Kremlə bağlı olan rusiyalı təbliğatçıların Azərbaycana qarşı antitəbliğat cəhdlərinin ardı-arası kəsilmir. Əksinə. Kreml təbliğatçıları “siyasi şərhlər”, daha doğrusu, “şərlərlə” bu miqyası genişləndirməyə çalışırlar.
Bakupost.az xəbər verir ki, növbəti belə bir iftiranı Andrey Serenko paylaşıb.
“Politoloq” olaraq təqdim edilən Andrey Serenko bütün təxəyyülünü işə salaraq, qeyri-adi “ssenari” qurub və ssenarinin təqdimatından görünür ki, özü belə yalanına inanmayıb.
Serenko görün, nələr yazır: “Pakistandan Azərbaycana 50 minə qədər pəncab və pakistanlı puştun yaraqlısı muzdlu əsgər kimi göndəriləcək.
Köçürmənin Əfqanıstan və Türkmənistan vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə müxtəlif - əfqan və regional - mənbələr məlumat verir.
Onların sözlərinə görə, guya (Serenko özü belə “guya” sözünü işlədir - red.) “Azərbaycan layihəsi”ndə iştirak edən 500-dən 1000-ə qədər silahlı pakistanlı yaraqlı hər gün Əfqanıstana soxulur. Mənbələrin məlumatına görə, bu yaraqlılar Pakistanın Xidmətlərarası Kəşfiyyat İdarəsinin köməyi ilə hazırlanır. Mənbələrin məlumatına görə, təlimatçılar əfqan geyimində olan azərbaycanlı hərbçilərdir: “Təlim düşərgələri Əfqanıstanın cənub-şərqində və şimal-qərbində, əsasən puştunların məskunlaşdığı ərazilərdə yerləşir”.
Mənbələr iddia edir ki, Türkiyə və İsrail kəşfiyyat xidmətlərinin köməyi ilə pakistanlı muzdluların daha sonra Azərbaycana köçürülməsi planlaşdırılır. Bir yaraqlının köçürülməsinin dəyəri 3 min dollar olaraq qiymətləndirilir və iddialara görə, İsrail kəşfiyyat xidmətləri artıq 50 min muzdlunun hamısının tranziti üçün pul ödəyib.
Mənbələr iddia edir ki, bir pakistanlı yaraqlının aylıq maaşı 1500 dollar, 5 minə yaxın pəncab komandiri isə 2500 dollar alır. Pakistan və Əfqanıstan Talibanları arasından muzdlu əsgərləri cəlb edən vasitəçilər üçün komissiyalar hər nəfər üçün 750 dollar məbləğində nəzərdə tutulub.
Mənbələr vurğulayır ki, Türkiyə xüsusi xidmət orqanları muzdluları Azərbaycana hava yolu ilə köçürməyi planlaşdırır.
Eyni mənbələr iddia edir ki, Türkiyə də 2000-ə qədər pakistanlı muzdlu əsgəri əlavə və daha dərin hərbi və dəniz təlimləri üçün xüsusi təlim mərkəzlərinə köçürmək niyyətindədir. Bunun üçün bütün xərclərin MOSSAD tərəfindən qarşılandığı iddia edilir.
Eyni mənbələrə görə, Türkiyə Rusiyanın Taliban hərəkatını tanımasından narahatdır, çünki Moskva pakistanlı muzdluların Azərbaycana keçməsinin qarşısını almağa çalışır: “Rusiya Mərkəzi Asiyada türklüyün böyüməsindən qorxur ki, bu da onun təhlükəsizliyini təhdid edir və Türkiyə pantürk ekspansiyasının mərkəzidir”.
Mənbələrə görə, İsrail rejimi Əfqanıstan və Azərbaycan üzərindən İrana qarşı dağıdıcı partizan quru müharibəsi başlatmağı planlaşdırır.
Mənbələrə görə, 50 min pakistanlı muzdlunun hamısı Əfqanıstanda bütün təlim kurslarından keçməli və 2026-cı ilin yazına qədər Azərbaycana tam köçürülməlidir”.
Mətnə diqqət etdikdə rusiyalı “politoloq”un öz təbliğatı üçün necə saxtakarlıq etdiyi açıq-aşkar görünür. Bütün şərləmələr - ayrı-ayrı cümlələr “mənbələrə görə” sözü ilə başlayır. Müəllif (Andrey Serenko) özü də uydurduğuna inanmadığından, bütün məsuliyyəti naməlum mənbələrə yükləyir, ancaq bu da alınmır.
Azərbaycanın niyə İrana qarşı “quru əməliyyatında” “vasitəçilik” etməsinin anlamı yoxdur, o qədər muzdlunun Azərbaycana daşınmasını təxmin belə etmək mümkün deyil; İrana qarşı “quru əməliyyatı” üçün Əfqanıstanda “hazırlanan” muzdlular elə Əfqanıstandan İrana girib, “partizan” savaşı apara bilməzlərmi? Bunun üçün “əsas” da var və İran-Əfqanıstan sərhədi heç də sakit və sabit deyil. Bəlkə də Serenko Əfqanıstanın İranla sərhədinin Azərbaycandan daha böyük olduğunu bilmir.
Digər tərəfdən, müəllif “həcmin” böyüklüyünü görüb, prosesə Türkiyəni qoşmağı da “mənbələrə” tapşırıb, ancaq “mənbələr” Türkiyənin İrana qarşı MOSSAD-la əməkdaşlıq etməsini “bildirərkən” Serenkonu tamamilə ifşa ediblər.
Qeyd edək ki, Ermənistan mediasının bu səfsəfəni tirajlaması və bundan təbliğat üçün istifadə etməyə çalışmasının özü də gülüncdür.
Asena,
BakuPost