Avropa dövlətləri ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mümkün addımlarına qarşı “birbaşa qarşıdurmaya” hazırlaşır.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-nin “Politico” qəzeti Avropadakı diplomatlara istinadla məlumat yayıb. Mənbəyə görə, Avropa və Danimarka Trampın Qrenlandiyanı mənimsəmə planlarının qarşısını almaq üçün bir neçə ssenari üzərində işləyir.
Ən real variantlardan biri anlaşma yolu hesab olunur. Diplomatların fikrincə, böhranı ən sürətli həll yolu Trampın nəticəni “qələbə” kimi təqdim etməsinə, eyni zamanda Danimarka və Qrenlandiyanın simasını qorumasına imkan verən bir razılaşma ola bilər. Bu ssenari həm Vaşinqtonun, həm də yerli tərəflərin maraqlarını nəzərə alan praqmatik yol kimi qiymətləndirilir.
İkinci variant Avropa İttifaqı və Danimarkanın Qrenlandiyanı maliyyə imkanları ilə cəlb etməsidir. Məqsəd yerli əhalini Trampın təklif etdiyi şərtlərdən daha sərfəli imkanlarla razı salmaqdır. Bu yolla Qrenlandiyanın ABŞ tərəfindən mənimsənilməsinin qarşısını almaq hədəflənir.
Avropa liderləri həmçinin iqtisadi tədbirlər planını müzakirə edirlər. “Politico” yazır ki, Brüssel əvvəllər ABŞ-ın tarif siyasətinə cavab olaraq “ticarət bazukası” tətbiq etməyi nəzərdən keçirib, lakin yayda tərəflər razılığa gəldikdən sonra bu planı dayandırıb. İndi isə bu mexanizm yenidən gündəmə gələ bilər.
Dördüncü, daha sərt variant isə Avropa hərbi qüvvələrinin Qrenlandiyaya göndərilməsidir. Mənbələr bildirir ki, bu qüvvələr ABŞ-ın mümkün müdaxiləsinə qarşı əsl hərbi müqavimət göstərə bilməsə də, çəkindirici və hədələyici faktor rolunu oynaya bilər.
“Politico”a iddia edir ki, Avropanın hərəkət planları ABŞ-ın Qrenlandiya siyasətini məhdudlaşdırmaq və bölgədə öz mövqelərini qorumaq məqsədi daşıyır. Diplomatlar həmçinin vurğulayıblar ki, Avropa üçün əsas prioritet Trampın təşəbbüslərinin yerli və regional tərəflərin maraqlarına zərər verməməsini təmin etməkdir.
Cavid, BakuPost