ABŞ Konqresində açıqlanıb ki, IŞİD və “Əl-Qaidə” tərəfdarları süni intellektdən istifadə etmək üçün təlimlər keçirirlər.
Bakupost.az “Associated Press”ə istinadən xəbər verir ki, dünyada texnologiyadan faydalananlar artarkən, terrorçu qruplar da bu imkanları sınamağa başlayıb. Onların dəqiq planları haqqında məlumat olmasa da, süni intellektlə sınaqların intensivləşdiyi qeyd olunur.
Milli təhlükəsizlik ekspertləri xəbərdarlıq edir ki, süni intellekt yeni üzvlərin cəlbi, real görünüşlü “deepfake” videolar və kiber hücumlar üçün güclü alətə çevrilib. Keçən ay IŞİD tərəfdarı olan bir platformada üzvlərə fəaliyyətlərində süni intellektdən istifadə üçün çağırışı edilib, texnologiyanın asanlğı vurğulanıb.
İraq və Suriyada bir vaxtlar geniş ərazilərə nəzarət etmiş İŞİD-in sosial medianın gücünü erkən dərk etdiyi bildirilir. Mütəxəssislərə görə, bu səbəbdən təşkilat ChatGPT, Gemini, DeepSeek kimi vasitələri sınaqdan keçirir. Az imkanlı və dağınıq qruplar belə bu texnologiya ilə kütləvi saxta təbliğat yarada, təsir dairələrini genişləndirə bilirlər.
“SITE Intelligence Group”a görə, bu yaxınlarda IŞİD liderlərin səsini təqlid edən “deepfake” audioyazılar yaradılıb və mesajlarını bir çox dilə çevirmək üçün süni intellekt alətlərindən istifadə edilib. Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşı Markus Fauler bildirib ki, ucuz və güclü vasitələri ilə risklər daha da artacaq.
ABŞ konqresmenləri süni intellektdən terror və kiber cinayətlər üçün istifadəsinə qarşı dərhal tədbir görməyi tələb edir. Təklif olunan qanun layihəsi daxili təhlükəsizlik qurumlarının IŞİD və “Əl-Qaidə” kimi qrupların yaratdığı risklərini hər il qiymətləndirməsini nəzərdə tutur.
Cavid, BakuPost