Venesuelanın vitse-prezidenti Delsi Rodrigez rəsmi olaraq ölkənin müvəqqəti prezidenti olaraq and içərək səlahiyyətləri ələ alıb. Bu addım prezident Nicolas Maduro və həyat yoldaşı Cilia Floresin ABŞ tərəfindən saxlanmasından sonra atılıb və ölkədə dərin siyasi böhranın yeni mərhələsini işıqlandırır.
Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, Delsi Rodrigez dünən (yanvarın 5-də) Venesuela Milli Məclisində müvəqqəti dövlət başçısı kimi and içib. Andiçməni Milli Məclis sədri və onun qardaşı Jorge Rodrigez aparıb. Maduro rejiminə bağlı 283 millət vəkili iştirak etdiyi mərasim müxalifət fraksiyaları tərəfindən boykot olunub.
Rodrigez ölkənin idarəçiliyini ələ alarkən Maduro və onun həyat yoldaşını ABŞ-da “iki qəhrəman girov” adlandırıb və onların tutulmasından kədərləndiyini bildirib.
Bu təyinatla Delsi Rodrigez eyni zamanda Venesuelanın ilk qadın dövlət başçısı kimi tarixə düşüb.
Venesuela Ali Məhkəməsi Delcy Rodrigezin müvəqqəti dövlət başçısı səlahiyyətlərinə yiyələnməsi barədə qərar verib. Qurum bildirib ki, məqsəd dövlətin idarəçiliyini təmin etmək və ölkənin müdafiəsini qorumaqdır. Venesuela ordusu da bu qərarı dəstəklədiyini bəyan edib.
Rodrigez 2017-ci ildən bəri ölkənin vitse-prezidenti kimi fəaliyyət göstərib və Hugo Çavez dövründən bu yana iqtidar strukturunun aparıcı fiqurlarından olub.
ABŞ prezidenti Donald Tramp keçici prezident Rodrigezə qarşı münasibətdə sərt mövqe sərgiləyib və onun əməkdaşlıq etmədiyi təqdirdə daha ağır nəticələrlə üzləşə biləcəyini bildirib.
Delsi Rodrigez həmçinin ABŞ ilə “sülh və əməkdaşlıq” axtarmaq arzusunu da ifadə edib və qarşılıqlı hörmət və beynəlxalq hüquq çərçivəsində münasibətlərin qurulmasını istəyib.