Azərbaycan tibbində sistemli problemlər, TƏBİB-in rolu, özəl xəstəxanaların “alver” modelinə çevrilməsi, tibb təhsili və xəstəliklərin artma səbəbləri…
Bütün bu məsələlər haqqında illərin cərrahı, Tibb Universitetində 25 il kafedra müdiri olmuş 83 yaşlı professor Çərkəz Cəfərov
“Bakupost” TV-yə geniş müsahibə verib.
Professor hesab edir ki, TƏBİB bu gün səhiyyə sistemini inkişaf etdirmək əvəzinə, daha çox pul qazanmaqla və idarəetməni xaosa çevirməklə məşğuldur. Onun fikrincə, qurum tamamilə ləğv olunmalı, bütün səlahiyyətlər yenidən Səhiyyə Nazirliyinə verilməlidir.
Çərkəz Cəfərov həmçinin Azərbaycan tibbindəki ən ciddi problemlərdən biri kimi özəl xəstəxanaların sürətlə artmasını, həmçinin bu xəstəxanalara iş adamlarının, məmurların, nazir övladlarının və alverçilərin rəhbərlik etməsini göstərir. Professor deyir ki, məqsəd tibbi xidmət yox, pul qazanmaq olduğundan, insanlar bəzən lazımsız əməliyyatlara məcbur edilir, xəstənin taleyi isə kommersiya maraqlarının kölgəsində qalır.
Müsahibədə diqqət çəkən ən mühüm məqamlardan biri də Tibb Universitetinin Tədris-Cərrahiyyə və Tədris-Terapevtik klinikaları ilə bağlı səslənən fikirlərdir. Onun sözlərinə görə, TƏBİB xəstə göndərmədiyi üçün bu klinikalar faktiki olaraq həm tibb xidməti, həm də elmi-tədris funksiyasını yerinə yetirə bilmir. Tələbələr, rezidentlər, gənc mütəxəssislər real təcrübə keçə bilmirlər, bu isə tibbimizə böyük zərbədir.
Buna baxmayaraq, professor Cəfərov xaricdə təhsilə müsbət yanaşmır. O bildirir ki, xüsusilə Türkiyədə təhsil alanların bir çoxuna daha çox pul qazanmaq yolları öyrədilir, elmi yanaşma və fundamental tibbi biliklər isə arxa planda qalır.
Müsahibənin sonunda həkim xəstəliklərin, xüsusilə xərçəngin artma səbəbləri barədə danışaraq, əsas səbəbin qidalanma və həyat tərzi olduğunu vurğulayır.
Professor Çərkəz Cəfərovla müsahibəmizin tam videosunu təqdim edirik: