Tehranda yerləşən “Böyük bazar” ticarət mərkəzində etiraz aksiyaları ikinci həftədə də davam edib. Yayılan videolarda polisin “Böyük bazar” yaxınlığında toplaşan insanların dağıdılması üçün gözyaşardıcı qazdan istifadə etdiyi, ətraf küçə və keçidlərin isə gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə bağlandığı görünür.
Bakupost.az xəbər verir ki, bu addım paytaxtda və bir neçə şəhərdə gecə boyu davam edən etirazlardan sonra atılıb. Aksiyalar zamanı avtomobil təkərləri yandırılıb, yollar bağlanıb və hakimiyyət əleyhinə şüarlar səsləndirilib. Məlumatlara görə, ölkə üzrə internetdə genişmiqyaslı kəsintilər də qeydə alınıb. Buna baxmayaraq, İran Təhsil Nazirliyi universitetlərə dərsləri onlayn formatda keçirməyə icazə verib. Fəallar bu qərarın təhlükəsizlik səbəbləri ilə bağlı olduğunu bildirirlər.
İnsan hüquqları təşkilatları etirazlar zamanı azı 16 nəfərin həlak olduğunu və yüzlərlə şəxsin saxlanıldığını bildirir. Rəsmi qurumlar isə 12 nəfərin öldüyünü açıqlayıb.
Digər tərəfdən, İsrailin baş naziri Benyamin Netanyahu İranın mühüm bir dönüş nöqtəsində olduğunu bəyan edib: “İran xalqının taleyini öz əllərinə alacağı bir ana çox yaxın olduğumuz ehtimalı yüksəkdir”.
Cavid, BakuPost