Ru
21:56 / 18 Fevral 2026

Şəhidləri təhqir etdilər və 30 ton xurma verib, azadlığa çıxdılar?..

Şəhidləri təhqir etdilər və 30 ton xurma verib, azadlığa çıxdılar?..
Eye

Şəhidlər Xiyabanında təhqiramiz hərəkətlər etməklə heysiyyatımıza toxunan 3 ərəb turistin həbsinin ötən gün 2 ildən birdən-birə 6 aya endirilməsi və bu gün azadlığa buraxılmaları ətrafında müzakirələr gedir: Azərbaycan bu addımı niyə atdı? Ərəb turistləri bir günün içində azad etmək qərarı niyə verildi? Hansı səbəbdən onların cəzalarını sonadək çəkmələrinə razı olmadıq?

Deyəsən, sosial şəbəkələrdə bu sualların cavabını “tapıblar”: Ərəbistan səfirliyi Ramazan ayı ilə bağlı Bakıda tədbir keçirib, 5 ton xurma paylayıb və 25 ton da hədiyyə edəcəyini vəd edib. Bəziləri də 30 ton xurmanı bu 3 səudiyyəlinin azadlığa çıxmasının “kəffarəsi” sanmağa meyillənib...

Ərəb turistlərin Azərbaycan üçün “toxunulmaz”, “tabu” adlana biləcək bir məkandan o cür qeyri-etik video yaymalarına qarşı qəti və sərt tədbirin görülməsi vacib idi: hər kəs getdiyi ölkənin dəyərlərinə hörmət etməlidir, müqəddəs sayılan məkanlarda özünü aparmağı bacarmalıdır. Bunları görməzdən gələn mütləq cəzalanmalıdır. Yəni cəzanı və həbsi o gənclər haqq etmişdilər.

Ancaq ərəb turistlərin videonu Bakıda olduqları halda sosial şəbəkədə yaymaları da sübut edirdi ki, onlar nə etdiklərinin fərqində deyillər: əgər bu 3 ərəb gəncin Azərbaycan xalqının dəyərlərini aşağılamaq və bizə həqarət etmək niyyəti olsaydı, ölkədən gedincə əxlaqdankənar görüntüləri yaymazdılar. Əgər yayıblarsa, demək, bunun necə bir təhqir olduğunu anlamayıblar.

Doğrusu, buna görə onların məhkəmədə etdikləri etirafların səmimiliyinə şübhə etmirik. Hələ o zaman bu 3 gəncə 2 il həbs cəzası verilməsini ağır cəza hesab etmişdik. Halbuki bir neçə sutkalıq həbs, yüksək cərimə və deport olunacaqlarını düşünürdük...

Gözünüzün önünə gətirin: 3 gənc dünyanı gəzmək, əylənmək, lap belə, meymunluq etmək həvəsinə düşür və bir ölkə seçir; gəlirlər, özləri də bilmədən qeyri-etik hərəkətləri onların 3-4 günlük istirahət planlarını məhv edir, həbsə düşürlər.

Bu gənclər kiməsə qəsd etməyib, cinayət törətməyiblər, sadəcə, dünyagörüş məhdudiyyəti səbəbindən səfər etdikləri ölkənin milli dəyərini aşağıladıqlarının fərqinə varmayıblar.

3 gənci buna görə 2 il həbsdə saxlamaq çox deyilmi? İnsanın ömrü nə qədərdir ki, qanmazlığından etdiyi qeyri-etik zarafata görə həyatının ən qaynar, şövqlü çağında 2 ilini əlindən alasan?

Həm də yad ölkədə çəkirlər bu cəzanı - onları yoluxan varmı, doğmaları ilə görüşə bilirlərmi?..

Bəlkə o gənclər tələbədir - təhsildən qaldılar!

Bəlkə böyük arzuları vardı, yayda yaxşı dincəlib, payıza doğru onu həyata keçirmək istəyirdilər - üstündən xətt çəkildi!

Bəlkə nişanlıydı biri, toyu olacaqdı və s...

Mən qətiyyən istəmirəm ki, o gənclər ölkələrinə qayıtdıqdan sonra Azərbaycana və Azərbaycan xalqına nifrət etsinlər, ömürlərinin sonuna qədər düşmənçiliklə yaşasınlar, bir qələtlərinə görə bunca ağır cəzaya məhkum edilmələri onları qisasa sövq etsin.

Əksinə, daha fərqli, daha humanist yanaşma ilə bəlkə də onların qəlbini fəth edə bilərdik.

Təxmin edirəm ki, onlar Bakıdan, yumşaq desək, heç də xoş təəssüratla ayrılmırlar. Bəlkə 2 illik cəzanın qəfil 6 aya endirilməsi və azadlığa çıxmaları hər şeyi unutdurar?..

Yəni onların azad olunmasında 30 ton xurma “rüşvəti”ni düşünməkdənsə, çəkdikləri 6 aylıq cəzanın qətiyyən az olmadığını fikirləşmək daha real yanaşmadır.

Şeyx Teymur

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar