Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün öz ərazisində platforma təqdim etmək təklifini qüvvədə saxlayır. Onun sözlərinə görə, Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir:
“Bizim təklifimiz qüvvədə qalır. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarını nəzərə alaraq, tərəflər arasında qalan fikir ayrılıqlarının aradan qaldırılmasına hərtərəfli yardım göstərməyə hazırıq”.
Qaluzin, həmçinin qeyd edib ki, Rusiya İrəvan və Bakı arasında münasibətlərin tənzimlənməsi prosesində böyük və səmərəli rol oynayıb.
Siyasi şərhçi Elçin Xalidbəyli mövzunu
Bakupost.az-a şərh edərək bildirib ki, bu açıqlama Rusiyanın hələ də Cənubi Qafqazdan ümidini kəsmədiyini göstərir:
"Moskva Azərbaycan-Ermənistan arasındakı problemin həllində yenidən vasitəçi rolunu oynamaq istəyir. Təbii ki, bu, Kremlin müəyyən planları ilə bağlıdır, çünki Azərbaycan və Ermənistan arasındakı sülh sazişində vasitəçilik Rusiya üçün Cənubi Qafqazda mövqelərini bərpa etmək istiqamətində müəyyən mexanizm rolunu oynaya bilər. Ona görə də Rusiya hələ də bu prosesə qatılmaqda israrlıdır".
E.Xalidbəyli əlavə edib ki, hazırda bölgədə Rusiyaya ehtiyac yoxdur:
“Birincisi, Azərbaycan və Ermənistan birbaşa iki tərəfli təmaslarla yekun sülh sazişinin mətnini artıq razılaşdırıblar. Digər tərəfdən, avqustun 8-də Amerika Birləşmiş Ştatlarında prezident Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin razılaşdırılmış mətni paraflanıb.
Yəni bu problem artıq son mərhələyə qədəm qoyub. Burada yeganə məsələ ondan ibarətdir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaları ləğv etməlidir. Bundan sonra yekun sülh sazişinin imzalanması üçün heç bir problem qalmayacaq.
Bu baxımdan hesab etmək olar ki, Rusiyanın təklifinə Azərbaycan və Ermənistanın ehtiyacı qalmayacaq. Böyük ehtimalla Azərbaycan və Ermənistan yekun sülh sazişini Rusiya ərazisində imzalamayacaqlar, bunun üçün ABŞ və ya Avropa ölkələrindən biri seçiləcək”.
Lalə, BakuPost