Azərbaycan poeziyasında milli ruhu, türkçülük ideyası və fəlsəfi dərinliyi ilə seçilən Rüstəm Behrudinin yeni kitabı nəşr olunub.
Bakupost.az xəbər verir ki, şair bu barədə sosial şəbəkə hesabında qısa paylaşım edərib: “Söz dayanmış zaman formasıdır! Ona görə də mən sözlərimi əbədiyyətə hesabladım!”
Yeni kitab “Sənin gözlədiyin qərib türk mənəm” adlanır.
Behrudinin yaradıcılığında türkçülük ideyası və dərviş fəlsəfəsi əsas xətti təşkil edir.
O, “Yaddaşlara yazın”, “Salam, dar ağacı”, “Şaman duası”, “Yer üzü görüş yeridi”, “İblis mələkdən gözəldi”, “Din sevdim din üstünə”, “Bir dəli ayrılıq kimi” və digər şeir kitablarının, həmçinin “Göz yaşlarından baxan Allah” adlı fəlsəfi-publisistik əsərin müəllifidir.
Şairin “Şaman duası” kitabı türkdilli ölkələrdə geniş yayılıb, əsərlərindən seçmələr Türkiyə, İran, Avstriya, Almaniya, Belçika və digər ölkələrdə nəşr olunub. 1989-cu ildə yazdığı “Salam, dar ağacı” şeiri müstəqillik ərəfəsi Azərbaycan vətəndaşlıq poeziyasının proloqu kimi qiymətləndirilir.
Rüstəm Behrudinin yaradıcılığından nümunələr alman, polyak, fransız, ispan, rus və çex dillərinə tərcümə edilib.