Dubayda süni intellekt (Sİ) aşpaz tərəfindən idarə olunan dünyanın ilk restoranı açılıb.
Bakupost.az Yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.
Məlumata görə, restoranda yeməkləri minlərlə reseptlər və ləzzət birləşmələri üzrə təlim keçmiş “Aşpaz Ayman” adlı süni intellekt hazırlayır.
Nəşrin məlumatına görə, pilot layihə restoranın sahibi Ahmet Oytun Çakırın bir təcrübəsi ilə başlayıb. O, “ChatGPT”dən istifadə edərək, yeni yemək hazırlamağı qərara alıb. O, çatbotdan resept istəyib və neyron şəbəkəsi ədviyyatlı quzu ətini seçib.
“Bu, tamamilə heyrətamiz idi. Biz dərhal yeməyin şəklini çəkdik və menyuya qoyduq. Və qısa bir vaxtda bestseller oldu”, - deyə restoranın sahibi qeyd edib.
Onun sözlərinə görə, süni intellekt aşpaz reseptləri, inqrediyentləri əksər insanlardan daha yaxşı başa düşür.
“Aşpaz Ayman” “Vivid Studios” texnologiya şirkəti tərəfindən hazırlanmış “UMAI AI” modelinə əsaslanan avatardır. O, orta yaşlı kişi kimi görünür, gümüş eynək taxır və futuristik görünüşə malikdir. O, çoxsaylı reseptlər və qida məlumatlarından toplanan biliklərdən istifadə edərək mətbəxi idarə edir.
O, hətta real aşpazlar kimi müxtəlif əhval-ruhiyyələrdən keçmək üçün proqramlaşdırılıb. “Aşpaz Ayman”ın 12 min izləyicisi olan “Instagram” hesabı da var.
Restoran qastronomiyada süni intellektdən istifadə üçün eksperimental modeldir. “Aşbaz Ayman” müxtəlif inqrediyentləri və dad birləşmələrini birləşdirərək yeni reseptlər yaratmağa qadirdir. Bu yanaşma restoran sənayesinin inkişafına və yeməklərin hazırlanmasının gələcəyinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.