Xəbər verdiyimiz kimi, Bakıda bəzi market və köşklərdə siqaret satışı məhdudlaşdırılıb. Supermarket kassirlərinə müştərilərə eyni növ siqaretdən bir qutu, israr edildiyi halda isə maksimum iki qutu satılması barədə tapşırıq verilib. Bu addımın şirkətlərin satışı dayandırması ilə bağlı olduğu bildirilir və problemin yanvarın 6-dək davam edəcəyi gözlənilir.
Qıtlıq səbəbindən paytaxtın bir sıra köşklərində siqaretlər vitrinlərdən yığışdırılıb, qiymətlər isə kəskin artıb. Belə ki, “Sobranie” markalı siqaretin qiyməti 4.80 manatdan 5.50 manata yüksəlib. Digər siqaretlərin qiymətində də 15–20 faiz artım qeydə alınıb. Satıcılar qiymətlərin daha da bahalaşacağını bildirirlər.
Mövzu ilə bağlı
Bakupost.az -a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda tütün məmulatlarının qiymətlərinin artması mütəmadi olaraq baş verir və bu, aksiz vergiləri və digər vergi dərəcələrinin artırılması ilə əlaqəlidir:
“Yəni maya dəyəri yüksəlir. Çünki vergilər artır, o zaman qiymət də yüksəlir. Bu elə bir haldır ki, sosial məsələ sayılmır, yəni qiymət artımı narazılığa səbəb olmur. Belə bir irad bildirildikdə rəsmi qurumlar deyirlər ki, siqareti tərgidin, sağlamlığa zərərdir, qiyməti də ona görə qaldırırıq ki, cibinizə ziyan dəysin və siqareti tərgidəsiniz. Ərzaq qiymətlərinin artımına irad bildirmək, müxtəlif sahələrdə vergi artımlarına etiraz etmək olur, amma siqaret və alkoqollu içkilərdə bu, mümkün deyil.
Burada yeganə problem odir ki, Azərbaycanda qiymətlər kəskin artdıqda və qonşu ölkələrdə qiymətlər ucuz olduqda qaçaqmalçılıq artır. Siqaretin qiyməti artdıqca qonşu ölkələrdən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretin həcmində artım olacaq”.
Lalə Novruz,
BakuPost