Son üç gün ərzində Rumıniya ərazisində üç dəfə Rusiyaya məxsus pilotsuz təyyarələr məhv edilib.
Bakupost.az xəbər verir ki, bu barədə məlumat verən Rumıniya prezidenti Nikusor Dan F-16 qırıcı təyyarəsinin Rusiya pilotsuz təyyarəsini məhv etdiyini bildirib.
O, hadisə ilə bağlı kəskin etiraz bildirərək deyib ki, Rusiya pilotsuz təyyarələrinin həm NATO, həm də AB ərazisi olan Rumıniya hava məkanını pozmağa davam etməsi dözülməzdir.
Bildirilir ki, hadisə Sulina-Çili bölgəsində baş verib. Rumıniya Baş Prokurorluğunun araşdırmasına görə, vurulan pilotsuz təyyarə Ukraynadakı müharibə zamanı Rusiya qüvvələri tərəfindən istifadə edilən “Şahed” tipli pilotsuz təyyarə olub.
Bu sayaq təxribatlar nə məqsəd daşıyır və nəyə gətirib çıxara bilər?
Siyasi şərhçi Kamran Cəfərov
Bakupost.az-a bildirib ki, Rusiya Ukraynaya qonşu NATO ölkələrinə dron hücumlarını bilərəkdən edir və burada da əsas məqsəd həmin ölkələrin Kiyevə dəstəyinin zəiflədilməsinə nail olmaqdır:
“Son günlər ərzində bu sayaq hadisələrin bir neçə dəfə baş verməsi artıq tendensiya halını alıb. Amma belə presedentlər bundan qabaq da Rumıniya və Polşa ərazisində olub. Ərazinin Rusiyadan atılan dronlarla pozulması halları həmin ölkələrdə müəyyən daxili qüvvələrin əlində “kozıra” çevrilir. Həm Rumıniya, həm Polşa, həm də Baltikyanı ölkələrdə Rusiyaya loyal olan müəyyən siyasi qüvvələr var. Onlar öz ölkələrinin Ukraynaya dəstək olmasının zərərləri barədə bar-bar bağırırlar. Əsas arqumentləri də odur ki, Ukraynaya dəstək olsalar, öz ölkələri daxilində təhlükəsizliklə bağlı problemlər yaşanacaq. Belədə həmin ölkə ərazisinə atılan raketlər, dronlarla onların hava məkanı pozulur, hadisə mətbuatda işıqlandırılır və nəticədə əhali arasında müəyyən xof yaradılır”.
Ekspert qeyd edir ki, Rumıniya ilə Polşanın Ukraynaya hərbi dəstəkdə rolu əvəzedilməzdir:
“İlk növbədə coğrafi yerləşmə baxımından. Hər iki ölkə Ukrayna üçün loqistik hərbi xab rolunu oynayır. Hazırda Prezident Navrotski başda olmaqla Polşada ultrasağ qüvvələrin Ukraynaya qarşı nifrət ritorikası fonunda Varşava ilə Kiyev arasında müəyyən soyuqluq yaşanır. 80 ildən çox əvvəl baş verən hadisələri gündəmə gətirib, onu siyasi alətə çevirməklə ultrasağ qüvvələr özləri üçün xal qazanırlar. Belədə, Polşa ilə münasibətlərin soyuması fonunda Rumıniya vasitəsilə silahların Ukraynaya ötürülməsi halları çoxalıb. Bu isə Moskvanı ciddi narahat edir. Ona görə də Kreml bu işdə Rumıniyanın daha ehtiyatlı davranmasını istəyir. Yəni “göz dağı” vermək istəyir. Bu səbəbdən də nun ərazisinə dronlar atmaqla təxribatlar törədir”.
Rüfət Sultan,
BakuPost