Ru
18:59 / 01 Dekabr 2020

Rusiyanın yeni şansı və ya Laçının azad olunmasına sözardı

3735
Vətən müharibəsi başlayan andan etibarən hər kəsi düşündürən əsas suallardan biri Rusiyanın bu müharibəyə verəcəyi reaksiya, edəcəyi müdaxilə ilə əlaqəli idi. Yaxın-uzaq tariximizdə Rusiya ilə bağlı yaşadığımız sıxıntılar, bu ölkənin yürütdüyü “parçala, hökm et” siyasəti, birinci Qarabağ müharibəsində tutduğu ədalətsiz mövqe və daha nələr narahat olmağımıza ciddi əsaslar verirdi. Bu narahatlıq indi də qalır.

27 sentyabr tarixində şanlı ordumuz əks-hücum əməliyyatlna başlayarkən, hətta xarici ölkə politoloqları, şərhçiləri tərəfindən Rusiyanın 24/48 saat ərzində, ən uzağı isə 72 saat ərzində müharibəyə müdaxilə edəcəyi və ermənistana dəstək verəcəyi fikirləri səslənir və bu fikirləri çoxsaylı arqumentlərlə əsaslandırmağa haqlı cəhdlər edilirdi. Ancaq zaman keçir, bir-birini əvəz edərək günlərə çevirilən saatlar həyəcanı daha da artırırdı. Azərbaycan Ordusunun zəfər döyüşləri, qardaş Türkiyənin, dost Pakistanın mənəvi-siyasi dəstəyi, prezident Ərdoğanın ölkəmizin haqq işində ortaya qoyduğu birmənalı, mübariz mövqe fonunda Rusiya hiss edilmirdi. Sanki bu Rusiya bizim tanıdığımız və yaddaşımızda qırmızı qan izi və qara günlərlə qalan imperialist, ermənipərəst qonşumuz deyildi. Efirdə Solovyov kimiləri cəbhə bölgələrində Peqov, siyasi müstəvidə Narışkin kimilərinin canfəşanlıq etdiyi bəzi Rusiya telekanallarının, digər mətbu orqanlarının, rus siyasi elitasının Rusiyanın hələ də bu proseslərə müdaxilə etməməsindən ortaya çıxan təəssüf, təccüb və qəzəb dolu açıqlamalarına, davamlı olaraq ortaya qoyduqları ermənipərəst, antitürk mövqe, ictimaiyyəti və ölkə rəhbərliyini tez və sərt bir şəkildə ermənilərə dəstək verməyə səsləmələrinə baxmayaraq, Rusiya rəhbərlik səviyyəsində çox sirli bir tolerantlıq nümayiş etdiməkdə idi. Paşinyanın israrlı, yalvarışlı zənglərinə cavab verməyən Rusiya prezidentinin işğalçı ölkə prezidentinə qısaca olaraq “müharibə Azərbaycan ərazisində gedir” xatırlatması soyuq duş effekti yaratdı.


Ancaq müharibənin günlərlə uzanması fonunda regionda özünü lider sayan və postsovet məkanında baş verən geopolitik proseslərə dirijorluq haqqının ona məxsus olduğuna inanan Rusiya daha uzun müddət hadisələrə münasibət bildirməyəcəyi və müdaxilə etməyəcəyi təqdirdə regionda söz sahibliyini itirə biləcəyi və dünyada nüfuzunun aşağı düşə biləcəyi əndişəsi ilə nəhayət, 10 oktyabrda sükuta son qoyaraq tərəfləri Moskvaya humanitar atəşkəs təklifini müzakirə etməyə dəvət etdi. Həmin gün əldə edilən humanitar atəşkəs razılaşmasının kövrəkliyi hamıdan çox Rusiya rəhbərliyinə gün kimi aydın idi. Və o zaman ordusu yüksələn əzmlə irəliləyən Azərbaycan üçün danışıqlara getmək, bu atəşkəsə razılıq vermək, Rusiyanın sözünü yerə salmama jesti və Rusiya ilə elan edilən strateji tərəfdaşlıq prinsiplərinə sayğı nümayişindən başqa bir şey deyildi. Və bu atəşkəs razılaşmasında bəlli bir bitmə zamanının qoyulmaması həmin razılaşmanı hər an döyüşlərin başlaya biləçəyinə açıq saxlamışdı sanki. Bu humanitar atəşkəs razılaşması, Rusiya üçün Türkiyə ilə regionda başlatdığı tərəfdaşlığı, Azərbaycanla strateji müttəfiqliyi qoruması məqsədilə Ermənistanı yerinə oturtması və işğal edilmiş ərazilərdən çıxarılma prosesinə dəstək verməsi üçün son şans olduğunu qeyd edirdik o günlərdə. Və Rusiya bu şansı yetərincə dəyərləndirdi. Bəli, Rusiya ağıllı davranacağı təqdirdə məhz bu göstərilən yolu seçməliydi. İlk uğursuz humanitar atəşkəs bu yolun başlanğıcı oldu. Sonrakı günlərdə Azərbaycan ordusunun döyüşlərdə qazandığı möhtəşəm qələbələr yuxarıda göstərilənlərə ermənilərin Azərbaycan ərazilərindən tamamilə silinməsi əndişəsini də əlavə etdi. Bu durumadan ciddi narahat olmağa başlayan Rusiya ermənilər tərəfindən ciddi şəkildə müdafiə edilən Fizuli istehkamlarının Azərbaycan tərəfinin əlinə keçməsindən sonra Paşinyana Azərnbaycan Prezidentinin davamlı olaraq təklif etdiyi əraziləri boşaltma təklifini dəfələrlə təkid etsə də prosesləri adekvat dəyərləndirə bilməyən Ermənistanın baş naziri tərəfindən bu təkliflər "erməni xalqəının qürurna zidd olması" arqumenti ilə qəbul edilmədi. Nəticədə Azərbaycan ordusunun çoxsaylı kəndlərin - tarixi Xudafərin körpüsünün, Hadrut qəsəbəsinin, Qubadlının, Zəngilanın azad edilməsi ilə cənub bölgəsində böyük uğurlara imza atdı. Və bu mərhələdə də Paşinyanın situasiyaya uyğun olaraq təklif olunan prinsiplərə məhəl qoymaması ordumuz tərəfindən nəinki Dağlıq Qarabağın, həm də ümumilikdə Azərbaycanın qürur şəhəri olan, mədəniyyət beşiyimiz Şuşanın azad edilməsi ilə nəticələndi. Təbii ki, bu uğursuzluq erməni hərbi birləşmələrinin demoralizasiya olaraq pərən-pərən düşməsinə səbəb oldu. Şuşanın azadlığı günü öz mahiyyət etibarilə xalqımız üçün qələbə gününə ekvivalent bir anlam daşıdığı kimi, ermənilər üçün də tam məğlubiyyətə bərabər tutulacaq bir itki idi. Təsadüfi deyil ki, Şuşa azad edilən günün sabahı - 9 noyabrda 72 kənd erməni işğalçılarından təmizləni. Artıq müzəffər Azərbaycan ordusunun qısa müddətdə qalan ərazilərimizi, o cümlədən Xankəndi, Xocalı, Xocəvəndin qalan hissələrini və əlbəttə ki Ağdam, Kəlbəcər və Laçını düşnmən tapdağından azad edəcəyi hər kəsə aydın idi. Azərbaycan insanı bu mənfur xislətin torpaqlarımızdan birdəfəlik rədd olacağına olan inamından cuşə gəlirdi.


Elə bu an müharibə başlayan gündən xüsusi tolerantlıq nümayiş etdirən Rusiya Türkiyəni və Azərbaycanı razı salacaq qədər bitərəflik nümayiş etdirdiyini və ermənilərin Azərbaycan ərazisindən tamamilə silinməsi təhlükəsinin reaallaşmasının günlərə deyil, saatlara hesablanmış olduğunu görərək ermənilər qarşısında növbəti bir tarixi dəstək nümayişini və regionda söz sahibi olaraq qalma fürsətini dərhal həyata keçirmə fəaliyyətinə başladı. Rusiya Azərbaycan Prezidentinin davamlı sülh çağırışlarına istinad edərək Paşinyana vəziyyətin faciəvi olduğunu imperativ şəkildə anladaraq, ermənilərin Dağlıq Qarabağdan kökünün kəsilməmsi yolunun Azərbaycanın döyüşdə qazandığı uğurlar fonunda Ermənistan üçün əvvəlki təkliflərdən fərqli, kapitulyasiya kimi qimətləndirilən şərtlərlə qeyd-şərtsiz razılaşması ilə mümkün ola biləcəyini qəbul etdirdi. Və əvəzində qəbul edilən üçtərəfli müqavilənin şərtlərinin qrafikə uyğun şəkildə həyata keçirilməsi məqsədilə Paşinyanın təhlükəsizliyinə və hakimiyyətdə qalmasına verilən qarantiya da aydın görünən gizlinlərdən oldu.

Əslində Rusiya ermənilərə münasibətdə yenidən tərəfkeşklik etmiş olsa da bu durumun əvvəlki durumlardan əhəmiyyətli fərqlərini görməmək mümkün deyildi. Bəli, ikinci Qarabağ müharibəində Rusiya ermənilərə müəyyən, hətta ciddi dəstəklər verməsinə baxmayaraq öz hərbi hissələrinin Azərbaycana qarşı döyüşməsinə imkan vermədi. Rusiya hökuməti Putinin şəxsində dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə ehtiramını bildirdi, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, döyüşlərin Azərbaycan ərazisində getdiyini vurguladı və erməni silahlı qüvvəllərinin işğal etdikləri Azərbaycan ərazilərində həmişəlik qalmasının mümkünsüzlüyünü dedi. Putin öz çıxışlarında açıq və aydın şəkildə qardaş Türkiyənin ölkəmizə verdiyi mənəvi-siyasi dəstəyin normal olduğunu və beynəlxalq normalara zidd olmadığını qeyd etdi. Bununla yanaşı Rusiya NATO fobiyası olmasına baxmayaraq Türkiyə ilə ilə Orta Şərq proseslərində uğurlu tərəfdaşlıqdan sonra Dağlıq Qarabağ probleminin çözülməsi istiqamətində də uğurlu tərəfdaşlığın ola biləcəyinə inam və etibarını nümayiş etdirdi. Bu mövqe bizim üçün yeni olan Putin Rusiyasının mövqeyi idi. Yeni çıxdığı yolda Tükiyə və Azərbaycana yuxarıdan baxan deyil, yana-yana durmağa üstünlük verən Rusiyanın mövqeyi idi.


Nəhayət, məlum və tələsik 9 noyabr razılaşmasından sonra Rusiya sülhmərəmlı olaraq bu gün ölkəmizdədir. Rusiyanın bu qərarın icrasına ildırımsürətli reaksiyası faydalılığı ilə yanaşı cəmiyyətdə təəcüb və qorxu doğurdu desək, yanılmarıq yəqin. Narahtlığımıza və inamsızlığımıza baxmayaraq, Rusiya sülhmərəmlıları qısa müddət olsa da öz missiyalarını qənaətbəxş şəkildə həyata keçirməkdədirlər. Razılaşılan qrafikə əsasən Ağdam heç bir itki olmadan ordumuzun ixtiyarına verildi, Kəlbəcər qarşılıqlı anlaşma əsasında 10 gün gecikmə ilə olsa da düşməndən azad edildi.

Laçın torpağı da heç bir itkisiz sülhməramlıların nəzarəti altında boşaldılaraq Azərbaycana qaytarıldı. Strateji həssasiyyətlərə baxmayaraq cəmiyyətdə bir qədər rahatlıq yarandı.

Bu sülmərəmlı azadetmə prosesinin ermənilər üçün mümkün qədər ağrısız keçməsi məqsədilə Türkiyə əsgərlərinin Azərbaycana gəlişinin Rusiyanın xahişi ilə yubanması ehtimalı da xeyli anlaşılandır.

Qarşıda isə sülhmərəmlılar tərəfindən həllini gözləyən işlər də az deyil. Meğri koridoru sülməramlıların əsas məramlarındandır. Bu koridor Naxçıvanla birbaşa quru yolumuzun açılması ilə yanaşı Türkiyə ilə əlaqələrimizin inkişafı baxımından çox böyük strateji əhəmiyyətə malik olub, regionun nəfəsliyi rolunu oynaya bilər. Yəni Rusiya bu yola nəinki əngəl olmadı, əksinə, öz imzası ilə bu geosiyasi tələbatı dəstəkləməklə yanaşı sülhmərəmlıları ilə də bu koridorun həyata real vəsiqə qazanmasını təmin edəcəyinə ümid verir.


Daha sonra isə Türkiyə və Azərbaycanla çiyin-çiyinə, regionda sülhün bərqərar olması, inkişaf prosesləri üçün sağlam zəmin yaranması istiqamətində atılacaq nəhəng siyasi, mədəni, iqtisadi addımlar perspektiv hədəflərin vacib komponentləri olaraq həllini gözləyir.

Bu kompleks tədbirlər prosesinə adekvat yanaşa biləcəyi təqdirdə Rusiyanın region üçün təhlükəli deyil, çox faydalı bir ölkəyə çevriləcəyi arzusu real ola bilər. Ehtimal edilən Rusiya-Türkiyə-Azərbaycan birliyinin gələcəkdə Rusiya, Türkiyə və Cənubi Qafqaz ölkələri birliyi formatında inkişaf edərək dünyanın yeni qütbü qismində qəbul oluna bilən güc mərkəzinə transformasiya oluna bilər. Məhz belə bir perspektiv hər tərəfdən onu əzməyə çalışan NATO qüvvələri ilə üzük qaşı kimi əhatə olunmuş, Qərbin və Amerikanın davamlı sanksiyaları ilə əlləşən Rusiya üçün yeni şansdır.

Bəli, həm də bu yeni şans Rusiya üçün başladığı sülhməramlı missiyanı region ölkələri və dünya qarşısında yeni obraz, yeni baxış, yeni dəyərlərə söykənən bir xətt tutduğunu isbat etmək, yırtıcı, dağıdıcı rəsmini konstruktiv obrazla əvəzləmək baxımından da əvəsolunmaz tarixi, siyasi, insani əhəmiyyət daşıyır.

Dr.Zülfüqar Yusifov
01 Dekabr,2020
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər