

Rəşad Məcidə bu da azdır - VİDEO

Rəşad Məcidə bu da azdır - VİDEO
Eye



Nə baş verib? Keçdiyimiz gün Mətbuat Şurasının sədri, tanınmış jurnalist və yazar Rəşad Məcid öz “facebook” profilində maraqlı bir paylaşım edib. Paylaşımda öz anasının əvvəllər bir aya 3 kitab oxuduğunu yazan jurnalist, indilərdə bu rəqəmin 3 aya bir kitaba düşməsinin səbəbini göstərib. Səbəb isə çox sadədir: “Qardaşım anamın telefonuna “tik-tok” yüklədi”. Rəşad müəllim yazıb ki, bununla da evdən “Əcaib səslər gəlməyə başlayıb”. Paylaşımın sonrakı hissəsində türkiyəli jurnalist Yılmaz Özdilə istinad edərək “tik-tok” kimi sosial şəbəkələrdə vaxt keçirməyi “beyin çürüməsi” adlandırıb : “Baxa-baxa, videoları ötürə-ötürə vaxtın necə keçdiyini bilmirik. Və bütün bunlardan yadda heç nə qalmır - nə düşünməyə vadar edir, nə də mənəvi sakitlik yaradır. Bayağı zarafatlar, səthi və səhv məlumatlar, diqqəti bir neçə saniyəlik ələ keçirmək niyyəti ilə hazırlanmış, düşünmək, kitab oxumaq vərdişini zəiflədən mənasız məzmunlar beyni çürüdür!” Sonda Rəşad müəllim bu vəziyyətə etiraz edərək, çox ciddi və narahat edici suallar ortaya qoyub. Bu paylaşımı xəbərə çevirib öz instaqram səhifəsinə qoyan saytlardan birinin paylaşımı altında rəy yazan televiziya aparıcısı Zaur Baxşəliyev Rəşad Məcidi “ağ yuyub, qara sərib”.

“Bu nə yanaşmadır, bu nə düşüncədir? Bu da ziyalımız?! Dünya süni intellektin təkmilləşmə fonunda az qala insan əməyindən imtina edir. Biz hələ tiktokun əxlaqımıza təsirində qalmışıq?! Relax. Başqalarının həyatına az girin! İmkan, bir az imkan, lütfən!”- Zaur Baxşəliyevin rəyi tam olaraq budur. Kifayət qədər ciddi ittihamlardır. Sən demə Rəşad Məcid öz narahatlığını ifadə edərkən “başqalarının həyatına girib”, adamlara öz “istedadların” göstərməyə “imkan vermiyib” və sairə...

Niyə belə oldu? Bu sualın cavabını bir az uzaqdan başlayaraq vermək lazımdır.

Fikrimi yenə bir misalla izah edəcəm. Kənd yerlərində hamımızın yaxşı bildiyi bir “ata ocağı” anlayışı var. Adətən bu ocaqdan böyüklər evləndikcə ayrılar və özünə ev-eşik qurar. Amma heç vaxt bu evlə, ocaqla əlaqəni kəsməzlər. Hər zaman gəlib- gedər, böyüklərə, kiçiklərə baş çəkərlər. Nə zaman ki, o ocaqdakı böyüklər dünyasını dəyişər, bundan sonra evdən çıxanların da gəliş-gedişi azalar o böyük “ata ocağı” yavaş-yavaş kiçilməyə, xırdalmağa başlayar. Sonra evin ən balacası evlənib evdə yaşamağa başlayanda, gəlin o ocağa layiq olmayan hərəkətlər edərsə vəziyyət daha da pisləşər. Övladlar yığılıb bir qərar verməlidirlər. Əgər ümumi qərar “Daha o evə heç kəs getməsin, nə halları varsa görsünlər” olarsa, bitdi. “Ata ocağı” döndü oldu içindən elə Rəşad Məcidin paylaşımındakı kimi əcaib-qəraib səslər gələn min xarabadan biri...

Məncə hər şey ölkədəki intellektual kəsimin, ziyalıların, qısacası “oxuma-yazma bilən” adamların “mən televizora baxmıram” deməyindən başladı. Biz hamımız televiziyadan könüllü imtina etdik, ölkə televiziyalarına baxmadığımızı hər yerdə uca səslə, yaxşı iş görürmüş kimi deməyə başladıq. Savadlı-ziyalı insanların baxmadığını görən televiziyalar da onlara baxanlar üçün verilişlər istehsal eləməyə başladılar. Hansı ki, bir daha deyirəm, bunların içində oxumuş adam, ziyalı adam demək olar ki, yox səviyyəsində idi. Beləliklə zaurlar, elgizlər, hətta toliklər yarandı. Onların layihələri, verilişləri bir -birinin ardınca ayaq açdı televiziyalara. Bu verilişlər “ən baxımlı” verilişlər oldu, xeyli tamaşaçı kütləsi topladı. Televiziyada ciddi, maarifləndirici verilişlərin sayı sürətlə sıfıra yaxınlaşdı. Xəbərlərdə belə şoulara, qeyri-ciddi formata üstünlük verilməyə başladı. Bu dəfə gördük televiziyalar tamamilə əldən gedir, hətta bu verilişlər ictimai rəyə təsir etməyə, milli -mənəvi, əxlaqi dəyərlərimizə zərər vurur, etiraz etməyə başladıq. Sonda “Dövlət baba” etirazları eşitdi və ölçü götürdü. Halbuki əvvəldən ziyalı kəsim “öz televiziyamıza baxmıram” əvəzinə, “filan formatda verilişlərə” baxıram desə, daha yaxşı verilişlər tələb etsə bu problem bu qədər böyüməyəcəkdi. Yəni, haradan baxsan biz tv-lərimizi artıq çoxdan zaurlara uduzmuşduq. Nə qədər çəki-düzən verilməyə çalışılsa da, televiziyaların nüfuzunu qaytarmaq müşkül məsələ kimi görünür.

Haşiyə olaraq qeyd edim ki, bir çox fikrinə qatılmasam, hətta xeyli məsələdə ondan çox fərqli düşünsəm də, Mirşahinin keçdiyimiz günlərdə televiziyalara baxmayanlarla bağlı dediklərinin əslində yanğı ilə deyilən sözlər, sözlərin deyilmə formasını isə çarəsizlikdən yaranan aqressiya olduğunu anlayıram. Mirşahin kimi ömrünü televiziyaya bağlayan peşəkar adamlar ölkə tv-lərinin vəziyyətini hamıdan yaxşı görür və bundan da əziyyət çəkir. Budur məsələ.
Nə etməliyik? Hörmətli Rəşad müəllim ciddi narahatçılığını ifadə etdiyi və sonda “Yoxsa hələ nə qədər gec deyil, hansısa formada bu xaosa müqavimət göstərməyin yollarını axtarmalıyıq?” sualını qoyduğu paylaşımda əslində səbəbi də göstərib. “Bir-iki dəfə anamdan telefonu alıb TikTok-un videolarına mən də baxmışam. Tam bir bayağılıq - primitiv məlumatlar, düşük zarafatlar, şit lağlağılar...” Vəziyyətdən çıxış yolu əslində bu iki cümlədə gizlənib. Biz yenə eyni səhvi edirik. “Məndə tik-tok yoxdur”, “mən tik-toka baxmıram” ədalarıyla müasir dünyanın ən geniş meydanını yenə “onların” ixtiyarına buraxmışıq. Televiziyalardan sonra indi də sosial şəbəkələrdə zaurlar və onların yaratdığı kontentlər hökm sürür. Hətta “tik-tok” kimi plaformalarda paylaşılanlara baxanda düşünürsən ki, Zaur kimi adamlar “toya getməlidir”.

Bəli, çıxış yolu hamılıqla belə şəbəkələrdə gündəlik mümkün qədər vaxt keçirmək, öz fikirlərimizi burada yaymaq, o cümlədən qarşımıza çıxan maarifləndirici, öyrədici məzmunları bəyənmək, belə kanalllara abunə olmaqdır. Əgər normal intellektli insanlar bu platformalarda aktiv olsalar, başqaları daha az görünəcək. Görünsə belə öz çevrələrində, öz auditoriyalarında hökm sürəcəklər, yoxsa indiki kimi, bir ayda 3 kitab oxuyacaq qədər intellektli, ziyalı bir qadın “tik-tok”a girəndə “evi əcaib səslər başına götürməyəcək”

Məsəl üçün, elə Rəşad Məcidin özü, hər halda kifayət qədər müasir telefon işlədir, gün ərzində 5-10 dəqiqə vaxt tapıb, telefonun kameresanı özünə çevirib, hər hansı bir maraqlı mövzuda 1-2 dəqiəlik çəkiliş edib tik-toka yükləmirsə, hətta nəyinki bunu etmir, heç tik-tokda qeydiyyatda deyilsə, hətta və hətta öz telefonunda bu mobil tətbiqi yükləməyibsə, onda elə yaxşı olur.
Rəşad Məcidə, yəni bizə, hamımıza bu da azdı!

Çingiz Özgür

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar