Xəbər verdiyimiz kimi, İrandakı proseslər geridönməz xarakter alıb. Artıq bütün ölkəni bürüyən etiraz aksiyalarında rejimin dayaqları çökməkdədir. Sadəcə bir faktı bildirək ki, ölkənin iki böyük şəhərində bir neçə il bundan qabaq dəfn mərasimində milyonların qatıldığı, rejimin şəhid statusuna yüksəltdiyi Qasım Süleymanlının heykəlinə od vurulub.
Əhalisinin yarıdan çoxunu türklərin (Azərbaycan, Qaşqay, Qacar) təşkil etdiyi ölkədəki hadisələrlə bağlı Günaz.TV-nin əməkdaşı, politoloq Orxan Atabəyin Bakupost.az -a müsahibəsini təqdim edirik.
– İrandakı etirazlar bu dəfə də nəticəsiz yekunlaşa bilərmi?
– İranda hazırda baş verən proseslər əvvəlki etirazlardan, xüsusilə də 2022-ci il hərəkatından xeyli fərqlidir. Sualınıza birbaşa cavab versəm: Bəli, üsyan bu dəfə də uduza bilər, lakin rejimin devrilmə ehtimalı əvvəlki illərə nisbətən daha yüksəkdir.
Budəfəki etirazlar sadəcə “azadlıq” şüarları ilə məhdudlaşmır, həm də “çörək və sağ qalmaq” uğrunda gedən bir mübarizəyə çevrilib.
Dünənə qədər İslam dünyasında balansı qorumaq üçün İrana ehtiyac duyulurdusa, İsrailin sünni ölkələri ilə qurduğu de-fakto ittifaq bu zərurəti aradan qaldırdı. Və ən əsası artıq geopolitik dəyərini itirmiş rejimin qarşısında Tramp kimi qətiyyətli addımlar atan bir lider dayanıb.
– İraqdan yaraqlıların gətirilməsi hansı səbəbdən qaynaqlanır?
– Rejimin ən böyük qorxusu polisin və ya SEPAH-ın aşağı rütbəli əsgərlərinin xalqa atəş açmaqdan imtina etməsidir. İranlı əsgər öz qonşusunu və ya soydaşını vurmaqda tərəddüd edə bilər. O üzdən muzdlulara ehtiyac duyub.
– Bu günlərdə Xameneinin etirazçılarla dialoqa razılıq verdiyi deyilir. Bu inandırıcıdırmı, əvvəllər olduğu kimi xalqı aldatmazlarmı?
– Xamenei dialoq qurub nə edəcək? Büdcə boşdur, xalqa verəcək heç nəyi qalmayıb. Özünüz dediyiniz kimi dəfələrlə də aldadıb, sözünün hörmətini öldürüb.
– Bu gün səhər Güney Azərbaycan Təşkilatları Şurasının aksiyalara qoşulmaq çağırışı yayıldı.
– Aksiyaçılardan farslar, lurlar, giləklər Pəhləvini istəyir, kürdlər azadlıq istəyir ki, o azadlığın içində Azərbaycan torpaqları da var.
O üzdən Güney Azərbaycan milli cəbhəsi öz oyununu oynayır. Aksiyalara qoşulmağa deyil, aksiyalara çağırır. Onların öz tələbləri var, Azərbaycanın öz tələbi.
– Məsud Pezeşkian rejimdən sonra postunu qoruya bilərmi?
– Pezeşkian demokratik görünsə də, tamamilə Xameneiyə tabe bir fiqurdur. O, rejimin ömrünü uzatmaq üçün seçilmiş “yumşaq sima” olsa da, şəxsi səmimiyyəti sayəsində inqilabdan sonra toxunulmaz qala və ya keçid dövründə simvolik vəzifə tuta bilər.
– Rza Pəhləvinin açıqlamaları nə vəd edir?
– Rza Pəhləvi illərdir həm Vaşinqtona, həm də Təl-Əvivə özünün İran xalqı tərəfindən geniş şəkildə dəstəkləndiyini və yeganə legitim alternativ olduğunu təlqin edir. İndi o, bu iddialarını real meydanda sübut etmək məcburiyyətindədir. Onun son çağırışı sadəcə bir nümayiş deyil, həm də öz siyasi gələcəyinin və “vacib fiqur” statusunun sınağıdır.
– Güney Azərbaycan bu etirazlardan nə gözləməli, necə davranmalı, hədəf nə olmalıdır?
– Tarix sübut edir ki, inqilablarda və köklü dövlət dəyişikliklərində kütlələrin sayı deyil, milli aydınların iradəsi, yönləndirməsi və ideoloji hədəfləri həlledici rol oynayır. Kütlələr enerjidir, lakin o enerjiyə istiqamət verən, onu bir dövlət quruculuğuna çevirən məhz intellektual elitalardır.
Bu gün Güney Azərbaycanın yetişdirdiyi milli düşüncə adamlarının, ideoloqların və aydınların 99%-i artıq ortaq bir nöqtədə birləşib: Azərbaycan türklərini İranın bir parçası kimi görməmək. Quzey Azərbaycanla birləşmək və ya ayrı bir respublika olmaq, sonranın mövzusudur.
– Xameneinin Rusiyaya qaçmaq planı barədə iddialar var. Hətta dünəndən Rusiyaya təyyarə uçuşlarının artdığı deyilir.
– Qaçmağa başqa ölkə yoxdur. Rusiya diktatorların son sığınacağıdır.
Cavid, BakuPost