Ru
13:30 / 09 Avqust 2025

Rusiya və İran "Tramp yolu"na qarşı... - Sabiq nazirdən sensasiya

Rusiya və İran "Tramp yolu"na qarşı...  - Sabiq nazirdən sensasiya
Eye

“Vaşinqton görüşü zamanı ABŞ tərəfindən bir neçə mühüm sənədə qol çəkildi. Onların ən vaciblərdən biri üçtərəfli Azərbaycan-ABŞ-Ermənistan memorandumudur. Bu, bir növ gələcək planların xəritəsidir. İndiki mərhələdə qeyd olunur ki, Bayden administrasiyası dövründə münasibətlərə böyük ziyan dəyib və vəziyyəti bərpa etmək üçün konkret məsələlər nəzərdə tutulur”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünün nəticələrini şərh edərkən bildirib.


Sabiq nazirin sözlərinə görə, gələcəkdə Azərbaycan-ABŞ işçi qrupunun yaradılması nəzərdə tutulur:

“Bu işçi qrup strateji xartiya sənədinin hazırlanması ilə bağlı ilin sonuna qədər təkliflərini təqdim edəcək. Bu təkliflərin nəticəsində strateji əməkdaşlıq xartiyası və ya buna bənzər adla sənədin imzalanması nəzərdə tutulur. Hazırkı mərhələdə isə üçtərəfli münasibətləri inkişaf etdirmək məqsədilə buna aid memorandum imzalanıb”.

Ermənistan-Azərbaycan münaqişəsindən danışan T.Zülfüqarov qeyd edib ki, çərçivə sülh sazişi xarici işlər nazirləri tərəfindən paraflanıb və üçtərəfli bəyanat qəbul olunub:

“Bu bəyanatın siyasi əhəmiyyəti çox böyükdür. Sülh sazişinin imzalanması 2026-cı il üçün nəzərdə tutulur. Çünki Ermənistan əvvəlcə konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. İndiki görüşdə imzalanan üçtərəfli bəyanatda sülh prosesinə siyasi dəstək və onun əsas çərçivəsi qeyd olunub. Hesab edirəm ki, bu, iki xalq arasında sülh əhval-ruhiyyəsinin bərqərar olması üçün mühüm addımdır”.

T.Zülfüqarov vurğulayıb ki, görüşdə bir çox məsələ öz həllini tapıb. ABŞ Prezidenti 907-ci düzəlişin tətbiqini dayandırıb:

“Bundan sonra əminəm ki, həm Azərbaycan, həm də ABŞ administrasiyası Konqreslə ciddi şəkildə işləməyə başlayacaq ki, 907-ci düzəliş tam şəkildə ləğv olunsun. Bu da gələcəyin işidir.”

Onun sözlərinə görə, digər mühüm qərar Azərbaycan və Ermənistanın Minsk qrupunun fəaliyyətini dayandırmaq barədə razılığa gəlməsidir:

Bu, mühüm siyasi mesajdır ki, artıq Qarabağ münaqişəsinə son qoyulub. Minsk qrupunun əsas vəzifəsi Qarabağın siyasi statusunu müəyyənləşdirmək idi. İndi isə bu məsələ rəsmi olaraq bağlanıb. Hətta dərhal sonra Fransa da bunu dəstəkləyən bəyanat verib.ABŞ və Ermənistan arasında “Tramp yolu” adlanan bir layihə barədə razılaşma əksini tapıb. Azərbaycan da bu layihənin icrasında iştirak edəcək. Çünki gözləntilərimiz böyükdür. İlk növbədə gözləntilər ondan ibarətdir ki, birmənalı olaraq Azərbaycanın iki hissəsi arasında kommunikasiya əlaqələrinin və vətəndaşların maneəsiz, təhlükəsiz gediş-gəlişinin təmin olunsun”.

Sabiq nazirin sözlərinə görə, bəzi bəyanatlarda Rusiya və İranın bu layihəyə qarşı olduğunu iddia edilir:

“Bu, əsassızdır. Əgər Zəngəzur dəhlizi və “Tramp yolu” layihəsi həyata keçirilsə, bu, təkcə şərq–qərb istiqamətində kommunikasiya imkanları açmayacaq, həm də sovet dövründən mövcud olan dəmir yolu bağlantısı bərpa olunacaq. Bu isə Zəngəzur dəhlizi vasitəsilə şimal-cənub dəhlizinin dəmir yolu hissəsinin işlək vəziyyətə gətirilməsi deməkdir. Bu da Rusiya, İran və bölgədəki digər ölkələr üçün böyük iqtisadi imkanlar yaradan siyasi hadisə olacaq”.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar