Ru
17:30 / 25 İyul 2025

Rusiya Azərbaycana qarşı: Silahlar işə düşəcək?

Rusiya Azərbaycana qarşı: Silahlar işə düşəcək?
Eye

Ötən ilin dekabrında AZAL-ın təyyarəsinin Qroznıda vurulmasından sonra Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşib. İyunun sonunda Yekaterinburqda azərbaycanlıların Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən amansızlıqla qətlə yetirilməsi, ardınca Bakıda müxtəlif cinayətlərdə şübhəli bilinən Rusiya vətəndaşlarının həbsi iki ölkə arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olub.

Prezident İlham Əliyev Şuşada keçirilən III Qlobal Media Forumunda çıxışı zamanı Azərbaycan–Rusiya münasibətlərinə toxunaraq baş verənlər barədə fikirlərini ifadə edib. Dövlət başçısı xüsusilə AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində atəşə tutulması faktını xatırladaraq bildirib ki, hadisədən 7 ay keçməsinə baxmayaraq, Rusiya tərəfi bu məsələ ilə bağlı hələ də Azərbaycana rəsmi açıqlama təqdim etməyib.

“Biz nə baş verdiyini bilirik və bunu sübutlarla təsdiqləyirik. Rusiya rəsmilərinin də bu hadisədən xəbərdar olduqlarına əminik. Bizim tələbimiz haqlıdır – təyyarəyə hücum edənlər cəzalandırılmalı, qurbanların ailələrinə və AZAL-a təzminat ödənilməlidir”, - deyə Prezident vurğulayıb.

Rusiya tərəfi isə nə qədər qəribə də olsa, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində ilk addımı Azərbaycandan gözləyir. Belə ki, rəsmi Moskva Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın dili ilə "Sputnik Azərbaycan"ın Bakıda həbs olunan işçilərinin sərbəst buraxılmasının belə bir addım ola biləcəyini qeyd edib. Lakin münasibətləri Rusiya yanlış addımları ilə gərginləşdirib. Buna baxmayaraq, Moskva özləri gərginliyuin aradan qalxması istiqamətində praktiki olaraq heç bir addım atmır.

Azərbaycanla Rusiya arasında hazırkı gərginliklə bağlı fikirlərini açıqlayan siyasi şərhçi Oktay Qasımov Bakupost.az -a bildirib ki, rəsmi Moskva tərəfindən son 7-8 ayda Azərbaycana qarşı həyata keçirilən siyasət qəbuledilməzdir. Bu, 2022-ci ildə imzalanmış müttəfiqlik fəaliyyətinə dair memorandumun ruhuna tamamilə ziddir:


“Məhz Rusiyanın günahı ucbatından gərginlik yaşanmaqdadır, münasibətlər ciddi şəkildə soyuyub. O ki qaldı Rusiyanın qoyduğu şərtlərə, bunlar qəbul oluna bilməz. Çünki jurnalistlərin, daha doğrusu, casusların, kəşfiyyatçıların həbsinə qədər Rusiya tərəfindən Azərbaycana qarşı qeyri-dost addımlar atılıb. Təyyarəmiz vurulub, onunla bağlı üzr istənilməyib, günahkarlar cəzalandırılmayıb, təzminat ödənilməyib. Ardınca bizim media məkanına kiberhücumlar təşkil olunub və bunun məsuliyyətini daşıyanlarla bağlı hansısa bir tədbir görülməyib. Daha sonra millət vəkili Rusiyadan deportasiya olunub və bununla bağlı heç bir açıqlama verilməyib. Üstəlik, Rusiyada bizim soydaşlarımıza qarşı faktiki olaraq total təzyiq və repressiya kampaniyası aparılmaqdadır. Azərbaycan bu məsələlərlə bağlı Rusiya tərəfindən izahat istəyir, lakin bu izahatlar verilmir. Əvəzində biz Zaxarovadan yenə imperiya təfəkkürlü açıqlamalar və casusların azad olunmasına dair iddialar eşidirik. Bu bir daha onu göstərir ki, Rusiyanın zehniyyətində və siyasətində heç bir dəyişiklik olmayacaq”.

Politoloq vurğulayıb ki, Azərbaycana qarşı təzyiqlərin olacağı əvvəlcədən proqnozlaşdırılırdı:

“Ukrayna müharibəsinin başlanmasından sonra bu ehtimallar daha da artmışdı. Həmişə deyilirdi ki, Rusiyanın Ukraynadan sonra ilk hədəfi Azərbaycan olacaq. Çünki Azərbaycanın suverenliyini bərqərar etməsi, müstəqil siyasət yürütməsi və regional oyunçuya çevrilməsi, yeni reallıqlar yaratması Rusiya üçün məqbul deyil. Onlar hesab edir ki, Rusiya imperiyasının ucqar əraziləri saydıqları ölkələrin müstəqil siyasət yürütməsi qəbuledilməzdir. Ona görə də düşünmürəm ki, yaxın zamanlarda Azərbaycan-Rusiya münasibətləri normallaşsın. Rusiya tərəfindən təzyiqlər davam edəcək”.

Oktay Qasımovun fikrincə, bu təzyiqlərin arxasında duran əsas səbəblərdən biri də Zəngəzur dəhlizi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasıdır:

“Rusiya bu məsələlərdə maraqlı deyil və hesab edir ki, Azərbaycan-Ermənistan normallaşması onun patronajlığı altında baş verməlidir, Zəngəzur dəhlizinə isə o nəzarət etməlidir və tərəflərə təzyiq mexanizmlərini əlində saxlamalıdır. Ona görə də yaxın dövrlər üçün normallaşma gözlənilmir, təzyiqlərin davam edəcəyi ehtimalı daha yüksəkdir”.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar