Rusiya Ali Məhkəməsi 1950-ci ildə “antisovet təbliğatı” ittihamı ilə məhkum olunmuş Odessa sakini İvan Mokun işinə yenidən baxaraq, hökmün bir hissəsini ləğv edib, amma “vətənə xəyanət” maddəsini qüvvədə saxlayıb.
Bakupost.az “Moskovskiy Komsomolets”ə istinadən xəbər verir ki, məhkəmə sənədlərinə əsasən, İvan Mok 1950-ci ildə “vətənə xəyanət” və “əksinqilabi təbliğat” maddələri ilə məhkum edilib. İttihama görə, o, İkinci Dünya müharibəsi zamanı faşist Almaniyasının Odessa üzərində işğalı dövründə könüllü şəkildə yaşayış məntəqəsində almanların təyin etdiyi yerli idarəçi kimi fəaliyyət göstərib və işğalçı qüvvələrin göstərişlərini icra edib.
Müharibədən sonra Mok Kirov vilayətində yaşayarkən yerli əhali arasında sovet hakimiyyətinə qarşı çıxışlar və təbliğat aparmaqda ittiham olunub. Məhz bu epizodlar əsasında ona əlavə olaraq “antisovet fəaliyyət” maddəsi tətbiq edilib.
Ali Məhkəmə hazırkı qərarı ilə Mok barəsində çıxarılmış hökmü qismən dəyişib. Belə ki, “əksinqilabi təbliğat” ittihamı üzrə məhkəmə qərarları ləğv edilib. Bununla yanaşı, “vətənə xəyanət” ittihamı üzrə çıxarılmış hökm isə qüvvədə saxlanılıb.
Qeyd olunur ki, bu Rusiya Ali Məhkəməsinin son dövrlərdə sovet dövrünə aid siyasi xarakterli işlər üzrə verdiyi ikinci analoji qərardır. Müşahidəçilər bu cür qərarları SSRİ dövründə aparılmış repressiv məhkəmə praktikasının hüquqi nəticələrinin qismən yenidən qiymətləndirilməsi kimi dəyərləndirirlər.
Cavid, BakuPost