Ru
18:02 / 17 İyul 2026

Saxta ehtiyat hissələri və paralel idxalın ölkəyə vurduğu zərərlər müzakirə edildi - FOTO

Saxta ehtiyat hissələri və paralel idxalın ölkəyə vurduğu zərərlər müzakirə edildi - FOTO
Eye

Bakıda "Toyota Qafqaz" və "Avtosfer.az"ın tərəfdaşlığı ilə "Təhlükəsiz mobilliyə doğru" adlı konfrans keçirilib.

"Bakupost" xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsi, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Vergi Xidməti, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), İcbari Sığorta Bürosu və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Konfransın əsas mövzusu avtomobillərdə təhlükəsizliyin təmin olunması, sürücülərin nəqliyyat vasitələrinin texniki sazlığına münasibətinin yaxşılaşdırılması və cəmiyyətin bu sahədə maarifləndirilməsi olub. Tədbirdə region üçün uyğun olmayan avtomobil modellərinin, qeyri-orijinal ehtiyat hissələrinin və "boz bazar" vasitəsilə zəmanətsiz satılan nəqliyyat vasitələrinin yaratdığı risklər müzakirə edilib.

Bildirilib ki, konfransın əsas məqsədi vətəndaşları saxta ehtiyat hissələrinin, zəmanətsiz avtomobillərin və qeyri-rəsmi satış şəbəkələrinin yaratdığı təhlükələr barədə məlumatlandırmaq, həmçinin bu sahədə dövlət qurumları ilə ictimaiyyət arasında əməkdaşlığı gücləndirməkdir.

“Toyota Qafqaz” şirkətinin nümayəndəsi Sabir Kazımzadə açılış nitqində tədbirdə iştirakına görə gələn qonaqlara təşəkkürünü bildirib. O, “Takata” hava yastıqlarının 2000-2018-ci illərdə istehsal olunan avtomobillərə quraşdırılmasından sonra baş verən faciələrdən danışıb. Sabir Kazımzadə qeyd edib ki, normal halda qəza zamanı hava yastığı saniyənin kiçik bir hissəsində açılaraq sürücü və sərnişini qoruyurş Lakin “Takata”nın bəzi hava yastıqlarında istifadə edilən ammonium nitrat əsaslı qaz generatoru (inflator) uzun illər yüksək temperatur və rütubətin təsirindən kimyəvi cəhətdən qeyri-sabit vəziyyətə düşürdü. Nəticədə, hava yastığı açılarkən lazımi təzyiqdən daha güclü partlayış baş verir, metal korpus parçalanır və iti metal qəlpələri avtomobil salonuna atılırdı. Bu qəlpələr sürücü və ya sərnişin üçün ölümcül təhlükə yaradırdı.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli isə çıxışında texniki nasaz avtomobillərin həm yol qəzalarının, həm də paytaxtda nəqliyyat sıxlığının əsas səbəblərindən biri olduğunu bildirib.

O qeyd edib ki, hərəkətin intensiv olduğu yollarda nasaz avtomobillərin dayanması bir zolağın bağlanmasına, digər sürücülərin zolaq dəyişməsinə və nəticədə sıxlığın yaranmasına səbəb olur. Bu isə bəzən ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir.

T.Nəsirli sürücüləri avtomobillərinə vaxtında texniki qulluq göstərməyə çağıraraq vurğulayıb ki, nasaz nəqliyyat vasitəsinin istismarı yol hərəkəti qaydalarının pozulması hesab olunur.

"Təmiz Şəhər" ASC-nin mətbuat xidmətinin rəhbəri Orxan Cabbarlı isə utilizasiya proqramı barədə məlumat verərək bildirib ki, ötən ilin oktyabrından başlanan proses çərçivəsində indiyədək 30 minə yaxın avtomobil utilizasiyaya qəbul olunub.

Onun sözlərinə görə, gələcəkdə utilizasiyaya təqdim edilən nəqliyyat vasitələrinin tamlığı, yəni üzərində mühərrik və sürətlər qutusunun olması ödəniləcək məbləğə təsir göstərəcək.

İqtisadçı ekspert Eldəniz Əmirlinin fikrincə, paralel idxalla ölkəyə gətirilən avtomobillər sürücülər üçün ucuz başa gəlsə də, bir müddət sonra belə nəqliyyat vasitələri onların idarəçilərinə ciddi ziyan vurur. Heç bir zəmanəti olmayan bir sıra markaların Çin modelləri Azərbaycan yollarında uyğunlaşdırılmadan istismara verilir. Ekspert təklif edir ki, “boz bazar”ın ölkəyə gətirərək satışını təmin etməsi ilk növbədə ölkə iqtisadiyyatına zərər verir. Bu halların qarşısını almaq üçün isə qanunvericilikdə bir sıra dəyişikliklərə ehtiyac var.

Tədbir digər qonaqların paralel idxal və saxta ehtiyat hissələrinin ölkə iqtisadiyyatına hansı istiqamətlərdə zərər vurması ilə bağlı çıxışları ilə davam edib.

Konfrans çərçivəsində iştirakçılar qeyri-orijinal ehtiyat hissələrinin bazarda yaratdığı qeyri-sağlam rəqabət, texniki nasazlıqların sığorta sektoruna təsiri, "boz bazar"dan alınan avtomobillərlə bağlı problemlər və yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparıblar.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar