Bakının Nizami rayonunda “Az Samand”, “Hyundai Accent” və “Ford Fusion” markalı avtomobillərin ön dövlət qeydiyyat nişanını oğurlayan 1991-ci il təvəllüdlü Nazim Seydiyev (ad-soyad şərtidir) həbs olunub.
Bakupost.az Teleqraf-ın məluimatına istinad edərək bildirir ki, o, bundan başqa, Nizami rayonunda şəhid Vüqar Cəfərovun adına tikilmiş şəhid bulağında quraşdırılmış iki ədəd su kranını da oğurlayıb.
Məhkəmədə təqsirləndirilən şəxs oğurladığı maşın nömrələrini içkili olduğundan onları haraya qoyduğunu xatırlamadığını bildirib. Şəhid bulağından oğurladığı iki ədəd su kranını isə metal qəbulu yerinə satdığını etiraf edib.
Məhkəmədə yalnız şəhid valideyni təqsirləndirilən şəxsi bağışlayıb. Avtomobil sahibləri isə Nazim Seydiyevdən şikayətçi olub. Nəticədə hər avtomobil sahibinə 30 manat ziyan vuran N.Seydiyev 1 ay müddətinə inzibati qaydada həbs olunub.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüqar Cəfərov 5 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.