Ru
12:45 / 23 İyun 2020

Susuzluğun od vurub, köz kimi yandırdığı Neftçalanın səhəri...

7703

Fərman HÜSEYNOV

Bu səhəri də kornavirusun sərt hədələri, vahiməli dedi-qoduları ilə açdıq.

Bu səhər də üzümüzü şorlaşmış Kür suyu ilə yumağa, ağzımızı şor su ilə yaxalamağa məhkum edildik.


Bu səhər də Neftçalada min bir əziyyətlə ərəsəyə çatmış ağaclar, güllər-çiçəklər, minlərlə dolanışıqdan əziyyət çəkən sakinin yetişdirdiyi bostan məhsulları, əkin-biçini, heyvan-qarası Kürün bulanıq suyunu öyüyə-öyüyə içib məhvə, ölümə doğru bir addım da atdıqlarana şahidlik etdik.

Bu səhər yenə xəstəxanalarımız xəstələrin üzünə bağlı idi, həkimlər nə işlə məşğul olacaqları sualına cavab axtarırdılar. Üstəlik məlumat sızmışdı ki, Salyan xəstəxanası da karantinə bağlanacaq. Deməli, Neftçalanın xəstə sakinləri 100 km məsafə qət edib Salyana deyil, 200 km uzaqlıqdakı Şirvan şəhərinə gedəcəklər ki, bu da intihar deməkdi.

Bu səhər susuzluqdan dili-dodağı cadarlanmış Neftçala sakinləri şirin su həsrəti ilə küçələrə çıxdılar. 10 minlərlə insana cəmi 4-5 maşın su gətirilmişdi. Bu da insanlar arasında didişməyə, çəkişməyə, əlbəyaxa savaşa səbəb olurdu. Qəzəblənmiş şəxslərin təpik zərbəsi ilə aşan vedrələrdən axan suya kənardan itin, pişiyin, toyq-cücənin, mal-qaranın acgözlüklə cummasına tamaşa etmək milyardlar sahibi, neft ölkəsində doğrudan da dəhşətli təəsürat yaratmaya bilməz. Yəni doğrudanmı bu boyda, həm də varlı məmləkətdə hökumət 30-40 su maşını tapıb zillət çəkən Neftçalaya göndərə bilmir? Yəni doğrudanmı Salyandan Neftçalaya şirin su gətirməyə milyardlar sahibi ölkənin gücü çatmır? Yaxud, 20 günə su xətti çəkə bilmir? Bu sadəcə rəzalətdir, vəssalam. Bu insanların taleyinə biganəlikdir, vəssalam.

Bütün texnikanı tökün Salyana, dərhal nəhəng anbar qazsınlar. Onlar anbar qazanda su borularını böyük briqada ilə quraşdırın. Yetər ki, yazıq insanların halına acıyın, onların çəkdikləri əzabları duyun.

Təcili olaraq Neftçalada Xıdırlıda olduğu kimi şor suyu şirin suya çevirən qurğu quraşdırın. Ən azından bu su kənd təsərrüfatını xilas edər. Əhəmiyyətsiz iclaslara, tədbirlərə ayrılan milyonları yönəldin Kür çayının xilasına. Gəlin, əl-ələ verib, güclərimizi birləşdirib, insanlarımızı ölüm qorxusu ilə hədələyən bu problemləri həll edək.

Bu gün səhərdən-axşamacan, hər saat, hər dəqiqə millət vəkilimiz Sabir Rüstəmxanlı gah Milli Məclisdə, gah Prezident Administrasiyasında, eləcə də bütün nazirliklər qarşısında dayanmdan, yorulmadan sorğular verir, məsələlər qaldırır. Çalışır ki, hamının diqqəti Neftçalanı diz çökdürən bu problemlərin həllinə yönəlsin. Sabir müəllim işsizlərmizlə bağlı mən bilirəm, kimlərin qapısını döyür, xahiş edir. Düşdüyümüz durum ciddidir, hesab edirəm bunu həm yerli hakimiyyət, həm əhalimiz yaxşı dərk etməli, mərkəzi hakimiyyət Neftçalaya qarşı ögey münasibətə son qoymalıdır. Yoxsa nə uca Tanrı, nə də əhalimiz bizi bağışlayar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər