Ermənistandan gələn əksər kənd təsərrüfatı məhsullarına qadağa qoyan Rusiya indi də anoloji addımı Türkiyə şirkətlərinə qarşı atmağa başlayıb.
“Rosselxoznadzor” iyulun 18-dən başlayaraq Türkiyənin 5 ixracatçı şirkətindən Rusiyaya çəyirdəkli meyvə məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək.
Məlumata görə, söhbət gilas, albalı, şaftalı, ərik və gavalı kimi meyvələrdən gedir.
Bildirilir ki, belə bir qərar Türkiyədən Rusiyaya gələn çəyirdəkli meyvə məhsullarında Aİİ-yə üzv ölkələr üçün karantin bəyannaməsinə daxil olan zərərli orqanizmlərin sistematik şəkildə aşkarlanması ilə əlaqədar olaraq qəbul edilib.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə
Bakupost.az-a bildirib ki, Moskvanın Türkiyədən idxal edilən meyvə məhsullarına qarşı qadağası əslində siyasi xarakter daşıyır və Ankaranın son NATO sammiti sonrası atdığı addımlardan qıcıqlanmasının nəticəsidir:
“Türkiyədə keçirilən NATO sammitində göründüyü kimi Ankara Qərb koalisiyasının yanında yer aldı. Digər tərəfdən, Türkiyə Ukrayna və Baltikyanı ölkələrlə də təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək. Yəni yeni dünya siyasi nizamının qurulmasında Türkiyə ənənəvi müttəfiqlərinin yanında olduğunu bəyan etdi. Türkiyə Rusiya ilə də strateji tərəfdaşdır. Türkiyə habelə, Ukraynanın yanındadır, onun hərbi sənayesinin inkişafında mühüm rol oynayır”.
Ekspertin sözlərinə görə, Türkiyə xarici işlər naziri Hakan Fidanın Kiyevə səfəri, apardığı görüşlər, Krımla bağlı bəyanatından dərhal sonra Rusiya qardaş ölkədən gələn kənd təsərrüfatı məhsullarına qadağa qoydu:
“Amma bu addımdan əziyyət çəkənlər də Rusiya və onun vətəndaşları olacaq. Türkiyə Rusiyada qadağa qoyulan məhsulları başqa bazarlara yönəltməkdə çətinlik çəkməyəcək. Bu hal onu göstərir ki, Rusiya digər ölkələrə münasibətdə hələ də ancaq təzyiq yolu ilə guya nəyəsə nail olmağa üstünlük verir. Moskva təhdid yolunda əl çəkmir. Heç bir ölkə Kremlin bu cür siyasətinə boyun əyməyəəck. Bu siyasət əksinə, ağır durumda olan Rusiyanın vəziyyətini daha da pisləşdirəcək”.
Rüfət Sultan,
BakuPost