Ru
15:09 / 24 Oktyabr 2025

Rusiyanın “etibarlı adamı” niyə məhz indi ifşa olundu? - Mehdiyev sensasiyası

Rusiyanın “etibarlı adamı” niyə məhz indi ifşa olundu? - Mehdiyev sensasiyası
Eye

Özünü illərlə ölkənin baş ideoloqu kimi təqdim edən, bu gün isə “baş xəyanətkar” statusunda istintaqa cəlb edilən Ramiz Mehdiyevlə bağlı müəmmalar və suallar getdikcə çoxalır. Məhkəmə prosesi başlayana, ittihamların detalları açıqlanana qədər belə sualların olması təbiidir.

Əsas suallardan biri Ramiz Mehdiyevin "ağsaqqal" obrazının yerini “xəyanət dosyesi”nin alması ilə bağlıdır. Bu necə baş verdi? Və niyə bu qədər gec? Axı Ramiz Mehdiyevin Rusiyanın adamı olduğu, hər zaman Bakıda Moskvanın maraqlarını həyata keçirməyə çalışdığı uzun illərdir, hər kəsə bəllidir. Bəs, niyə belə bir adam dövlət maşınının ideoloji sükanı arxasında oturdu, illərlə milli düşüncə sahiblərinə üzərinə sürməyə, onları məhv eləməyə çalışdı?

Hər şeydən öncə Ramiz Mehdiyevin Prezident Administrasiyasında fəaliyyətə başladığı dövrə diqqət yetirmək lazımdır. Müharibə uğursuzluğu, torpaqların işğalı fonunda vətəndaş müharibəsinin astanasında olan Azərbaycanın həm də parçalanmasının əsası qoyulmuşdu. “Sadval”ın aktivləşməsi, “TMR” və digər separatçılıq elementlərinə qol-qanad verilmişdi.

Tam bir xaos, siyasi anarxiyanın hökm sürdüyü, hüququn işləmədiyi, Bakı küçələrində qanunsuz silahlı şəxslərin və tankların dolaşdığı, iqtisadiyyatın çökdüyü bir mənzərəni 2025-ci ildən təsəvvür etmək heç də asan deyil, ancaq həmin dövrü yaşayanlar o günləri yaxşı xatırlayır, həmçinin videogörüntülər də o zaman kəsiyini anlamağa imkan yaradır.

Bu ərəfədə üstünə “Surətə görə”, “Bakıya doğru” yazılmış, düşmən üzərinə yeriməli zirehli texnikalar Azərbaycan paytaxtının bir neçə kilometrliyində “lövbər” salmışdı. Surət Hüseynovun qiyamı xaosa batan ölkəni tam iflasa sürükləyirdi.

Heydər Əliyev belə bir vəziyyətdə xilaskar kimi dəvət edilmişdi və bütün ümidlər ona idi.

Amma Heydər Əliyevin Ali Sovetin sədri seçilməsindən qısa müddət sonra Əbülfəz Elçibəy paytaxtı tərk edib, Kələkiyə sığınmaq qərarı verdi, bunun ardınca isə Xalq Cəbhəsinin kadrlarının “fəaliyyətini dondurması” prosesi başladı.
Ümid yeri kimi gələn, xalqın xilaskar kimi baxdığı Heydər Əliyevin ətrafında gənc, milli kadrlar sıx birləşməli olduqları halda Elçibəyin ardınca bir-bir “aradan çıxmağa” başladılar.

Buna qarşı ən sərt mövqeyi Heydər Əliyev Ali Sovetdə bildirmişdi. O vaxt xarici işlər naziri olan Tofiq Qasımovun “vəzifəsini dondurması” ilə bağlı açıqlamasından sonra H.Əliyev Azərbaycanın indiki durumunda işləmək, ölkə həqiqətlərini xaricdə təbliğ etmək, gecə-gündüz çalışmaq lazım olduğunu vurğulamış, nazirin bu adımını sərt tənqid etmişdi.

Həmin çıxışda Heydər Əliyev bir daha elan etmişdi ki, Xalq Cəbhəsinin kadrlarını işdən çıxarmaq fikri yoxdur, əksinə, onlarla işləməkdə maraqlıdır.
Xalq Cəbhəsinin təcrübəsiz kadrları isə panika içində “vəzifələrini dondurmağa” davam edir və postlarından çəkilirdilər.

Bu, Heydər Əliyevə qarşı da bir sabotaj idi; faktiki olaraq çox acınacaqlı vəziyyətdə olan ölkəyə cəbhəçilər də bir tərəfdən zərbə vurmaq yolu tutmuşdular; vəzifələri boşaltmaqla onsuz da meydanda tək qalan Heydər Əliyevin dövlətin strukturlaşması imkanlarını da əlindən almağa çalışırdılar.

Heydər Əliyev bir dəfə bu barədə öz çıxışında da bildirmişdi, belə vəziyyətdə tanıdığı, nomenklaturanı, inzibati sistemi bilən, idarəetmədə təcrübəsi olan, tapşırıqları icra edə bilən və yerlərdə kadrları yerləşdirib, onları işlədə biləcək şəxslərə ehtiyac yarandığını dilə gətirmişdi.

...Ramiz Mehdiyevin əvvəlcə Prezident Administrasiyasına şöbə müdiri, daha sonra isə rəhbər gətirilməsinin digər səbəbi isə əlbəttə ki, Rusiya amili idi. O zaman Azərbaycan zəif, gücsüz, rus kəşfiyyatının məharətlə işlədiyi bir ölkə, Rusiya isə vətəndaş müharibəsi, qırğınlar yaratmaq gücündə idi. Bu səbəbdən yenicə qurulmasına başlanılan bir ölkədə "Şimal ayısı"nın uzantısını göz önündə tutmaq lazım idi.

Heydər Əliyev Rusiyanın yetirməsi olan Ramiz Mehdiyevi göz önündə tutmaqla, faktiki olaraq, Kremlin siyasətini idarə etmək, onu yanıltmaq fürsəti əldə edirdi. O, rus xüsusi xidmətinin hansı gücdə olduğunu da, boşluqlarını da mükəmməl bilirdi və onun bu xidməti bir çox halda necə pis vəziyyətə qoyduğunu 2014-cü ildə, Əsrin Müqaviləsinin 20-ci ildönümündə, yəni o hadisələrin üzərindən məxfilik qrifi qalxandan sonra mərhum politoloq Vəfa Quluzadə ictimailəşdirmişdi.

Heydər Əliyev mükəmməl bir gediş də etmişdi: Namiq Abbasovu MTN rəhbəri təyin etməklə orada təmiz, şəffaf, rüşvətdən kənar, saat kimi dəqiq çalışan bir sistem qurmuşdu və bununla da Bakıdakı çoxsaylı xarici kəşfiyyatların oyunlarını iflasa uğratmışdı.
Yeri gəlmişkən: Namiq Abbasov Azərbaycanda DTX-da işləmişdi, daha sonra isə SSRİ-də xarici kəşfiyyatda çalışırdı, əks-kəşfiyyatçı idi. Onu 1992-ci ildə Əbülfəz Elçibəy dəvət etmiş və MTN-ə sədr müavini təyin etmişdi. Heydər Əliyev özünün yetişdirdiyi, Elçibəyin Azərbaycana dəvət edib, vəzifə verdiyi bir şəxslə işləməyi üstün tutdu və bu da dahi liderin peşəkarlığı yüksək qiymətləndirməsi ilə bərabər, AXC-nin dəvət etdiyi kadrlarla işləməyə açıq olmasının nümunəsi idi.

Heydər Əliyev mükəmməl gedişlərlə uzunmüddətli strategiya müəyyənləşdirmişdi və həmin illərdən başlayaraq, addım-addım Rusiyanın təsirini azaltmaq istiqamətində irəliləyirdi.

Kim kimdən istifadə etdi?

Rusiyanın postsovet ölkələrinin hamısında vacib postlara öz kadrlarını yerləşdirdiyini hər kəs bilir. Amma istər mərhum Prezident Heydər Əliyev, istərsə də hazırkı Prezident İlham Əliyev həmişə öz gücünə inanıblar. Onlar heç zaman Mehdiyevi özləri üçün ciddi təhlükə hesab etməyiblər. Əksinə, bəlkə də Mehdiyevdən bir çox məqamda ölkənin maraqları üçün istifadə ediblər. Bəs, Ramiz Mehdiyev özü necə? O, Rusiyadan daha çox istifadə etdi, yoxsa Rusiya ondan? Hər halda Mehdiyevin Moskva sevgisi qarşılıqlı maraqlara əsaslanırdı və uzun illər ərzində hər iki tərəf öz oyununu oynadı. 90-ci illərdən başlamış ta 2019-cu ilə kimi Kreml Bakıda “etibarlı adamı” olduğunu sanırdı, Azərbaycan isə bu arxayınçılıqdan istifadə edib taleyüklü məsələlərini həll etdi. Və sonra... məqam yetişdi, Ramiz Mehdiyevin “fişəngi” söndürüldü. Missiyası bitmişdi və o, artıq lazım deyildi.

Ziyalılara qarşı savaş: mif, yoxsa reallıq?

Bu gün sosial şəbəkələrdə Ramiz Mehdiyevin hökumətdə əsas söz sahibi olması, istədiyi addımları vəzifəyə təyin etdirməsi və ya çıxarması, həbs etdirməsi, bir sözlə, hakimiyyəti yönləndirməsi barədə müzakirələr aparılır. Əlbəttə, Mehdiyev vəzifəsinin imkanlarından istifadə edib öz çirkin planlarını həyata keçirirdi. Lakin hakimiyyətin idarə olunması, onun mütləqi-hakim olması fikri sadəcə, mifdir.
Məsələn, adi bir faktı xatırlayaq. 1996-cı ildə xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisdə çıxış edərək Mehdiyevi sərt tənqid, ifşa, hətta təhqir etdi. Ancaq bundan sonra nə baş verdi? Mehdiyev sadəcə, bu çıxışı sükutla izlədi. Bununla bağlı Bakupost.az -ın sualına S.Rüstəmxanlı belə cavab vermişdi: “Ortada Heydər Əliyev faktoru var idi. O, ziyalıları qoruyurdu. Nə qədər səlahiyyətli olsa da, Ramiz prezidentin qəzəbindən qorxurdu”.

Komanda mifi və nəzarətdə saxlanılan ağsaqqal

Hazırda ictimai rəydə Mehdiyevlə bağlı daha bir mif dolaşır - “komandası var”. Guya, bu illər ərzində Ramiz Mehdiyevin ətrafında güclü bir şəbəkə olub. Əslində, bu, sadəcə illüziyadır. O, sistemin içində fəaliyyət göstərsə də, həmişə tək olub. Ətrafında görünən bir neçə məmuru isə onunla formal yaxınlıq, vəzifə münasibəti, qorxu və subardinasiya amilləri bağlayıb. Onun vəzifədən uzaqlaşdırılmasından sonra baş verənlər də göstərdi ki, Mehdiyevin ətrafında real güc kimi görünən sadəcə, ilğımdır.

Onun real "gücü", daha dəqiqi, gücsüzlüyü pandemiya dövründə özünü tam göstərdi: Ölkə qanunlarını pozduğuna görə yaşadığı rüsvayçılıq, kürəkəninin media qarşısında düşdüyü vəziyyət bu günlərdə tez-tez xatırlanır. Adam nəvəsinin toyunu belə gizli edə bilmədi, ifşa olundu və onu ifşa edən də o toya dəvət edilən “5 nəfərdən biri” idi. Onun hansı gücü ola bilər ki?

Mehdiyev heç vaxt müdrikliyi, ağlı, uzaqgörənliyi ilə cazibə mərkəzi olmayıb, ona görə də vəzifədən çıxan kimi qorxu qalxdı və hər kəs ona qarşı çevrildi.
Son proseslərlə bağlı Ramiz Mehdiyevlə yanaşı Elmar Məmmədyarov, Eldar Mahmudov, Əli Həsənov, Əbülfəs Qarayev… kimi şəxslərin də adı çəkilir. Ancaq bu adların çəkilməsi heç də onların Ramiz Mehdiyevi rəhbər bilib onun ətrafında birləşməsi demək deyil. Bu, sadəcə, həmin şəxslərin vaxtilə eyni ideologiyaya xidmət etməsi və Rusiyaya meylli olmasından qaynaqlanır.

Maket fiqurun sonu

Beləliklə, Ramiz Mehdiyev illərlə hakimiyyətdə sadəcə, Rusiyanın rahatlığı üçün saxlanılan maket idi. Azərbaycan Vətən müharibəsi ərəfəsində bu dövrü qapatdı. 2019-cu ildə Mehdiyev administrasiyadan uzaqlaşdırıldı və AMEA-ya göndərildi. Qarabağ müharibəsi başa çatdıqdan sonr isə dövlət öz gücünü göstərdi, reallıqlar dəyişdi və Mehdiyev öz naqis əməllərinə görə bu postdan da uzaqlaşdırıldı.

Son 5-6 ildə dünyada və regionumuzda baş verən dəyişikliklər səbəbindən indi Azərbaycanın Rusiyaya deyil, daha çox Rusiyanın Azərbaycana ehtiyacı var. Çünki regionda qaydaları artıq Bakı müəyyən edir. Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycan müstəqildir, heç kimin təzyiqi ilə deyil, öz maraqları ilə qərar verir”.

Beləliklə, dəyişən reallıqlar Azərbaycan-Rusiya münasibətlərinin məzmunu ilə düz mütənasibdir: İndi sədaqətini sübut etməli tərəf Azərbaycan deyil, Rusiyadır. Ramiz Mehdiyevin dosyesinin açılması isə bəlkə də bu sədaqətin ilk imtahanıdır.

Eyforiyaya qapılan qoca "filosof"

Qaldı Ramiz Mehdiyevin xəyanət dosyesinin indi açılmasına, bu, çox böyük ehtimalla, qoca "filosof"un hələ də hakimiyyət hərisliyindən, son bir ildə Moskva-Bakı münasibətlərində yaranan gərginlikdən eyforiyaya qapılmasının nəticəsidir. Ancaq iş burasındadır ki, Mehdiyevin Moskva üçün necə deyərlər, istifadə müddəti bitib.

Beləliklə, Mehdiyevlə birlikdə köhnə sistem, köhnə oyun qaydaları da tarixə qovuşur. İstifadə edilib, atılan və ələ verilən Ramiz Mehdiyev indi nə qədər istəyirsə, həbs edildiyi villasının divarları arasında öz kuratorlarından inciyə-küsə bilər. Amma “Tıq-tıq xanım”dan fərqli olaraq, Ramiz Mehdiyev “Siçan bəy”dən quyruq da görməyəcək ki, sudan çıxa bilsin, Beləliklə: “Tıq-tıq püstə xanım, boğulur bəstə xanım”...

Elçin, BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar