“Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı liderlərinin 12-ci zirvə görüşü bu gün dünyanın ən çox ehtiyac duyduğu bir mövzuya – sülh və təhlükəsizlik mövzusuna həsr olunub”.
Bu sözləri
Bakupost.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətini şərh edərkən bildirib.
Onun sözlərinə görə, hazırda beynəlxalq münasibətlər sistemində baş verən proseslər göstərir ki, dünyanın ən önəmli ehtiyacı sülh və təhlükəsizlik məsələsidir:
“Bu da beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb kataklizmlərlə bağlıdır. Köhnə nizam dağılır, dünyada güc balansı dəyişir, 21-ci əsrin yeni dünya nizami formalaşır və bu nizamın yeni güc balansları təyin edilir. Qürurverici hadisədir ki, Türk Dövlətləri Təşkilatı bu qədər mürəkkəb tarixi proseslər konteksində öz mövqeyini və rolunu müəyyənləşdirir, beynəlxalq təhlükəsizliyi təmin etmək gücündə olan bir təşkilatlanma ilə yeni tarixi mərhələyə qədəm qoyur. Mənə elə gəlir ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin iştirak etdiyi, təsir göstərdiyi və təyin etdiyi yeni dünya nizamı daha ədalətli olacaq, çünki biz türk xalqları olaraq nə birinci, nə də ikinci dünya müharibəsindən sonra formalaşan beynəlxalq münasibətlər sistemində təsiredici güc mərkəzinə çevrilə bilməmişdik. Hazırda türk dünyasının liderləri məhz bu tarixi boşluğu doldurmağa çalışırlar və çox böyük uğurlar əldə edirlər. Qəbələdə keçirilən zirvə görüşü də məhz tarixə bu notlarla düşəcək və türk xalqları üçün böyük gələcək vəd edəcək”.
Lalə Novruz,
BakuPost