Ru
16:23 / 23 Yanvar 2026

ABŞ DST-dən çıxdı – 260 milyon borcunu ödəmədi

ABŞ DST-dən çıxdı – 260 milyon borcunu ödəmədi
Eye

ABŞ rəsmi olaraq Dünya Səhiyyə Təşkilatından (DST) çıxdı.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, bununla da Vaşinqton beynəlxalq səhiyyə sistemində mühüm rol oynayan qurumla əməkdaşlığı tam dayandırıb və arxasında təxminən 260 milyon dollarlıq maliyyə öhdəliyi ödənilməyib.

ABŞ-ın DST-dən çıxması ilə bağlı qərar hələ 2025-ci ilin yanvarında Donald Tramp tərəfindən imzalanmışdı. Trampın Ağ Evə qayıdışından dərhal sonra verdiyi bu qərarın icrası bu gün tam yekunlaşdı. Proses çərçivəsində ABŞ hökuməti DST-yə bütün maliyyə axınlarını dayandırıb, eləcə də təşkilatla işləyən amerikalı əməkdaşlar DST-nin regional ofislərindən və Cenevrədə yerləşən baş qərargahından geri çağırılıb.

DST-nin öz hesablamalarına görə, ABŞ təşkilatdan çıxan zaman qurum qarşısında təxminən 260 milyon dollar həcmində ödənilməmiş üzvlük haqqı qalıb. DST-nin nizamnaməsinə əsasən, təşkilatdan çıxmaq istəyən ölkə bu barədə ən azı bir il əvvəl rəsmi bildiriş göndərməli və bütün maliyyə öhdəliklərini tam yerinə yetirməlidir.

Lakin Vaşinqton bu məsələdə fərqli mövqe sərgiləyir. ABŞ Dövlət Departamentində hesab edirlər ki, ölkə qanunvericiliyində borcun məhz çıxışdan əvvəl ödənilməsini tələb edən açıq hüquqi norma yoxdur. “Amerika xalqı artıq kifayət qədər pul ödəyib”, – deyə ABŞ-dən olan rəsmi “Reuters” agentliyinə bildirib.

Donald Tramp DST-dən çıxmaq qərarını əsaslandırarkən təşkilatı COVID-19 pandemiyasının idarə olunmasında uğursuzluqda ittiham edib. Onun fikrincə, DST pandemiya dövründə operativ və effektiv qərarlar qəbul edə bilməyib, eyni zamanda daxili islahatlara müqavimət göstərib. Tramp həmçinin təşkilatın “uyğunsuz siyasi təsirlərdən” müstəqil olmadığını iddia edərək, təşkilatın qlobal səhiyyə məsələlərində obyektivliyini şübhə altına alıb.

Ekspertlər bildirirlər ki, ABŞ-ın ÜST-dən çıxması təşkilatın büdcəsinə ciddi təsir göstərə bilər. ABŞ uzun illər DST-nin ən böyük donorlarından biri olub və onun ayrılması xüsusilə yoluxucu xəstəliklərlə mübarizə, inkişaf etməkdə olan ölkələrdə səhiyyə proqramlarının maliyyələşdirilməsi və fövqəladə sağlamlıq risklərinə hazırlıq sahələrində boşluq yarada bilər.

Eyni zamanda, Vaşinqtonun ödənilməyən borc məsələsi beynəlxalq hüquq müstəvisində də mübahisələrə səbəb olub. Bir sıra ölkələr və beynəlxalq ekspertlər ABŞ-ın bu addımının digər dövlətlər üçün təhlükəli presedent yarada biləcəyini və qlobal institutların maliyyə mexanizmlərini zəiflədə biləcəyini qeyd edirlər.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar