Ru
10:36 / 13 İyun 2026

Sosial şəbəkələr və multikultural subyektlər

Sosial şəbəkələr və multikultural subyektlər
Eye

Bu gün milli azlıqlar üçün sosial media təkcə ünsiyyət vasitəsi deyil, həm də mədəni irsin qorunması və kimliklərinin gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu imkanlardan səmərəli istifadə etmək üçün ilk növbədə multikultural subyektlər öz mədəniyyətlərinə və dəyərlərinə uyğun rəqəmsal məzmun yaratmalıdırlar. Qısa videolar, hekayələr, gündəlik həyat tərzi, etnoqrafik məqamlar, musiqi və folklor nümunələri izləyicilərdə canlı maraq oyadır.

Məsələn, rus icmasından Anastasiya Lavrinanın həm icma ilə bağlı, həm də ümumilikdə Azərbaycanın ictimai-siyasi və mədəni-humanitar həyatı ilə bağlı paylaşımları diqqət çəkir.

“Dodo” qəzetinin təsisçisi və baş redaktoru İradə Məlikovanın həm qəzetin, həm də şəxsi sosial şəbəkə hesabından etdiyi paylaşımlar talışların sosial-mədəni inkişafı ilə yanaşı, digər xalqlarla ünsiyyəti və Azərbaycandakı sabit etnomühiti tərənnüm edir.

Ləzgi icmasından Sədaqət Kərimovanın həm Azərbaycan, həm də ləzgi dilində paylaşımları izləyiciləri tərəfindən müsbət qarşılanır.

Hapıt icmasından İldırım Məsimovun (İsmayıllı, Mollaqasımlı kəndi) Facebook hesabında həm mənsub olduğu xalqın adı, həm də yaşadıqları kəndlə bağlı paylaşımlar şəbəkə istifadəçiləri tərəfindən maraqla izlənilir.

“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin rəsmi sosial şəbəkə hesabında və qurumun sədr müavini Emin Xanlarovun statusları Az ərbaycanda sabit etnomühiti və birgəyaşayışı özündə əks etdirir.

Bu kimi nümunələri kifayət qədər genişləndirə və sayını artıra da bilərik. Bu cür məzmunlar həm də rəsmi təqdimatdan daha çox səmimiyyət yaradır və azlığın kimliyini daha dolğun şəkildə ifadə edir. Sirr deyil ki, sosial şəbəkə istifadəçiləri məhz real həyat və insanlarla bağlı hekayələrə daha tez reaksiya verirlər.

Digər mühüm məsələ gənclərin sosial media bacarıqlarının artırılmasıdır. Əksər hallarda milli azlıqlardan olan gənclər texnologiyaya daha yaxın olsalar da, bu bacarıqlardan sistemli şəkildə istifadə etmirlər. Əgər istifadə etsələr, mənsub olduqları azlıqların həyatında fəallıqları artar və mədəni proseslərin birbaşa iştirakçısına çevrilərlər.

Sosial şəbəkələrdə rəsmi və qeyri-rəsmi hesabların yaradılması da mühüm faktorlardandır. Daha yaxşı olar ki, bu platformalar milli azlıqlara məxsus ictimai birliklər və mədəni mərkəzlər tərəfindən yaradılsın, paylaşımlar da dəqiqləşdirildikdən sonra ictimailəşdirilsin. Bu cür yanaşma məsuliyyət hissini də artırır, kim nə gəldi paylaşmır. Hazırda həmin mərkəzlər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Mədəniyyət Nazirliyi (folklor ansamblları, teatrlar və s.) ilə sıx təmasdadırlar. Hər iki dövlət qurumu onlara bu istiqamətdə texniki yardım da göstərə bilər. Hətta mərhələli formada bu prosesi Azərbaycanda yaşayan bütün milli azlıqlara məxsus ictimai birliklərdə və mədəni mərkəzlərdə həyata keçirmək mümkündür. Milli azlıqların kompakt yaşadığı rayonlarda icra hakimiyyətləri və bələdiyyələr də ölkədə sabit etnomühit naminə bu işin qulpundan yapışa bilərlər.

Əlbəttə, dövlət hazırda ölkədə yaşayan 20-dən çox milli azlıq, azsaylı xalq və etnik qrupun sayt və qəzetlərini maliyyələşdirmir (müstəqilliyin ilk illərində belə hallar olub). Hazırda bu problemin həlli maddi nöqteyi-nəzərdən mümkün deyil. Amma dövlət qurumları sosial platformalarda onların aktiv fəaliyyətinə ən azı texniki dəstək verə bilər.

Facebook, Instagram, YouTube və TikTok kimi platformalarda milli azlıqlara məxsus səhifələrin mövcudluğu məlumatların sistemli və müntəzəm paylaşılmasına şərait yarada bilər. Bu səhifələr milli azlıqların xəbərlərini, tədbirlərini, tarixi və mədəni materiallarını bir platformada toplamaqla yanaşı, kənar auditoriya üçün də etibarlı mənbə rolunu oynaya bilər. Məsələn, Samur Ləzgi Milli Mədəni Mərkəzi bu istiqamətdə maraqlı paylaşımlar edir. Sahənin tədqiqatçıları və milli azlıqlar mövzusunda yazan jurnalistlər də asanlıqla bu məlumatlardan istifadə edə bilərlər.

Fərdi səhifələrin yaradılması təhlükəli deyil, amma informasiya istehsalında, foto və videoların məzmununda qeyri-dəqiqlik yarada, xüsusən də tarix və maddi-mədəni irslə bağlı təqdimatlar subyektiv ola bilər. Hər paylaşımın arxasında təsdiqlənmiş mənbənin olması fərdi səhifə sahibləri üçün əlçatan olmaya bilər. Hər kənddən, qrupdan və ya ailədən bir neçə fəal şəxsin mütəmadi olaraq foto, video və məlumat ötürməsi sosial media səhifələrinin canlı qalmasını təmin etsə də, dəqiqlik baxımından problemlər yarada bilər.

Araşdırmalar zamanı qarşımıza çıxan maraqlı məqamlardan biri də məzmunların çoxdilli təqdimatıdır. Bu yanaşma milli azlıqların sosial mediada təsir dairəsini xeyli genişləndirir. Materialların həm ana dilində (deyək ki, ləzgi, talış), həm Azərbaycan dilində, həm də digər dillərdə (rus, ingilis, fransız) paylaşılması yerli auditoriya ilə yanaşı, beynəlxalq izləyicilərə də çıxış imkanı yaradır. Bu yanaşma onların mədəniyyətlərinin qlobal səviyyədə tanınmasına da şərait yaradır.

Milli azlıqlar mədəni dəyərlərini müasir trendlərlə birləşdirməklə sosial şəbəkələrdə daha çox diqqət çəkə bilərlər. Xalça naxışları (QHT-lərə Dövlət Dəstəyi Agentliyinin köməyi ilə tat icması ilə bağlı hazırladığımız qısa film YouTube, TikTok və Instagram-da viral olmuşdu), folklor motivləri (avarların musiqi səhifələri), yerli ləhcələr (televiziyalarımızda komediya aktyorlarının tez-tez müraciət etdiyi mövzu), ənənəvi geyim və fəaliyyətlər müasir vizual üslubda, qısa və dinamik formatda təqdim edildikdə (reels videoları) daha geniş auditoriyaya çatır. Belə yanaşma ənənə ilə müasirlik arasında körpü yaradır və mədəniyyəti yaşayan dəyər kimi göstərir.

Sosial şəbəkələr azsaylı xalqlar üçün sadəcə paylaşım platforması deyil, strateji alət olmalıdır. Düzgün planlama, gənclərin fəallığı, davamlı məzmun istehsalı və müasir yanaşma sayəsində bu alət mədəni irsin qorunmasına, tanıdılmasına və gələcək nəsillərə ötürülməsinə güclü töhfə verə bilər. Bu həm də dezinformasiyanın qarşısını alar, Azərbaycanda mövcud olan sabit etnomühitə və birgəyaşayışa müsbət təsir göstərər. Prosesin multikultural subyektlər tərəfindən idarə olunması isə qeyd olunan məsələlərə ayrıca dəyər qata bilər.

Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Lalə Zahidqızı

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar