Ru
12:21 / 31 Oktyabr 2021

Torpaqlarımızı Vətən edən müharibə... - 30 il fəryadımıza oyanmayan dünya, bomba səslərinə niyə diksindi?

9564
“Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti bundan ibarətdir - biz həm doğma torpaqlarımızı işğalçılardan azad etdik, düşməni torpaqlarımızdan qovduq, həm də ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”

Prezident İlham Əliyev

Vətən Müharibəsinə qədər ərazi bütövlüyümüzün bərpa olunması Azərbaycan dövlətinin gündəliyində duran əsas məsələ idi. Buna nail olmaq üçün Prezident İlham Əliyev beynəlxalq müstəvidə ardıcıl, məqsədyönlü fəaliyyət həyata keçirir, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün vasitələrdən istifadə edirdi. Belə qətiyyətli siyasətin nəticəsində də münaqişənin həlli üçün əlverişli hüquqi zəmin formalaşmışdı.


2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən Müharibəsində Azərbaycan işğalçı Ermənistanla müqayisədə hər cəhətdən üstün olduğunu nümayiş etdirdi. Silahlı Qüvvələrimiz 44 günlük müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin döyüş əməliyyatları ilə bağlı verdiyi bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirərək işğalçı Ermənistanı tam kapitulyasiyaya məruz qoydu və beləliklə də, ölkəmizin ərazi bütövlüyü demək olar ki, təmin olundu.



Mövzu ilə bağlı Bakupost.az -a millət vəkili Naqif Həmzəyev bildirib ki, bu döyüşlər zamanı Azərbaycan ordusu sürətli hərbi taktikalar həyata keçirdi və hərb tarixinə yeniliklər gətirdi:


“Vətən Müharibəsində Azərbaycan hərb meydanında mübarizə aparsa da, düşmən əsl məkrli simasını göstərərək dinc sakinlərimizə qarşı cinayətlər törətdilər. Bunla da onlar yenidən öz məkrli, qərəzli simalarını bir daha nümayiş etdirdilər. Bir sözlə, təkrar hərbi cinayətlər törətdilər.

Döyüş bölgəsindən uzaq məsafədə yerləşən Gəncə, Mingəçevir, Naftalan, Tərtər, Bərdə, Goranboy rayon və şəhərlərimizə qarşı uzaqmənzilli raketlər atdılar və çoxlu sayda dinc sakinlərimiz şəhid oldu.

44 günlük Vətən Müharibəsinin gedişində baş verən hərbi cinayətləri canlı görmək üçün Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus rəhbərləri, hərbi ataşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin hadisə yerlərinə səfərləri təşkil edildi. Bu qəbildən səfərlər davam edir və ermənilərin törətdikləri hərbi cinayətlərin, terror aktlarının canlı izlənilməsi üçün şərait yaradılır. Azərbaycana qarşı törədilmiş, bu hərbi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində vacib addımdır”.

Millət vəkili vurğulayıb ki, məsələn, İtaliya nümayəndə heyətinin tərkibində olan millət vəkillərindən birinin Gəncədə ermənilər tərəfindən terror törədilmiş əraziyə səfərindən sonra etdiyi paylaşımı və o paylaşıma yazılan şərhlər, onu deməyə əsas verir ki, həqiqətən bu cür səfərlər ermənilərin iç üzünün tanıdılmasında çox müsbət rol oynayır”.

Millət vəkili qeyd edib ki, regionda uzunmüddətli sülhə nail olunsa belə, biz tariximizi unutmamalıyıq:

“Ermənilərin bizə qarşı törətdikləri hərbi cinayətləri və terror aktlarını daim dünyaya çatdırmağa çalışmalıyıq. Çünki 1-ci və 2-ci Qarabağ müharibəsində erməni faşistlərinin törətdikləri hərbi cinayətlər, terror aktları zamanı biz beynəlxalq qurumlar, təşkilatlar tərəfindən ciddi bir reaksiya görmədik. Onlar yenə ağzına su alaraq yerində oturdular”.

N.Həmzəyev əlavə edib ki, dünya bu vəhşiliklərə sussa da dövlətimiz lazımi addımları atır, terrordan ziyan görmüş insanlara hər cür himayədarlıq edir:

“Gəncə terroru zamanı şəhid olmuş, evləri dağıdılmış ailələrin yeni mənzillərlə təmin edilməsi məsələsi dövlət tərəfindən ən prioritet sahələrdən biridir.


Bu istiqamətdə işlərin böyük əksəriyyəti görülübdür. 86 ailə artıq mənzillə təmin edilib, 37 ailə üçün həyət evlərinin tikintisi davam etdirilir. Bununla yanaşı 4000-nə yaxın ev və ticarət obyektinə ziyanlar dəymişdir ki, onun da 3700-ə yaxınında təmir və bərpa işləri yekunlaşıb.

Eyni zamanda bilirsiniz ki, İkinci Dünya Müharibəsindən sonra Polşa və digər dövlətlər Almaniyaya qarşı təzminat davası açıblar. Buna hüquqi əsaslar da var. Düşünürəm ki, Azərbaycan tərəfi də bunu mütləq etməlidir”.

Millət vəkili vurğulayıb ki, Vətən Müharibəsi ərəfəsində cənab Prezident İlham Əliyevin beynəlxalq jurnalist, agentlik, televiziyalara verdiyi 30-a qədər müsahibəni xüsusilə qeyd etməliyik:


“Bu, birbaşa olaraq həqiqətlərin dünyaya çatdırılmasında çox mühüm rol oynadı. Hətta cənab Prezidentin Rusiyanın dövlət kanalına verdiyi müsahibədən sonra, rus ictimaiyyəti də, bu savaşa qarşı əhalinin böyük bir qisminin yanaşmasının dəyişdiyini gördük. Bilirsiniz ki, Ermənistan mediası və onların havadarları bu savaşda erməniləri yenidən məzlum bir tərəf kimi təqdim etmək və Azərbaycana qarşı hansısa təzyiqlərin olunmasına nail olmaq istəyirdilər. Amma cənab Prezidentin həm rus, həm də digər xarici kanallara verdiyi müsahibə və açıqlamalar bütün erməni havadarlarını susdurdu . Bununla da cənab Prezident bir daha bütün dünyaya Azərbaycanın həm hərbi, həm də informasiya cəbhəsində düşmənə layiqli cavab verdiyini göstərirdi.

44 günlük Vətən Müharibəsinin gedişində gənclərimizin böyük əksəriyyəti döyüş meydanında düşmənə layiqli cavab verirdisə, digər gənclərimiz də informasiya müharibəsində aktiv və fəal iştirak edirdilər. Gəncə terroru zamanı Gəncə haştaqının “Twitter”də 1-ci yerdə olmasına buna nümunədir.

Vətən Müharibəsindən sonra cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş torpaqlara səfər etmələri, ermənilərin törətdikləri dağıntıları canlı-canlı dünya ictimaiyyətinə göstərmələri və bu cür səfərlərin mütəmadi olaraq keçirilməsi erməni vandalizimin dünyaya çatdırılmasında çox önəmli addımdır”.


Azərbaycan ordusunun gücündən bəhs edən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov fərqli döyüş taktikasının, müasir texnologiyanın, yüksək vətənpərvərliyin nümayişi Azərbaycanı və Azərbaycan ordusunu dünyaya bir daha tanıtdı. Azərbaycan xalqının qüdrətini, ədalətsizliyə qarşı dözülməzliyini sübut etməklə, bir çox reallıqları ortaya qoydu:


“Azərbaycan ordusunun yüksək peşəkarlığı, hərbi manevrləri, çaşdırıcı döyüş taktikası sayəsində bir neçə gün ərzində ermənilərin “məğlubedilməz” ordusu, güclü və keçilməz hərbi istehkamları darmadağın edildi.

Azərbaycan ordusunun Türkiyə, İsrail və digər dövlətlərdən aldığı yüksək dəqiqliyə, effektiv təsiretmə gücünə malik silah və hərbi texnikalardan istifadəsi düşməni ciddi itkilərə məruz qoydu. Döyüşün gedişində Ermənistan və onun himayədarlarının gözləntilərinin əksinə olaraq hərbi idarəetmədə tam fərqli üslubun, strateji addımların atılması böyük üstünlüyün qazanılmasına səbəb oldu. Çox kiçik silahlardan istifadə etməklə Şuşa kimi şəhərin azad edilməsi isə müasir hərb tarixində ciddi iz buraxdı.

Azərbaycan ordusunun yüksək döyüş qabiliyyətinə, əsl vətənpərvərlik hisslərinə malik hərbçilərdən-könüllülərdən ibarət olmasından fərqli olaraq Ermənistan ordusunun legionerlərdən, terrorçu dəstələrdən ibarət olması müharibənin gedişində fərariliyin artmasına və döyüşdən imtina hallarının genişlənməsinə gətirib çıxardı”.


Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının ordunun və Ali Baş Komandanın ətrafında sıx birləşməsi, həmrəyliyi, maddi və mənəvi baxımdan hər cür dəstək verməyə hazır olmaları qələbənin qazanılmasında böyük rol oynayıb:

“Müharibə dövründə Ermənistan yenidən özünün terrorçu dövlət olmasını bir daha ortaya qoydu. Ordumuzun yalnız hərbi hədəfləri vurmasından sarsılan ermənilər rəzilliklərini Azərbaycanın dinc-mülki əhalisinə, uşaq və qocalarına qarşı terror aktları törətməklə göstərdilər. Beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozmaqla, insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş dağıdıcı raketlərdən, kasetli bomdalardan istifadə etməklə özlərinin məkrli kimliyini bir daha bəyan etdilər. Şəhərləri, kəndləri, dini və mədəniyyət abidələrini dağıtmaqla barbar olduqlarını etiraf etdilər”.


Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, havadarlarının dəstəyi ilə azğınlaşmış işğalçı Ermənistan bu dəstəkdən ruhlanaraq getdikcə daha çox azğınlaşırdı. 2020-ci ildə düşmənin azğınlığı o qədər həddini aşdı ki, artıq bu dözülməz hala gəldi:


“Cənab Prezident bu müddət ərzində Azərbaycan və beynəlxalq ictimaiyyətə də hər dəfə elan etmişdi ki,” bir ovuc torpağımız belə işğal altında qalmayaca”. Azərbaycan dövləti ötən illər ərzində hədsiz dərəcədə bütün sahələrdə güclənibdir. Buna misal olaraq deyim ki, Azərbaycan ordusu dünyanın 50 güclü ordusu arasında yer alıb. Azərbaycan beynəlxalq hüquq müstəvisində işğalçı Ermənistan üzərində də qələbə çalıb. Dünyada mövcud olan Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bütün beynəlxalq təşkilatlarda Ermənistan işğalçı kimi tanınıb və Azərbaycanın ərazi bütövlüyünə təcavüz olunduğu qeyd olunub.

BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistanın işğalçılıq siyasəti o qədər açıq şəkildə əks olunub ki, hətta qeyd-şərtsiz işğalçı ordunun işğal etdiyi torpaqdan insanların çıxarılması məsələsi qoyulub.

Lakin 2020-ci il sentyabrın 27-nə qədər bu beynəlxalq təşkilatlar sənəd qəbul etməkdən başqa heç bir addım atmayıblar. Qəbul etdikləri sənədlərin yerinə yetirilməsi ilə bağlı suallara cavab olaraq deyirdilər ki, bunun mexanizmi yoxdur.

2016-cı il aprel döyüşlərində müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu öz gücünü göstərdi. Dörd gün davam edən döyüşlərdə ordumuz 2000 hektardan artıq ərazini işğaldan azad etdi. Ondan sonra Naxçıvanda Günnut kəndinin işğaldan azad olunması da uğurlu əməliyyatlardan idi”.



Millət vəkili vurğulayıb ki, ötən il artıq təcavüzkar Ermənistan dövlətinin azğınlığının son həddi idi:

“Onlar artıq qırmızı xətti keçmişdi. Təbii ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu təcavüzkar dövlətə qarşı ordumuzun əks-hücum əməliyyatı keçirməsi əmrini verdi. Rəşadətli ordumuz bu əmri böyük ruh yüksəkliyi ilə qarşıladı. 44 davam edən Vətən müharibəsi qüdrətli ordumuzun möhtəşəm qələbəsilə başa çatdı. Bütün dünya Azərbaycan ordusunun, Azərbaycan dövlətinin gücünü bir daha gördü. İşğaldan azad olunan hər bir kəndin alınması əfsanəvi qəhrəmanlıq dastanına çevrilib.

30 il ərzində düşmən bütün ərazilərimizi minalamış, keçilməz istehkamlar, müdafiə sədləri qurmuşdular. Həmin ərazilərdə döyüşmək və doğru taktikalarla irəliləmək çox cəsurluq tələb edirdi ki, biz bu qəhrəmanlığı, cəsurluğu məhz Azərbaycan əsgərinin simasında gördük”.

Millət vəkili qeyd edib ki, “Azərbaycan əsgəri öldü var, döndü yoxdur!” şüarı ilə davamlı irəli gediblər:

“Azərbaycan xalqı tarixdə bu dərəcədə birlik nümayiş etdirməmişdi. Bu birliyin də səbəbi xalqın öz liderinə, ordusuna olan inamından irəli gəlirdi. Hər bir əsgər və zabit torpaqlarımızın azad olunması üçün şəhid olmağı özünə şərəf bilirdi. İşğaldan azad olunan torpaqlarımızın hər qarışı şəhid qanı ilə suvarılıb, qələbəmiz şəhid qanı ilə yazılıb. Gələcəkdə hər kəndin, hər rayonun alınması ilə bağlı dastanlar yazılacaq”.



Millət vəkili əlavə edib ki, işğaldan azad edilən ərazilərdə ən vəhşi tayfalar belə ermənilər qədər barbarlıq törətməzdilər:

“Demək olar ki, bütün yaşayış məskənləri məhv edilib. Əsrlər boyu Azərbaycan xalqının yaratdığı maddi-mənəvi irsimiz darmadağın edilib. Kəndlər, qəsəbələr yox dərəcəsində, məzarlıqlar isə alt-üst edilibdir. Yəni, bütün tarixi izləri yox etmək üçün bunu vəhşilikləri ediblər. Görün bu vandal ermənilər Allahın yaratdığı təbiətə, flora və faunaya qarşı da vandallıq törədiblər. Onların törətdikləri cinayətlər bununla bitmir. 20 faiz torpaqlarımızın bütün sərvətlərini məhv ediblər.

Ona görə də dövlətimiz, ordumuz savaş meydanında ermənilərin bütün vəhşiliklərinə son qoydu. 44 gündən sonra Ermənistan dövləti rəsmi olaraq məğlub olduğunu etiraf etdilər və kapituliyasiya aktını imzaladıılar. Bizim mübarizəmiz hüquq müstəvisində, informasiya müstəvisində hələ davam edəcək. Təcavüzkar Ermənistan dövlətinin Azərbaycan ərazisində törətdikləri bütün vəhşiliklər, cinayətlərlə bağlı beynəlxalq məhkəmələrə müraciət edəcəyik və onlara beynəlxalq hüquq cəzalar tətbiq olunmasını tələb edəcəyik”.

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq hazırlanması “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.

Fəridə Söhrabqızı
Baku Post


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər