Ru
21:53 / 22 Oktyabr 2025

Rusiya Azərbaycanla bağlı bu ssenaridən ölümünə qorxur

Rusiya Azərbaycanla bağlı bu ssenaridən ölümünə qorxur
Eye

Ötən əsrin 70-ci illərində dövrünün iki qüdrətli kəşfiyyat orqanı, Dövlət Təhlükəsizlik Komitəsi və Mərkəzi Kəşfiyyat İdarəsi İrandakı prosesləri dəqiq qiymətləndirə bilmədiyi üçün İran İslam İnqilabı Sovet İttifaqı və ABŞ üçün gözlənilməz hadisə olub. Amerika kəşfiyyat aləmində ən nüfuzlu ekspert olan Kolumbiya Universitetinin professoru Robert Cervisin (Robert Jervis) “Kəşfiyyat niyə uğursuz olur: İran inqilabından və İraq müharibəsindən dərslər” (Why Intelligence Fails: Lessons from the Iranian Revolution and the Iraq War) kitabı Amerika kəşfiyyatının əsas uğursuzluqlarını təhlil etməyə həsr olunub.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli bildirib.

Onun sözlərinə görə, Vaşinqton kimi Moskva da İslam İnqilabı ilə bağlı uğursuzluqdan dərs çıxarmağa çalışaraq, İranda gedən prosesləri dəqiq qiymətləndirməyə, ona təsir göstərməyə və mümkün olarsa, yönləndirməyə çalışır:

“Moskvada gözəl bilirlər ki, regionun taleyi böyük ölçüdə İranda baş verəcək hadisələrin nəticəsindən asılıdır. Yeni dünya düzənin əsasən İranda gedən proseslərin nəticələrinə uyğun olacağı haqqındakı fikirlər də həqiqətdən uzaq deyil. Buna görə də Rusiya diplomatiyası və kəşfiyyatı İrana yönəlik fəaliyyətini gücləndirib. Moskvanın İran oyunu Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarına təhlükə yaratdığı üçün rus diplomatiyasının və kəşfiyyatının İranda nəyə nail olmağa çalışdığını müəyyən etmək məcburiyyətindəyik.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Şərqə körpülər” layihəsi üçün müsahibəsində heç şübhəsiz ki, əvvəlcədən müəyyən olunmuş - “İrandakı vəziyyət regionda sabitliyə təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir. Sizcə, İranın nüvə proqramı üzrə tammiqyaslı danışıqlara qayıtmaq mümkündürmü?” sualını cavablandırkən tarixə ekskursiya edir. Bu ekskursiya zamanı İrana qarşı sanksiyaları bərpa etməyə imkan verən “snapback” mexanizminin mövcudluğuna görə günahı sanksiyaların götürülməsi ilə bağlı 6+1 formatında aparılan danışıqlarda İranı təmsil edən xarici işlər naziri Məhəmməd Cavad Zərifin üzərinə atır. Lavrov bildirir ki, özünün də iştirakçısı olduğu danışıqların sonunda sövdələşmə əldə edildikdən sonra o zamankı dövlət katibi Con Kerri İranın xarici işlər naziri Məhəmməd Zərifə deyir ki, biz hər şeyi razılaşdırdıq, ancaq Konqresdə bir çoxları Tehrana etibar etmədiyindən onları inandırmaq üçün bir bənd yazacağıq ki, əgər İran nəyisə pozarsa, əməl etməzsə, sanksiyaların bərpası üçün BMT Təhlükəsizlik Şurası avtomatik olaraq qətnamə qəbul ediləcək. Lavrov İrana qarşı indi sanksiyaların bərpasına imkan verən “snapback” mexanizminin mövcudluğunu Zərfin Kerrinin bu təklifini qəbul etməsi ilə uzah edir. Lavrovun 10 il sonra bu məsələləri xatırlaması təsadüfi deyil. İranda mühafizəkarlarla islahatçılar arasında mübarizənin ən sərt mərhələsinə qədəm qoyduğu bu günlərdə Lavrov bu açıqlaması ilə islahatçıların əsas liderlərindən biri Məhəmməd Zərifi “günah keçisi”nə çevirir.

Rusiyanın İrana yönəlik siyasətində diqqət çəkən ikinci maraqlı məqam İranın ali rəhbəri Əli Xameneinin müşaviri, kontr-admiral və mühafizəkarların liderlərindən biri Əli Şamxaninin qızının ilyarım əvvəl keçirilmiş toy məclisində çəkilmiş görüntülərin yayılması ilə bağlıdır. Bu görüntülərin Rusiya kəşfiyyatı tərəfindən yayıldığı iddia edilir. Doğrudur, Rusiya kəşfiyyatı bu hadisənin İsrail kəşfiyyatının əməli kimi görünməsinə çalışıb. Lakin İsrail ekspertləri bu işin onlara aid olmadığını bildirirlər.

Rusiya diplomatiyası və kəşfiyyatının İranın siyasi elitasındakı hər iki qanadı, həm islahatçıları, həm də mühafizəkarları hədəf alması çox düşündürücüdür. Belə görünür ki, İranda rejimin son günlərini yaşadığını aydın görən Moskva 1979-cu il uğursuzluğu ilə qarşılaşmaq istəmir. Ona görə də prosesə təsir etməyə çalışır. Belə iddialar var ki, Rusiya İranda həm mühafizəkarları, həm də islahatçıları zəiflətməklə hərbi çevrilişdə maraqlı olan qüvvələrin yolunu açmağa çalışır. Rusiya hələ Qasım Süleymani zamanından İranda mülki strukturlardan daha çox hərbiçilərlə işləməyə üstünlük verib.

Rusiya İranda həm mühafizəkarları, həm də islahatçıları zəiflətmək üçün həyata keçirdiyi əməliyyatların ikinci, nisbətən az ehtimallı izahı belədir ki, Trampla Ukraynada anlaşmağa çalışan Rusiya Vaşinqtona İranı sata biləcəyinin mesajını verir.

İran məsələsi Rusiya üçün həyati əhəmiyyət daşıdığı üçün heç şübhəsiz ki, Moskvanın A, B variantları ilə yanaşı, C variantı da var. Qənaətimcə, İranla bağlı Rusiyanın C variantı kürdlərdir. Rusiya cənub sərhədlərində böyük və bütöv Azərbaycan yaranmasından ölümcül dərəcədə qorxur. Rusiyanın İranda Azərabycan türklərinin sayını azaltmağa, kürdlərin sayını artırmağa çalışması da bunun sübutlarından biridir. Prezident Məsud Pezeşkiana gizlədə bilmədikləri nifrətin də səbəbi son seçkidəki qələbəsi ilə İranda Azərbaycan faktorunun nə qədər güclü olduğunu bütün dünyaya göstərməsi ilə bağlıdır”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar