Vyaçeslav Volodin yenidn Rusiya Dövlət Dumasının sədri seçilib.
“Bakupost” xəbər verir ki, o artıq 10 ildir bu postu tutur.
Vyaçeslav Viktoroviç Volodin 1964-cü ilin fevralın 4-də Rusiyanın Saratov vilayətinin Alekseyevka kəndində sadə kəndli ailəsində anadan olub.
Vyaçeslav Volodinin atası çay donanması kapitanı, anası isə ibtidai sinif müəllimi olub. O, 15 yaşından etibarən təsərrüfatda maşinist kimi əmək fəaliyyətinə başlayıb.
1986-cı ildə Saratov Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. Daha sonra, 1995-ci ildə Rusiya Prezidenti yanında Dövlət Qulluğu Akademiyasını hüquqşünaslıq ixtisası üzrə başa vurub.
1996-cı ildə Sankt-Peterburq Daxili İşlər Nazirliyi İnstitutunda dissertasiya müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini alıb.
Volodinin siyasi karyerası 1990-cı illərin əvvəllərində Saratov vilayətində başlayıb. 26 yaşında Saratov Şəhər Sovetinin deputatı seçilib. İki ildən sonra isə Saratov şəhər administrasiyası başçısının müavini və işlər müdiri təyin olunub. 1994-cü ildə Saratov Vilayət Dumasının deputatı və vitse-spikeri seçilib. 1996-1999-cu illər arasında Saratov vilayətinin vitse-qubernatoru olub.
1999-cu ildə o, Moskvaya köçərək federal siyasətə qoşulub. Həmin ildə Dövlət Dumasının deputatı seçilib və "Oteçestvo - Vsya Rossiya" (Vətən - Bütün Rusiya) fraksiyasına rəhbərlik edib. Sonradan IV və V çağırış Dövlət Dumalarının da deputatı olub.
2003–2010-cu illərdə Dövlət Dumasının sədr müavini və "Yedinaya Rossiya" (Vahid Rusiya) partiyasının baş katibi vəzifələrini icra edib. 2010–2011-ci illərdə Rusiya Federasiyası Hökuməti sədrinin müavini – Hökumət Aparatının rəhbəri vəzifəsində çalışıb. Növbəti 5 ildə isə Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini olub.
Volodin 5 oktyabr 2016-cı ildə VII çağırış Dövlət Dumasının sədri seçilib. O, prezident Vladimir Putinin ən yaxın ətrafına daxil olan və onun mühafizəkar siyasi xəttini dəstəkləyən əsas fiqurlardandır.
Volodin Krımın Rusiya tərəfindən ilhaq edilməsi və Ukraynadakı hərbi münaqişələrlə əlaqədar ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər qərb ölkələrinin sanksiya siyahılarına daxil edilib.
Rüfət Sultan,
BakuPost